Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) 1948-ci ildən, yəni yaranandan bəri dünyanın bir çox ölkələri ilə diplomatik əlaqələr qurmağa çalışıb.
Hazırda beynəlxalq aləmdən və geniş miqyasda iqtisadi tərəfdaşlıqdan məhrum olan bu ölkə bütün dünyanın diqqət mərkəzindədir. Nüvə potensialı, rəhbərliyin ölkəni hisslərlə idarə etməsi, daxildəki maraqlı və qeyri-adi qadağalar daim siyasi çevrələrin və medianın gündəmində olur.
Şimali Koreya ölkəsinin lideri Kim Çen In demək olar ki, mütəmadi şəkildə dünya mətbuatında tənqid hədəfinə düşür.
Məşhur yazıçı Corc Oruelin “1984” romanındakı diktator personajlar sanki bugünkü Şimali Koreya rəhbərliyinin prototipidir...
Bununla belə, totalitar rejimli ölkənin diplomatik-siyasi, iqtisadi əlaqələrinin həddindən artıq dar bir çərçivəyə sığdığını da demək olmaz.
Şimali Koreyanın Çin, Rusiya ilə əlaqələri genişdir. Şimali Koreya Çinin böyük ticarət partnyoru və müttəfiqidir. Qərbin sanksiyalarına məruz qalan Şimali Koreya Çinlə iqtisadi əməkdaşlıq sayəsində özünün ərzaq və enerji təminatını ödəyə bilir.
Bu ölkənin beynəlxalq və iqtisadi münasibətləri ayrıca geniş araşdırma tələb etdiyindən mövzu üzərində çox dayanmayacağıq.
Bizim üçün daha maraqlı olan isə Şimali Koreyanın Azərbaycanla hər hansı münasibətlərinin olub-olmamasıdır.
Modern.az saytının məlumatına görə, bu əlaqələr yalnız dolayı yolla diplomatik səciyyə daşıyır. Yəni birbaşa siyasi və diplomatik kanallar qarşılıqlı şəkildə kontakta girə bilmirlər.
Bəs bu dolayılıq nədən ibarətdir?
Belə ki, Şimali Koreyanın Özbəkistandakı səfirliyi eyni zamanda Azərbaycanla diplomatik əlaqələri kurasiya edir. Xarici İşlər Nazirliyinin (XİN) saytında isə səfirin kim olması barədə məlumat yoxdur.
Azərbaycanın Çindəki səfirliyi isə eyni zamanda Şimali Koreya və Monqolustanda akkreditə olunub. Qeyd edək ki, Azərbaycanın Pekindəki səfiri Lətif Qəndilovdur.
XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hcaıyev Modern.az saytına açıqlamasında deyib ki, rəsmi Bakı ilə rəsmi Pxenyanın əlaqələri yalnız adi diplomatik xarakterdədir.
Onun sözlərinə görə, bundan başqa hər hansı siyasi, iqtisadi münasibətlər mövcud deyil.
Aqşin KƏRİMOV