Modern.az

Binəqədidəki yanğınla bağlı məhkəmə keçirilib

 Binəqədidəki yanğınla bağlı məhkəmə keçirilib

Ölkə

17 İyun 2016, 13:51

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il Binəqədi rayonundakı yaşayış binasında baş vermiş yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Modern.az-ın məlumatına görə, prosesdə hazırlıq iclası keçirilib və təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

Təqsirləndirilən şəxslərin vəkilləri bəzi sübutların iş materiallarından xaric edilməsi, cinayət işinə xitam verilməsi, həbsdə olan şəxslər barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlər veriblər.

 

Hakim vəsatətləri təmin etməyib və növbəti proses iyunun 28-ə təyin olunub.

 

İttihama görə, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

 

Hadisə ilə bağlı "Global Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

 

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı