Fransanın Nitsa şəhərində terror hadisəsi törədilib. Ölənlərin sayı 84-ə çatıb. Bir müddət öncə İstanbulda da terror hadisəsi törədilib. Son zamanlarda biri-birinin ardınca baş verən terror hadisələri adi hala çevrilməkdədir. Artıq insanların rahat və sakit şəkildə dünyanın hansısa ölkəsində yaşamaq arzuları öləziyir.
Politoloq Zərdüşt Əlizadə Modern.az-a açıqlamasında deyib ki, hər bir insanın təhlükəsiz həyatda yaşamaq istəyi onun təməl hüququdur.
“İnsanın əsas təməl hüququ onun təhlükəsizliyidir. Uşaq körpə olanda anasının qucağına qaçıb sığınır. İnsan öz evində, elində əmin-amanlıq şəraitində yaşamaq istəyir. Hər bir insan istəyir ki, yaşadığı kənddə, rayonda şəhərdə, ölkədə əmin-amanlıq, qanunun aliliyi olsun. Ədalətsizlik, təhlükə olmasın. Terror hadisələri insanların könül rahatlığını pozur. Bu cür hallar insanlar üçün diskomfortdur”.
Zərdüşt Əlizadə deyib ki, hər terror hadisəsindən sonra insanların düşüncəsi dəyişir.
“Terror hadisələri baş verdikcə insanlar bir az daha qəddarlaşır. İnsanlıq sıradan çıxır. İnsanların biri-birinə olan qayğısı, diqqəti zəifləyir. Bu zaman terrorun miqyası daha da dərinləşməyə başlayır. Eyni zamanda, insanlar siyasi fəaliyyətlərində sərt tədbirlər görən siyasi xadimlərə üstünlük verməyə çalışırlar. Bu cür hallar həm də o cür siyasətçiləri dəstəkləməyə sövq edir”.
Namidə BİNGÖL