Modern.az

Əli Hüseynli: “Norveçin bu addımı yolverilməzdir və münasibətlərə zərər gətirən amildir”

Əli Hüseynli: “Norveçin bu addımı yolverilməzdir və münasibətlərə zərər gətirən amildir”

Ölkə

21 Oktyabr 2011, 14:01

Jurnalist Eynulla Fətullayevin rəhbəri olduğu İnsan Hüquqları Uğrunda İctimai Birliyi ilə Norveçin Xarici İşlər Nazirliyi arasında saziş bağlanması və layihə çərçivəsində Azərbaycanda “siyasi məhbusların” müəyyən edilməsi üçün maliyyə ayrılması mətbuatda diskussiyalara səbəb olub.

Modern.az məsələyə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin münasibətini öyrənib.

Deputat bilidirb ki, Azərbaycan azad və demokratik ölkədir və burada insanlar birləşmək azadlığı, fikir azadlığının ifadəsi kimi hüquqlarından səmərəli şəkildə istifadə edirlər:
“Bir çox beynəlxalq təşkilatlar hökumətlə və Qeyri-Hökumət Təşkilatları ilə layihələr həyata  keçirirlər. Amma Norveç hökumətinin Azərbaycanda hansısa bir təşkilata maliyyə ayırması və özü də uydurma siyasi məhbus məsələsini yenidən gündəmə gətirməsi cəhdini ölkəmizin daxili işlərinə müdaxilə etmək kimi dəyərləndirirəm”.

Ə.Hüseyinli bildirib ki, əgər Norveç Xarici İşlər Nazirliyi Avropa Şurası ilə birgə layihə həyata keçirib Avropada siyasi məhbuslarla bağlı araşdırma aparsaydı, bu təbii və məntiqli görünərdi: “Çünki Avropa Şurasının Hüquq komitəsinin sonuncu iclasında siyasi məhbus mövzusunun gələcəkdə məhz bu çərçivədə araşdırılması qənaətinə gəlinmişdir. Digər tərəfdən, Norveç hökumətinin Xarici İşlər Nazirliyi qismində birbaşa hansısa təşkilata maliyyə dəstəyi bizim qeyri-hökumət təşkilatları haqqında mövcud qanunvericiliyimizə ziddir.

Bu məsələnin digər tərəfi də var. Xatırlayırsınızsa, bu ilin iyul ayında Norveçin Utoya adasında yerləşən gənclik düşərgəsində terror aktı törədildi və onlarla insan tələf oldu. Bu terror aktına görə Anders Breyvik indi həbsdədir. Azərbaycanda da vaxtilə törədilmiş terror aktlarına görə məhkum olunmuşlar və azadlığa buraxılanlar da var. Onların bəzilərinin guya siyasi əqidəsinə görə həbs edildikləri iddia olunurdu. İndi müqayisə edək. Breyvikin Avropada müstəqillik Bəyannaməsi adlı müraciətindən məlum olur ki, o qatı antitürk və antiislamçıdır. O, Qərbi Avropanın guya müsəlmanlar tərəfindən işğalının qarşısını almaq istəyir və buna nail olmaq üçün kütləvi qətl törədib ictimaiyyətin diqqətini cəlb etmək qərarına gəlir. Yəni o, öz baxışlarını terror yolu ilə ifadə edib. Norveç televiziyasının yaydığı məlumata əsasən ikili terror aktı törətməkdə ittiham olunan Anders Breyvik əməlləri ilə cəmiyyəti dəyişmək niyyətində olduğunu söyləmişdir. Breyvikin vəkilinin sözlərinə görə, “O, cəmiyyətdə dəyişikliklər etmək istəyirdi”. Bilirsiniz, əgər biz Avropanın bəzi mərkəzlərin “siyasi məhbus” məsələsindəki meyarlarını, onların özlərinə münasibətdə tətbiq etsək, çox xoşagəlməz situasiya yarana bilər. Bir daha vurğulamaq istəyirəm ki, Norveçin məhz dövlət orqanı qismində bu cür layihələrin maliyyələşdirilməsi yolverilməzdir və bizim ikitrəfli münasibətlərimizə zərər gətirən amildir”.

Modern.az      

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı