Son illər Azərbaycanda cəmiyyət içinə çıxıb söz deyən insanlar arasında “novatorluq “ etmək fikrinə düşənlərin sayı deyəsən yavaş-yavaş artır. Təbii ki, sürətli zamanda və informasiya bolluğu olan bir dönəmdə yaşadığımıza görə üzə düşən insanların cəmiyyətin daha da inkişaf etdirilərək irəli aparılması üçün yeni fikirlər söyləməsi müsbət hal olardı. Amma gəlin görək ,bizdəki “novatorların” fikirləri cəmiyyət üçün xeyirlidirmi? Əfsuslar ki deyil ...
Azərbaycanın müstəqilliyinin 20 ildönümü ərəfəsində hörmətli millət vəkili Elmira Axundovanın 18 oktyabr tarixinin vaxtının dəyişdirilməsi, digər millət vəkili Etibar Hüseynovun isə keçmiş Azərbaycan SSR-in himnin bərpa edilməsi ilə bağlı arzularını dilə gətirməsi buna nümunədi. Ola bilər ki, bu təklifləri səsləndirən millət vəkillərinin ürəklərində belə bir şəxsi arzuları olsun. Amma bu da nəzərə alınmalıdır ki, millət vəkili kimi xalqın adından danışmaq hüqüqünun olması heç də millət vəkilinin şəxsi arzuları və ya hər hansı quruluşa simpatiyasını ortaya qoymaq haqqı vermir.
Doğrusu, mənə qəribə gələn odur ki, bu gün müstəqil Azərbaycan parlamentində oturub, millət vəkili statusu ilə cəmiyyətdə söz demək haqqı alan hörmətli millət vəkillərimizin tarixi dəyişdirmək istəkləri nədən qaynaqlanır?. Keşmiş SSRİ-nin rus əsarəti kimə gərəkdir? Ruslar deyilmi bizi zaman-zaman “Gülüstan”la, “Türkmənçay”la, fars şovinizmi ilə parçalayıb, erməni adlı insan cildində insanlığa sığışmayan qaniçənlərlə qətlə yetirib, soyqırım etdirən?
Jurnalistika sahəsindən gedib millət vəkilliyinə çıxan hörmətli həmkarlarımız millətimizin başına sovetlər tərəfindən gətirilənləri unutdularmı?
Bildiyim odur ki, bir vaxtlar Azərbaycanda gedən proseslərdə jurnalist kimi aktiv iştirak edın hörmətli Elmira Axundova Azərbaycanın Müstəqillik Aktının niyə avqust ayında deyil, 18 oktyabrda qəbul edilə bildiyinin səbəbini çoxlarından gözəl bilir. Ən azından həmin dönəm onun jurnalist yaddaşında öz izini buraxmamış deyil. Əfsuslar olsun ki, hörmətli millət vəkili özü bu proseslərin az-çox iştirakçısı ola-ola Azərbaycanın yaxın tarixinə düzəliş etmək istəyir. Yeni təklif verir. “18 oktyabr tarixi dəyişdirilsin...”
Azərbaycan xalqı uzun illərdi tarixinin saxtalaşdırılmasından əziyyət çəkir Elmira xanım!
Tariximizin saxtalaşdırılaraq dəyişdirilməsi səbəbindəndir ki, bir zamanlar ərazisi 1 milyon kvadratmetrə çatan Azərbaycan ərazisi kiçildilə-kiçildilə bu günə gəlib çıxıb. Biz bu gün də öz torpaqlarımızın tam sahibi ola bilmirik. 20 % torpağımız işğal altındadır. Elə tariximizin saxtalaşdırılması və müəyyən zamanlarda başımıza ağalıq edən qeyri-millətlərin istəkləri səbəbindəndir ki, ermənilər bu gün dünyada “Qarabağ tarixən bizim torpaqlarımız olub”- həyasızlığınıdavam etdirirlər. Azərbaycanın müstəqillik tarixi və o tarixin hər səhifəsi bu günkü müstəqil Azərbaycan dövlətinin vətəndaşları üçün qiymətlidir.
Azərbaycanın himninin dəyişdirilməsinə gəlincə isə xatırlatmaq istəyirəm ki, neçə illər əvvəl də bu fikri ortaya atanlar olmuşdu. O zaman hətta bəzi şairlər himnin sözlərinin kimin yazacağı üstüdə dair əl-ayağa da düşmüşdülər. O zaman prezident qrupunda təmsil olunan jurnalistlərin sualına mərhum dövlət başçısı Heydər Əliyevin bircə cümləlik “Bizim himnimizə nə olub ki, dəyişdirilsin?” cavabı nöqtə qoymuşdu.
Odur ki, hörmətli millət vəkilləri Azərbaycan tarixində hansısa xoş əməl və ya qalmaq niyyətindədirlərsə, cəmiyyətə və dövlətimizə xeyirgətirə biləcək təkliflər versinlər. Tarix yazdığını kimsə dəyişdirə bilməz. Çünki tarix öz tarixliyində qalır. Bütün tarixi proseslər və tarixi şəxsiyyətləri ilə birlikdə.