Modern.az

DİN Əvəz Zeynallının yaxınlarının işdən çıxarılma səbəbini açıqladı

DİN Əvəz Zeynallının yaxınlarının işdən çıxarılma səbəbini açıqladı

Ölkə

2 Noyabr 2011, 18:52


“Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının qardaşı Rauf Zeynalov və dayısı oğlu Rəşad Zeynalov uzun müddətdir xidmət etdikləri polis orqanlarından xaric ediliblər. Ölkə mətbuatının məlumatına görə, Əvəz Zeynallının yaxınlarının işdən çıxarılması onun jurnalistlik fəaliyəti ilə bağlıdır.  

Modern.az məsələyə Daxili İşlər Nazirliyindən münasibət öyrənməyə çalışıb. Nazirliyin mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov Modern.az saytına açıqlamasında bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsində iki nəfər polis əməkdaşının - Rauf Zeynalov və Rəşad Zeynalovun Daxili İşlər Orqanlarından kənarlaşdırılmasının Əvəz Zeynallının həbs olunması ilə heç bir əlaqəsi yoxdur.

“Daxili İşlər Orqanlarının vətəndaşlarla daim ünsiyyətdə olan xidmət sahələri var. Yol Patrul Xidməti və Post Patrul Xidməti belə sahələrdəndir. Məhz belə xidmət sahəsində olanlardan nümunəvi və əhali ilə etik qaydalar çərçivəsində davranış tələb olunur. Gəncə Şəhər Baş Polis İdarəsinin rəhbərinin əmri ilə oktyabrın 21 və 25-də Rauf Zeynalov və Rəşad Zeynalov tutduqları vəzifədən kənarlaşdırılıblar. Onların konkret olaraq xidməti fəaliyyətinə məsuliyyətsiz yanaşmaları ilə bağlı bu addım atılıb”.

E.Zahidov deyib ki, Gəncə şəhər sakini olan sürücü ərizə müraciət edərək Rauf Zeybalovdan şikayətci olub. Sürücü bildirib ki, o yol hərəkəti qaydalarını pozmadığı halda R.Zeynalov onu saxlayıb və onunla qeyri-etik davranıb. Yol hərəkətini pozmadığı halda R.Zeynalov məcburi şəkildə onu sənədləşdirib.

Vətəndaşın müraciətinin araşdırıldığı deyən E.Zahidovun sözlərinə görə, araşdırma nəticəsində məlum olub ki, sürücü haqlıdır.
“Rauf Zeynalov etik davranış kodeksini pozduğuna, vətəndaşla nəzakətsiz davrandığına görə tutduğu vəzifədən uzaqlaşdırıb”.

E.Zahidov ayın 25-də Post Patrul Xidmətinin əməkdaşı Rəşad Zeynalovun vəzifəsindən uzaqlaşdırılmasının səbəbini də açıqlayıb. DİN rəsmisinin sözlərinə görə, R.Zeynalovun işdən çıxarılmasına səbəb xidməti maşını icazə almadan xidmət sahəsindən uzaqlaşdırması olub.

“Rəşad Zeynalov heç kimə xəbər vermədən Post Patrul Xidmətinə məxsus maşını evinə aparıb, həyətinə salıb, özü də yıxılıb yatıb. Uzun axtarışdan sonra faktın üstü açılıb, əvvəlcədən də Rəşad Zeynalovun xəbərdarlığı olub, vəzifəsinə məsuliyyətsiz yanaşdığına görə, daxili işlər orqanlarından uzaqlaşdırıb”.

Rauf Zeynalovun 11 il, Rəşad Zeynalovun isə 6 il Daxili İşlər Nazirliyi sıralarında xidmət etdiyi və bu müddətdə Rauf Zeynalov polis idarəsi rəhbərliyi tərəfindən 23 dəfə mükafatlandırıldığı deyilir.

Oktyabrın 28-də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsininin əməkdaşları tərəfindən saxlanılan Ə.Zeynallı barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb.
Ə.Zeynallı deputat Gülər Əhmədovanın şikayəti əsasında tutulub. Baş prokurorluq bəyan edib ki, baş redaktor deputat barəsində şəxsi və işgüzar nüfuzuna xələl gətirən məlumatların olduğunu, həmin materialların qəzet səhifələrində çap olunacağını bildirməklə ona hədə-qorxu tətbiq edib, bu materialların qəzet səhifələrində çapının dayandırılması müqabilində, yəni səlahiyyətlərinin icrası ilə əlaqədar edilən hərəkətə görə ondan özü üçün birbaşa, maddi nemət olan külli miqdar təşkil edən 10 min manat pulu rüşvət kimi istəyib.

Sədaqət SÜLEYMANOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı