Azərbaycan Təhsil Nazirliyi peşə-ixtisas təhsili müəssisələrində ixtisas fənləri üzrə müəllim və istehsalat təlimi ustası vakant yerlərinin tutulması ilə bağlı ilk müsabiqəyə 50 yaxın sənəd təqdim olunub. Bu barədə Modern.az saytına Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov məlumat verib. Onun sözlərinə görə, işə qəbul üçün imtahanların gələn həftə keçiriləcəyi ehtimal olunur.
Eyni zamanda N.Məmmədov bildirib ki, müsabiqədə iştirak etmək istəyən namizədlərinin bir necəsinin təqdim etdiyi sənətdə çatışmazlıqlar var, dəqiqləşmələr aparılır.
Qeyd edək ki, peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbuluna oktyabrın 3-dən başlanılıb. Sənəd qəbulunun oktyabrın 14-də yekunlaşması nəzərdə tutulsa da, sənəd verənlərin azlığı ilə əlaqədar müsabiqənin müddəti 1 həftə uzadılmışdı. Beləliklə müsabiqədə iştirak etmək istəyən namizədlərin sənəd qəbulu oktyabrın 21-də başa çatıb.
Ümumilikdə isə müsabiqəyə 46 xüsusi fənn müəllimi, 58 istehsalat təlimi ustası üzrə vakant yer çıxarılıb.
Sədaqət SÜLEYMANOVA