Modern.az

Rusiyadan sonra Azərbaycan da Qareginə abidə qoyulmasını PİSLƏDİ

Rusiyadan sonra Azərbaycan da Qareginə abidə qoyulmasını PİSLƏDİ

Ölkə

11 İyun 2016, 15:47

 

“Njde Qaregin kimi faşistin adının əbədiləşdirilməsi Ermənistan rejiminin əsl mahiyyətini göstərir".

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev N.Qareginin Ermənistanın milli qəhrəmanı olması barədə Ermənistan parlamentinin vitse-spikerinə cavabında bildirib.

 

H.Hacıyev qeyd edib ki, alman faşist SS generalı N.Qaregin və "Dro" ləqəbi ilə tanınan Drastamat Kanayanın,  ASALA terrorçusu Monte Melkonyanın "milli qəhrəman" kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir:

 

"Njde Qaregin və Drastamat Kanayan 1918-20-ci illərdə tarixi Azərbaycan torpağı olan Zəngəzurda mülki əhaliyə qarşı törətdikləri qırğınları alman faşist ordusunun tərkibində xüsusi amansızlıqla II Dünya müharibəsində işğal olunmuş SSRİ ərazilərində yəhudilərə və digər millətlərə qarşı davam etdiriblər. 

 

Faşistlərin irqi ayrı-seçkilik, "Ari" irqi və antisemitizm ideologiyasina sahib çıxaraq, Njde Gareginin formaşdırdığı irqçi təmayüllü şovinist erməni milli məfkurəsi bu gün Ermənistanın hakim Respublika Partiyasının, Ermənistan hökumətinin ideoloji təmayülünü təşkil edir. Dəhşət doğuran hal odur ki, "Njdeizm" adı altında bu irqçi ideologiya Ermənistanda orta və ali məktəb proqramına daxil edilib və gənc nəsil bu ruhda tərbiyə edilir".

 

XİN rəsmisinin sözlərinə görə, Ermənistanın 28 may 2016-cı il tarixində ölkə rəhbərliyinin iştirakı ilə N.Qareginə Yerevanın mərkəzində böyük abidə qoyulması II Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş milyonlarla insana, onların yaxınlarına və veteranlara hörmətsizliyin ifrat nümunəsidir:

 

"Beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın bu əməllərinə düzgün qiymət verilməlidir. Nasizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə" adlı BMT Baş Assambleyasının A/RES/70/139 nömrəli, 17 dekabr 2015-ci il tarixli qətnaməsi və digər sənədləri əsas tutulmalıdır.

 

Xatırladaq ki, ötən gün Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə İrəvanda Qaregin Njdenin abidəsinin qoyulmasının Rusiya üçün anlaşılan olmadığını açıqlayıb.

 

Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə bildirib ki, Aleksandr Nevski, Alekandr Suvarov, marşal Kutuzov, Baqration qardaş rus xalqının milli qəhrəmanı olduğu kimi, Njde də erməni xalqının milli qəhrəmanıdır.

Hakim Respublikaçılar Partiyasından olan deputat Marqarita Yesayan isə M. Zaxarovanın açıqlamasına daha sərt reaksiya verib.

 

“İstənilən məmur tərəfindən verilən istənilən açıqlama qəbuledilməzdir. Qoy özlərinə, öz abidə və tarixlərinə baxsınlar. Öz tariximizin sahibi yalnız biz özümüzük”.

 

Aqşin KƏRİMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı