Modern.az

Qəbələ RLS-lə bağlı Avropa Məhkəməsinə şikayət hazırlanır

Qəbələ RLS-lə bağlı Avropa Məhkəməsinə şikayət hazırlanır

Ölkə

10 Noyabr 2011, 17:27

Qəbələ Radiolakasiya Stansiyasının ətraf mühitə real təsirini ifadə edən sənədlərin gizli tutulması Avropa İnsan Haqları Məhkəməsinin baxış predmeti olacaq. Çünki, əlaqəli qurumlar həmin bilgiləri açıqlamaqdan imtina ediblər, şikayətlərə baxan yerli məhkəmələr də elə həmin qurumların xeyrinə qərar çıxarıblar.

Bu barədə Modern.az saytına Media Hüququ İnstitutundan (MHİ) məlumat verilib.

İnstitutun “Məhkəmə çəkişmələriylə hökumətin hesabatlılığını inkişaf etdirmək” təşəbbüsü çərçivəsində jurnalistlərin və sivil toplum quruluşlarının qatılımı ilə aparılır. Bu iş ”Azadlıq” qəzetinin redaktoru Rövşən Hacəbəyli ilə birlikdə aparılıb. 

Məlumatda bildirilir ki, Qəbələ stansiyasının təsiri hər zaman toplumu narahat edən mövzu olub. Hətta bəzən stansiyanın ətraf bölgədə yaşayanları çox ciddi radiasiyaya məruz qoyduğu da yazılıb, danışılıb. MHİ-nin təşəbbüsünün məqsədi diqqəti ətraf mühitlə bağlı bilgilərin açıqlığına yönəltmək və belə bilgilərin açıq tutulub-tutulmadığını araşdırmaq olub.

Qəbələ Radiolakasiya Stansiyasının ətraf mühitə təsirini öyrənmək məqsədilə hələ 2003-cü ildə Dövlət Komissiyası yaradılıb, həmin Komissiyanın sədri səhiyyə naziri olub. Komissiyanın işi, araşdırmaları, hesabatları barədə topluma yetərli bilgi verilməyib. Səhiyyə Nazirliyindən bilgi sorğusu vasitəsilə həmin komissiyanın fəaliyyət göstərib-göstərmədiyi, Qəbələ RLS-nin ətraf mühitə təsirini araşdıran digər qurumlar haqqında bilgilər, habelə stansiyanın təsiri ifadə olunan sənədlərin surətlərinin verilməsi istənilib. Səhiyyə Nazirliyi sorğuya cavabında deyib ki, “Nazirlik RLS-nin ətraf mühitə təsiri barədə hesabat hazırlayıb və Nazirlər Kabinetinə göndərib. Hesabat artıq göndərildiyindən onun mətni nazirlikdə yoxdur.”

Səhiyyə Nazirliyi sorğunu təmin etməkdən yayındığından Nəsimi rayon məhkəməsinə müraciət olunub. Məhkəmə işini MHİ-nin hüquqçusu Fariz Namazlı aparıb. Hüquqçu deyir ki, məhkəmədən SN-nin üzərinə sorğunu cavablandırmaq vəzifəsi qoyan qərar verməsini xahiş ediblər. Nəsimi Məhkəməsi SN-də hesabatın olmaması əsasını gətirərək şikayəti təmin etməyib. F.Namazlı isə deyir ki, komissiyanın sədri Səhiyyə naziri olub və hesabatın bir nüsxəsi mütləq bu qurumda qalmalı və ya hər kəsin tanış ola biləcəyi bir yerə qoyulmalı idi. Sonradan Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. Hazırda iş üzrə Avropa Məhkəməsinə şikayət hazırlanır. Şikayəti hazırlayan hüquqçular hesab edir ki, istənilən bilgilərin verilməməsi, ölkə məhkəmələrinin də buna haqq qazandırması ilə sorğu verənlərin Avropa Konvensiyasında təsbit olunmuş fik­ri ifa­də et­mək (maddə 10) və əda­lət­li məh­kə­mə araş­dır­ma­sı (maddə 6) hü­qu­q və azadlıqlarına müdaxilə edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı