Bakı İstintaq Təcridxanasında saxlanılan Qiyas İbrahimovla anasının görüşünə icazə verilməyib. Bu haqda Modern.az saytına Q.İbrahimovun hüquqlarını müdafiə edən Elçin Sadıqov məlumat verib.
“Bu gün Qiyas İbrahimovun anası Bakı İstintaq Təcridxanasında saxlanılan oğlu Qiyas İbrahimovla görüşmək üçün ora gedib. Ancaq ona oğlu ilə görüşməyə icazə verilməyib”.
Vəkil bildirib ki, anaya oğlu ilə görüş verilməməsi tamamilə qanunsuzdur:
“Ona görə ki, qanunvericiliyin tələbinə görə həbsdə saxlanılan şəxs ən azı həftədə bir dəfə qohumları ilə görüşmək hüququna malikdir”.
Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Nəsimi RPİ 22-ci PB və Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb”.
NİDA hərəkatı hesab edir ki, gənclər Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentini yazdıqlarına görə saxlanıblar.
Gülşən RAUFQIZI