Modern.az

Rafiq Əliyev, şər və sairə haqqında…

Rafiq Əliyev, şər və sairə haqqında…

Ölkə

10 Noyabr 2011, 17:26

Qəzetlərdən oxudum ki, tanınmış alim və barmaqla göstərilə biləcək az sayda əsl ziyalılarımızdan biri olan Rafiq Əliyevi Azərbaycan Dövlət Neft Akademiyasındakı vəzifəsindən çıxarıblar. Və qəzetlər belə ehtimal edir ki, Rafiq bəy ziyalıların son səs-küylü toplantısındakı əsas roluna görə bu cür cəzalandırılıb. Bu fikri paylaşıram və Rafiq bəyi işdən çıxaran zehniyyəti də şiddətlə qınayıram. Üstəlik onu da ifadə etmək istəyirəm ki, dünyada millətimizi ən yüksək səviyyədə təmsil edə biləcək Rafiq Əliyev kimi bir şəxsiyyəti işdən çıxaran zehniyyətin sahibi heç onun əlinə su tökməyə belə layiq olan birisi deyil. Bəlkə də ifadəm ağır oldu, ancaq nə edəsən? Belələri üçün ən nəzakətli ifadə bundan artıq ola bilməz!

Əvəz Zeynallını şərləyərək həbsə atıblar! Məhz şərləyərək! Bu qurğunu quranlar utanıb yerə girmirlərmi? Bu qədərmi alçaldınız? Bu qədərmi cılızlaşdınız? Şərləyərək ər tutmağın nə demək olduğunu heç olmasa əski dastanlarımızdan oxumadınızmı?! Oxumadınızsa, oxumanızı tövsiyə edərdim.

İsrail İrana daha açıq şəkildə xox gəlməyə başlayıb. Deyir ki, bu ölkəylə danışmaq üçün bütün diplomatik vasitələr tükənib. İndi İranın təpəsinə bomba yağdırmaq lazımdır. Qarışmazdıq bu işə. Ancaq anlaşılan odur ki, qarışmalı olacağıq. Ona görə də Güney Azərbaycandakı soydaşlarımızla bərabər Azərbaycan Respublikası da ehtimal edilən savaşla bağlı hazırlıqlarını görməlidir. İran viran olacaqsa, cəhənnəmə. Ayrıntılara girmədən demək istərdim ki, bizim dərdimiz Güney Azərbaycandır.

Bir erməni general bəyan edib ki, Azərbaycanın bütün kəşfiyyat sirləri haqqında bilgilərə sahibdirlər. Başın üçün sənin! Azərbaycan o qədərmi əfəl ölkədir ki, acından yuxudan günorta duran ermənilər onun ordusunun hər sirrinə bələd olsunlar? Bu allahın bədbəxtləri hələ də anlamaq istəmirlər ki, qarşılarındakı bir vaxtların qarğaşalı Azərbaycanı deyil, nizami ordusu, bütün tənqidlərə rəğmən düzənli dövləti olan bir dövlətdir. Hələ onu də nəzərə almaq istəmirlər ki, bu dövlətin təkcə hərbi xərclər üçün ayırdığı vəsait Ermənistanın ümumi dövlət büdcəsindən daha artıqdır. Anlamırlar, anlamazlar. Çünki bu ermənilər də Əvəz Zeynallını şərləyərək həbsə atdıranlarla eyni təfəkkürə sahibdirlər…

Rüstəm Məmmədov adlı keçmiş məmur, hazırda isə Bakı Dövlət Universitetində kafedra müdiri olan bir professor noyabrın 9-da İTV-nin “Yeni gün” proqramında bayrağımızla bağlı ağzına gələni (adətən bu cür ifadələri işlətmirəm – A.H.) danışırdı. Şəxsən özüm gördüm və dinlədim. Bu adamı bir mütəxəssis, ziyalı olaraq bayraq günümüzlə bağlı efirə dəvət edibmişlər. O da eləmə tənbəllik, başladı, nə başladı. Əvvəl bayraqdakı qırmızı rəngin açıqlamasını verdi və dedi ki, bu, bizim xalqın azadlığa olan sevgisinin təzahürüdür. Bir az şaşırdım, ancaq bənd olmadım. Düşündüm ki, adam fikrini tam ifadə etmək üçün uzaqdan gəlir. Həm də ona görə şaşırdım ki, bayrağımız göy rənglə başladığı halda, bu professor öncə qırmızıdan danışdı. Sonra da yaşıla keçdi və dedi ki, bu da islam dinini simgələyir. Bunu düz dedi.

Düşünürdüm ki, Rüstəm Məmmədov göy rənglə bağlı daha geniş danışmaq istədiyi üçün onu sona saxlayıb. Bir az da sevincək olmuşdum hətta. Ancaq, heyhat. Bu professor olacaq adam ağzını açdı ki, ondan açmasaydı yaxşı idi. Dedi ki, göy rəng bizim Rusiya kimi bir dövlətlə qonşu olmağımızla bağlıdır! Xeyli təəccübləndim. Bir az sonra isə iddia etdi ki, bu rəng həm də Azərbaycanın dəniz dövləti olması ilə bağlıdır! Heyrət! Mən də oturub gözləyirdim ki, göy rəngin Türklüyümüzü simgələdiyini, həm də necə simgələdiyini izah etmək fikri var! Ancaq olmadı! İndi mən professor olmasam da bu adama qısa və aydın şəkildə izah etməliyəm ki, Azərbaycan bayrağının üç rəngi üç ülkünü – Türkləşmək, Çağdaşlaşmaq və İslamlaşmağı simgələyir! Bayrağımızın bu rənglərinin fikir babası Əli bəy Hüseynzadə, onun bayraq kimi bir daha enməmək üçün yüksəldəni isə Məhəmməd Əmin Rəsulzadədir!

Professorun bu yanıldıcı fikirlərinə o qədər əsəbiləşdim ki, Facebook divarıma dərhal bir qeyd yazdım. Ancaq təəssüflə qeyd edim ki, həmin qeyddə bir balaca yanlışa yol vermişdim ki, onunla bağlı burada da sevimli oxucularımdan üzr istəyirəm. Yanlış da bundan ibarət idi ki, Rüstəm Məmmədovu Prezident Administrasiyasının şöbə müdiri kimi qələmə vermişdim. Doğru olansa budur ki, adı keçən şəxs bir zamanlar PA-da sadəcə sektor müdiri olub və şəxsən mənim xəbərim olmayan bir zamanda və şəraitdə oradan işdən çıx(arıl)ıb.

Və bir də çox sayğı duyduğum əski millət vəkillərindən olan Gültəkin Hacıbəyli ilə bağlı bir məsələ diqqətimi çəkdi. Qəzetlərdən biri iddia etdi ki, bu xanım ziyalıların toplantısında xalqı inqilaba çağırıb. Gültəkin xanım da açıqlama yayaraq belə bir fikir səsləndirmədiyini iddia etdi. Ardından həmin qəzet bu dəfə video görüntü yayaraq Gültəkin xanımın boynuna qoymaq istədi ki, o, inqilaba çağırış edib. Mən də eləmədim tənbəllik, həmin videoya diqqətlə baxdım. Bəlli oldu ki, Gültəkin xanım heç bir inqilabi çağırış etməyib. İndi bu qəzetdəki həmkarlarıma demək istərdim ki, yorulmadınız qaşınmayan yerdən qan çıxarmaqdan? Əl çəkin də bu mənasız və əsassız davranışlarınızdan!

Söz Gültəkin xanımdan düşmüşkən, onun Rafiq Əliyevə həsr edilmiş “Sözsüz” başlıqlı yazısını da oxudum. Çox bəyəndim. Əsl ziyalı, əsl vətəndaş mövqeyi buna deyərlər! Şəxsən imzamı qoyardım bu yazının altına! Və bir də həmin yazıya İnternet saytlarından birində yazılan bəzi şərhlərin müəlliflərinə demək istərdim ki, ədalətli olun, Gültəkin Hacıbəyli həm deputat olduğu zamanlarda, həm də ondan sonra hər zaman öz doğru mövqeyi ilə seçilib. Bunu mən Milli Məclisi və ölkədəki ictimai-siyasi fəalları yaxından izləyən birisi kimi deyirəm. Mərdi qova-qova namərd etməzlər axı…

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı