İranın Azərbaycandakı səfiri Möhsün Pakayin dünən Azərbaycan Milli Məclisində bir neçə deputatın İran haqqında səsləndirdiyi ittihamlara münasibət bildirib.
Modern.az-ın verdiyi xəbərə görə, İran səfiri azərbaycanlı deputatların İran haqqqında səsləndirdiyi dünənki fikirləri iki dost və qardaş ölkələr arasında əlaqələrin inkişafına yardım etmədiyini bildirib.
Möhsün Pakayin Tehran və Bakı arasında mövcud olan bugünkü müsbət əlaqələrin heç bir zaman mövcud olmadığına diqqət çəkib:
“Ermənistan xarici işlər nazirinin Tehrana səfəri İran İslam Respublikasının qonşu dövlətlərlə siyasi əlaqələrin tənzimlənməsi çərçivəsində həyata keçib və bu səfər heç bir ölkənin əleyhinə olmayıb”.
Möhsün Pakayin bəzi media qurumların president Həsən Ruhaninin yaxın zamanlarda İrəvana səfəri ilə bağlı yaydığı xəbərlərin əslində güman əsasında olduğunu söyləyib:
“İran İslam Respublikasının prezidentinin səfər proqramı və həmin səfərlərin dəqiq tarixi milli mənafe çərçivəsində həyata keçir. Təbii ki, hər səfərdən öncə bununla bağlı İran İslam Respublikası Prezident Administrasiyası tərəfindən lazım olan məlumatlar verilir”.
O, iki ölkə arasında münasibətlərin genişlənmə şərtinin ölkə rəhbərlərinin siyasi iradəsindən asılı olduğunu diqqət mərkəzinə çəkib:
“Son 3 il ərzində İran və Azərbaycan prezidentlərinin 6 dəfə görüşməsi iki ölkə rəhbərinin ölkələr arasında münasibətlərin inkişafı üçün siyasi iradəyə malik olduğunu göstərir. İki ölkə prezidentinin bu müddət ərzində bir-biri ilə bu qədər görüşməsi və iki ölkə arasında imzalanmış sənədlər İranın qonşu dövlətləri arasında bənzərsizdir”.
Möhsün Pakayin Tehran və Bakı arasında mövcud olan münasibətlərin bu tərzdə müsbətə doğru inkişafının səbəbini Həsən Ruhani administrasiyasının qonşu dövlətlərlə münasibətin inkişafı və xarici siyasətdə ədalət prinsipinə xüsusi təkid göstərməsi nəticəsində baş verdiyini bildirib:
“Bu siyasətin icrasında iki tərəf iqtisad, ticarət, tranzit, əkinçilik, sənaye, turizm və enerji sahələrində yaxşı uğurlar əldə etmişlər. İki ölkənin Şimal-Cənub dəhlizinin təkmilləşdirilməsi ilə bağlı əldə etdikləri razılıq bu uğurun simvolu sayılır. İki ölkə arasında qarşılıqlı olaraq viza rejiminin aradan qaldırılması turizm sahəsinin genişlənməsinə və iqtisadi mübadilənin həcminin artmasına xidmət göstərəcək və hər iki ölkə bu əməkdaşlıqların faydalarından bəhrələnə biləcəklər”.
Səfir ikitərəfli və çoxtərəfli münasibətlərin genişlənməsinin zəruri olduğunu deyib.
“Gələcəkdə də İranın yüksək səviyyəli dövlət məmurlarının Bakıya səfəri və xüsusilə də Bakıda keçiriləcək iclasda İran, Rusiya və Azərbaycan prezidentlərinin görüşünün şahidi olacağıq.
Gələcəkdə bizim Azərbaycan Respublikası ilə əlaqələrimiz bir qonşu, dost və tərəfdaş ölkə olaraq əvvəlki illərdən daha yüksək səviyyədə genişlənəcək. İki ölkənin rəhbərləri özlərini ölkələrimiz arasında mövcud olan münasibətləri bədxahlardan qorumağa borclu bilirlər”-deyə Möhsün Pakayin bildirib.
Xatırladaq ki, iyunun 14-də Milli Məclisin növbədənkənar iclasında çıxış edən bəzi deputatlar İranı işğalçı Ermənistana yardım göstərməkdə ittiham etmiş, prezident Həsən Ruhaninin İrəvana gözlənilən səfərini tənqid etmişdilər.
Ağa Akifoğlu