
"Eurovision-2012" Mahnı Müsabiqəsinin milli seçim turuna oktybrın 15-dən başlayan sənəd qəbulu başa çatıb. İctimai Televiziyanın İctimaiyyətlə əlaqələr və internet şöbəsinin rəhbəri Tahir Məmmədov Modern.az saytına bildirib ki, milli seçimlərə 119 nəfər sənəd verib.
Onun sözlərinə görə, sənəd verənlər arasında Azərbaycan vətəndaşları ilə yanaşı, xarici ölkə vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar da var. Bu ilki seçimlərə xarici ölkə vətəndaşlarının da marağının yüksək olduğnu deyən T.Məmmədov bildirib ki, müraciət edənlərdən 10-dək gənc ötənilki milli seçim turunda da iştirak edib. Bunlardan Azad Şabanov, Adil Baxışlı, Habil Əhmədov, Altun Zeynalov və digərlərini misal göstərmək olar.
T.Məmmədov bildirib ki, yaxın günlərdə kastinqlərə-ilkin secimlərə başlanılacaq. Bundan sonra isə mili secim turunun mərhələlərinə start veriləcək. Seçim mərhələlərində peşəkar münsiflər heyəti ilə yanaşı, tamaşaçıların rəyi də eyni dərəcədə nəzərə alınacaq.
Qeyd edək ki, milli seçimlərdə yaşı 16-dan yuxarı olan, öz istedadına və peşəkarlığına güvənənlər sənəd verə bilərdi. Eyni zamanda müsabiqə iştirakçıları gözəl səsi, rəqsetmə bacarığı və səhnə mədəniyyəti ilə fərqlənməlidirlər.
Sədaqət Süleymanova