Sabirabad rayonunun Sarxanbəyli kəndində təxminən bir il əvvəl uçan körpünün yerində hələ də yeni tikili inşa edilməyib.
Modern.az xəbər verir ki, vaxtilə bir neçə yaşayış məntəqəsi arasında əlaqəni təmin edən körpünün dağılması sakinlərin gediş-gəlişində ciddi problemlər yaradıb.
Sakinlərin sözlərinə görə, ötən ilin sonlarında körpü uçduqdan sonra yenisinin tikiləcəyi və alternativ yolun salınacağı vəd edilib. Lakin xeyli vaxt keçməsinə baxmayaraq, bu istiqamətdə hər hansı iş görülməyib.
Nəticədə sakinlər İkinci Küryanı kollektorun digər tərəfinə keçmək üçün kilometrlərlə əlavə yol qət etməli olurlar.
Körpünün olmaması kənd təsərrüfatı ilə məşğul olan sakinlər üçün də çətinlik yaradır. Belə ki, onların əkin sahələrinin böyük hissəsi kollektorun digər tərəfində yerləşir. Alternativ yolun olmaması səbəbindən təsərrüfat işlərini vaxtında həyata keçirmək də çətinləşib.
Xezerxeber.az mövzu ilə bağlı videomaterial hazırlayıb.