
Noyabrın 15-dən ölkədə qış rejimi tətbiq olunacaq. Ancaq havaların indidən soyuması qışın lap qapının ağzında olduğunu göstərir. Bu qış Azərbaycanda istilik təchizatı necə olacaq. Yəqin ki, bu, hər birimizi bu sualın cavabı maraqlandırır.
Modern.az məsələ ilə bağlı “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə müraciət edib
Qurumun Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev Modern.az-a açıqlamasında bildirib ki, “Azəristiliktəchizat”da qışa hazırlıq yekunlaşmaq üzrədir: “Hər il olduğu kimi, bu il də yeni qazanxanalar tikilib. Mövcüd qazanxanaların yeniləşməsi, qazanxanaların qaz təchiztı ilə bağlı tədbirlərin görülməsi, məktəblərin, uşaq bağçalarının, sosial obyektlərin binadaxili istilik sistemi, yaşayış binaların aşağı paylanma istilik sistemi bərpa olunub, magistral məhəlli istilik xətləri çəkilib. İşlənməsi nəzərdə tutulan bütün qazanxanalarda iş başa çatdırılıb. Əvvəlki illərdə istismara buraxılan qazanxanalarda təmir işləri aparılaraq hazır vəziyyətə gətirilib, nasoslar, elektrik mühərrikləri təmir olunub. Qazanlar, istilik mübadilə aparatları mexaniki kimyəvi üsulla təmizlənib, elektrik avadanlıqları dəyişdirilərək sazlanıb. Bü gün bütün qazanxanalarımız qışa hazır vəziyyətdədir. Hazırda əvvəlki illərdə istilik alan binaların hamısının xətləri yoxlanılaraq sınaqdan keçirilir.
“Azəristiliktəchizat” bir dəfə mövsüm başa çatanda həmin boruları sınaqdan keçirir, bir dəfə də mövsümün bitməsinə az bir müddət qalanda baxış olur. Sınaq zamanı atmosfer təziqini çoxaldırıq harada patlayış olursa, bilirik ki, qışda bu, problem yaradacaq. Ona görə onu qabaqcadan təmir edirik”.
Rafiq Əliyev bu il respublikada 17 yeni istilik mənbəyin yaradıldığını bildirib. Ümumilikdə isə 358 qazanxana, 125 istilik məntəqəsi respublika üzrə fəaliyyət göstərəcək. Bakı şəhərində “Azəristiliktəchizat”a qoşulmuş 2380 yaşayış binası istilik sistemi ilə təmin olunacaq.
Bundan əlavə “Azəristiliktəchizat”ın mənbəyinə qoşulmuş məktəblər, uşaq bağcaları, səhiyyə obyektləri istiliklə təmin olunacaq.
“Bu il 17 ədəd yeni istilik mənbəyi yaratmışıq. Müşfiqabad qəsəbəsində iki yeni qazanxana tikmişik. Bu qəsəbə 20 ilə yaxın idi ki, istilik üzü görmürdü. Bu ildən orada bütün binalar istilik alacaq. Ələt qəsəbəsində yeni 19 bina istiliklə təmin ediləcək. Sumqayıtda müəyyən işlər görülüb. Bunların icində sosial obyektlər də var, xəstəxanalar, məktəblər, uşaq bağçaları da”.
Rafiq Əliyev deyir ki, “Azəristiliktəchizat”ın tarifləri aşağıdır, 1 kub metr istilik üçün 5 qəpik ödənilir. Ona görə, borclu abunəçilər yoxdur.
“Borcla bağlı problemimiz yoxdur. Əsas odur ki, istilik keyfiyyətli olsun”.
R.Əliyevin sözlərinə görə, “Azəristiliktəchizat” yaradılanda Bakıda cəmi 30 minə yaxın mənzil istilik alırmış, indi bu say xeyli çoxdur:
“Keçən il bizdə 102 min 500 mənzil istilik alıb. Bu il o rəqəmin 125 minə çatmağını gözləyirik. Uzun müddət idi ki, sakinlər istilik məsələsinə etibarını itirmişdilər, hətta təmir zamanı istilik borularını kəsib atmışdılar. Bu il 156 binanın aşağı paylama sistemini bərpa etmişik. Hər il 20-25 min mənzil artır.
Binaya qədər boru bizim tərəfimizdən çəkilir. Binanın aşağı paylamasını əslində bina mülkiyyətçisi etməlidir, amma Mənzil İstismar sahələrindən bizə vəsait ayrıldı, ona görə müəyyən hissəsini investisiya proqramına salıb həll edirik. Bu günə kimi təxminən 1000-ə yaxın binanın aşağı paylama istilik xəttini biz bərpa etmişik. O ki qaldı mənzildaxili xətlərə, onu sakinlər etməlidir. Bu həm Mülki Məcələdə, həm də təzə Mənzil Məcələsində göstərilib”.
Mail Ağaxanov