
İslam dinində Qurban bayramı ən möhtəşəm bayramlardan biridir. Bütün müsəlmanlar hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayaraq adətən üç gün bayram keçirilir. Qurban bayramında qoyun, qoç, inək, dana və ya dəvə kəsilməlidi.
Hər il Qurban bayramı ərəfəsində Bakı şəhərinə rayonlardan satılmaq üçün xeyli sayda xırda və iribiynizlu heyvan gətirilir. Bu il bayram noyabrın 6-7-nə təsadüf edib. Bir neçə gündən sonra şəhərə qurbanlıq heyvanların gətirilməsi müşahidə olunacaq. Bəs görəsən rayonlardan gətirilən heyvanların kəsilməsi və satışı üçün xüsusi yerlər ayrılıbmı? Qayda-qanunu pozanları hansı cəzalar gözləyir?
Modern.az Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırovla əlaqə saxlayıb.
Əliabbas Bağırov bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti qurbanlıq heyvanların kəsilməsi üçün yerlərin ayrılmasını Ticarət və Xidmət departamentinə tapşırıb.
“Biz də öz ənənəmizə sadiq qalaraq, həmin yerləri təşkil edəcəyik. Bu yerlər artıq müəyyən olunub. Şəhərdə mövcüd sallaqxanalar var, onların hamısında qurban bayramında ət kəsimi həyata keçiriləcək. Kimin qurbanlıq heyvanı olsa, gətirib həmin o sallaqxanalarda kəsib apara bilər. Uzaq ərazilərdə yerləşən vətəndaşlar üçün də qəsəbələrdə, kəndlərdə sallaqxanalar nəzərdə tutulub. Qurban kəsimi dədə-baba qaydası ilə necə həyata keçirilibsə, o cür də olacaq. Şəhərdə antisanitariya, səliqə-səhmansızlıq yaranmasın deyə, qurbanlıq heyvanların sallaqxanalardan kənarda kəsilməsinin qarşısı alınacaq”.
Ə.Bağırov deyib ki, sallaqxanalar şəhərin müxtəlif yerlərində - 8-ci kilometr, Keşlə, NZS qəsəbələrində, Yasamalda və digər rayonlarda çoxdur.
“Biz əvvəlki illərdə Qurban bayramı ərəfəsində natəmizliklərlə üzləşdiyimiz üçün bu dəfə hamını sallaqxanalara yönəldəcəyik”.
Departament rəsmisi bidirib ki, Bakı şəhərində diri heyvanların satışı üçün xüsusi yerlərin ayrılması çətinləşib.
“Əvvəllər Semaşko xəstəxanasının arxasında, köhnə “Papanin” küçəsində çox böyük heyvan bazarı var idi. Həmin bazarda Qurban bayram ərəfəsində heyvanların satışı həyata keçirilirdi. Amma o bazar yığışdırılıb. Ona görə şəhərdə elə böyük yer yoxdu ki, orada heyvanların satışını təşkil edək. Qismət olsa, gələcəkdə heyvanların satışı üçün yerlərin ayrılması xüsusi olaraq təşkil olunacaq”.
Əliabbas Bağırov onu da bildirib ki, sahibkarlar heyvanların satışı üçün yerlər ayırlması xahişi ilə müraciətlər ediblər. Amma bu il yerlərin ayrılması planlaşdırılmır.
“Bununla bağlı departament tərəfindən gələcəkdə müvafiq işlər aparılacaq. Qurban bayramı dədə-babadan qalma çox müqəddəs adətlərdən biridi, bunun yalnız yaxşı təşkili barədə fikirləşirik”.
Müsahibimiz deyib ki, departament belə bir bayramda qanun pozuntusuna yol verənlərlə sərt rəftarın tərəfdarı deyil.
“İstəmirik ki, bu müqəddəs bayram ərəfəsində hansısa hər hansı bir vətəndaşı cərməliyək. Bu həm də etik normalarada uyğun deyil. Başqa vaxt qanun pozuntusuna yol verənlər cərimələnir, onlara cərimə sanksiyaları tətbiq edilir. Qurban bayramında kimisə cərimələmək Allaha da xoş getməz. Ona görə, ət kəsimi və diri heyvan satışı ilə məşğul olanlar da özləri qayda-qanunlara riayət etməlidirlər”.
Mail Ağaxanov