Modern.az

Fərhad Əliyev Əli İnsanovun yanında toya getməlidir...

Fərhad Əliyev Əli İnsanovun yanında toya getməlidir...

Ölkə

12 İyun 2016, 15:29

Oliqarxlar zirzəmi mühitində bir az daha elastikləşir. Özbaşına yaşam tərzi sürmələrinə baxmayaraq, dar məqamda həqiqi istəklərini ört-basdır etməyə çalışmırlar. Nə də olsa bir zamanlar “özündən yeyən” olmamaları oliqarx sinfinin xüsusiyyətidir axı!

 

Həftənin hesabatını təqdim edirəm.

 

Yola saldığımız həftə prezident İlham Əliyevin Almaniyaya səfəri gerçəkləşdi. Səfər zamanı dövlət başçısı Almaniya kansleri Angela Merkel ilə görüşərək Qarabağ məsələsini xüsusi qabardıb. Ermənistanın işğalçılıq siyasətini diqqətə çatdıraraq deyib ki, Ermənistan tarixi torpaqlarımızı sülh yolu ilə qaytarmasa müharibə qaçılmazdır.

 

Hə, bir də “MTN işi”ndə yeni detallar üzə çıxmaqda davam edir. Həftənin ən çox müzakirə edilən mövzusu müğənni Şəbnəm Tovuzlunun qadın alveri ittihamı ilə  “MTN nə aparılaraq orada saxlanılması oldu. Bu barədə həm çox yazıldı, həm də çox danışıldı. Bütün olanlara baxmayaraq müğənni xanım  həyatından çox məmnundur.

 

Bu arada, keçmiş falçı, ekstrasens olan İlham Mirzəyev də azadlığa çıxdı. Falçıya müraciət edənlər yəqin ki, bundan sonra İlham Mirzəyevə  də müraciət etməyi  unutmayacaqlar.

 

Əli İnsanovun siyasi cızma-qarası

 

Siyasi ab-havadan asılı olmayaraq həbsxana divarları arasından iqtidar-müxalifət düşərgəsinə “barmaq silkələmək” də hər məhbusun başı girə biləcək kol deyil. İrəliyə addımlamaq üçün kələ-kötür məsafə qət etməlisən. Geridə isə  itirilmiş ad-san, əldən gedən vəzifə, oturacağı olmayan kreslo var. Bu məqamda çətin ki, dost çevrəsi də gözə dəyə.

 

Sabiq səhiyyə naziri olmuş Əli İnsanov günlərini saymaqla məşğuldur. Bu arada, dəmir

barmaqlıqlar arasından çöldəki ətrafa iddialı mesaj sızdırmağı da unutmayıb. Nəzərə alsaq ki, 4 aydan sonra sabiq nazir azadlığa qovuşacaq.

 

Üstəlik, bu azadlıq siyasi mühitə baş vurmaq üçün heç də keçərli görünmür. Siyasətin qapısı Əli İnsanovun üzünə 11 il bundan əvvəl bağlanıb.  Həmçinin, siyasətdə “at oynatmaq” istəyi də  tarixi dövrünü başa vurmaq üzrədir. Vücud yaşı da 70-i haqlayıb. Di gəl ki, türmə həyatı ilə vidalaşmağa az qalmış sabiq nazir 4 aydan sonra hakimiyyətə qarşı barışmaz və qəti mövqe tutacağını, öz təbirincə desək, qanunsuz həbsə görə onlardan hesab soracağını bəyan edib.

 

Eks- nazirin bu bəyanatları kütləvi işdən çıxarılmalara səbəb olmayacaq. Nazir postunda qərarlaşanda Əli İnsanovun hədəfə aldığı dairələr açıq-aşkar bəlli idi. İndi isə sabiq nazirin səsləndirdiyi bəyanatlar bir vaxtlar hədəfə aldığı dairələrin gülüş predmetinə çevrilməkdədir.

 

Üstəlik, 4 aydan sonra azadlığa qovuşacaq olan sabiq nazir üçün müxalifət düşərgəsində xüsusi “çadır”  qurulması üçün hazırlıq işləri getmir. Müxalifət cəbhəsində “saç ağardan” ağsaqqallar çox gözəl bilir ki, “əski düşmən çevrilib  dost ola bilməz”.

 

Sabiq nazirin 11 illik türmə həyatına göz gəzdirəndə həm kinli, həm də soyuqqanlı olduğunu görmək olar. Əgər səhvini etiraf etməkdə acizlik göstərib  əfv olunması üçün barmağını tərpətməyə həvəsli olmayıbsa, “dəmir” iradənin arxasında gizli siyasi planın ssenarisi çoxdan yazılmış görünür. 

 

2005-ci ilin “məzunları” sırasında Əli İnsanovla yanaşı sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev olsa da sonuncu 2007-ci ildə həbs edilib. Amma  2013-cü ildə əfv olunaraq cəzasını yarıda başa vurub. Sözümün canı odur ki, sabiq iqtisadi inkişaf nazirinin yaşı az da olsa siyasi iddiaları sabiq səhiyyə nazirinin siyasi iddialarının yanında bir növ  toya, bayrama getməli görünür.

 

Bir məqam da var ki, sanki sabiq nazir həbsxana divarları arasında istədiyi adamla kəllə-kəlləyə gəlməyi bacarır. İstədiyi vaxt hakimiyyətə “gücünü” göstərməyə çalışır.

 

Hətta, bir neçə il bundan öncə haqqında ölüm xəbərləri dolaşmasına baxmayaraq “narahat olmasınlar, sağ-salamatam” deməklə  sağlıq durumunun əla olmasına işarə də etmişdi. 

Adətən, həbsxana divarları arasında hər məhbusun işi deyil ki, ruhunu, ürəyini cavan, sağlam saxlaya bilsin.

 

Sabiq deputat Gülər Əhmədova, hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar canlı nümunədir. Sadaladıqlarım həbsxana mühitində sağlamlıqları ilə bağlı həm də çox ciddi problemlər yaşamışdılar. 

 

Amma Əli İnsanov fərqlidir.  Demək, sağlıq durumu tam qaydasındadır ki, siyasi mübarizəyə qatılması üçün divarın içi, ya da çölündə olmasının fərqi yoxdur.

 

Bəs bu məsələdə tərəfdaşlıq meyarları hansı səviyyədədir?! Düzdür, Əli İnsanovun həddən ziyadə yerlipərəst obrazı ilə yuxarı və aşağı dairələrə yaxşı tanışdır. Tez-tez “arxamda 500 minlik ermənistanlı var” deməklə  özünü bir növ hansısa “məscidin axundu” kimi göstərməyə çalışır.

 

Əli İnsanov unudur ki, hər dəqiqənin bir hökmü var. 11 illik zaman kəsiyində hər şey dəyişib. Müxalifət düşərgəsində belə, mitinqlər keçiriləndə artıq “adam əlindən iynə atsan, yerə düşmür” deyimi xatırlanmır.

 

Bir tərəfdən anlamaq olar ki, həbsxana həyatında məhbusların gözü həmişə qapıda olur. Bəlkə də sabaha ən çox ümid bəsləyən də məhbuslardır. İndi sabiq nazir vəzifəsini, ad-sanını, kreslosunu, bir sözlə, hər şeyini itirsə də ümidini itirməyib. Görünür,o,  hələ də Qərbi azərbaycanlıların onu nazir postuna gətirəcəyinə ümid edir. Qaranlıq mühitdə ən çox parıldayan ümidlərdir. İşıqlı həyatda isə reallığı görmək və qəbul etmək lazımdır. Bu qədər!

 

Namidə BİNGÖL

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı