Azərbaycanda istehsal olunun kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı zamanı yaranan problemlər tam aradan qaldırılıb.
Bu barədə Modern.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bildirilib ki, son dövrlərdə azərbaycanlı fermerlər tərəfindən istehsal edilən və Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsulları bu ölkənin aidiyyatı qurumları tərəfindən müxtəlif arqumentlər irəli sürülərək geri qaytarılırdı.
Ya da müvafiq labarator yoxlamalar adı altında uzun müddət sərhəddə yubadılırdı.
Fermerlərin və sahibkarların problemlərini aradan qaldırmaq məqsədilə DGK rəhbərliyinin Rusiya Federal Gömrük Xidməti ilə apardığı müzakirələrdən sonra problem həllini tapıb.
“Belə ki, iyun ayının 8-də Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsulları, əsasən də pomidor yüklü 29 vaqon, 11 yük maşını, iyunun 9-da 31 vaqon, 12 yük maşını, iyunun 10-da isə 40 vaqon, 10 yükmaşını, ümumilikdə 100 vaqon və 33 yük maşını maneəsiz şəkildə Rusiya Federasiyasına yola salınıb.
Tərəflər arasında razılıq əldə edildikdən sonra Azərbaycan mənşəli kənd təsərrüfatı məhsullarının geri qaytarılması və ya sərhəddə yubadılması halları müşahidə olunmur”,-deyə məlumatda bildirilib.
Modern.az