Ziyalıların bir-birlərinə yönəlik ittihamları qızışır. BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, akademik Fikrət Əliyev akademik Cəlal Allahverdiyevlə professor Cəmil Həsənlinin ünvanına bəzi ittihamlarla çıxış edib. F.Əliyevin adından Modern.az saytına daxil olan yazını olduğu kimi dərc edirik:
Həqiqət naminə...
ADNA-nın keçmiş kafedra müdiri, AMEA-nın müxbir üzvü R.Əliyev haqqında öz obyektiv münasibətimizi bildirdikdən sonra bu müraciətin müəlliflərinə, xüsusilə də mənə qarşı mətbuatda, əsasən də müxalifət mətbuatında sağlam olmayan kampaniya aparılmağa başlanmışdır. Təəssüflər olsun ki, bu işə respublikada bəzi elm adamları da qatılmışdır. Buna akad. Cəlal Allahverdiyevin və prof. Cəmil Həsənlinin çıxışlarını qeyd etmək olar. Öz çıxışlarında onlar mənim elmi nailiyyətlərimə kölgə salmağa cəhd etmişlər. Bu düzgün olmayan fikirlərə öz münasibətimi bildirmək və onu geniş ictimaiyyətə çatdırmaq istəyirəm.
Elmi ictimaiyyətə yaxşı məlumdur ki, elmi məhsulların və elmi işçilərin fəaliyyətinin qiymətləndirilməsi üçün onların elmi işlərinə olan istinadların köməyilə müxtəlif beynəlxalq meyarlar mövcuddur. Bu haqda həm-müəllifi olduğum “Azərbaycanda elmin problemləri və inkişaf perspektivləri” kitabında geniş məlumat verilmişdir. Belə qiymətləndirmə ən mükəmməl şəkildə Tomson Röyters Agentliyinin Elmi İnformasiya İnstitutunun (İSİ) Web of Knowledge saytında verilir. Bundan başqa elmi nəşrlərin və alimlərin fəaliyyətlərinin qiymətləndirilməsi ilə Scholar Google kimi elmi-informasiya bazası da məşğul olur. Qiymətləndirmə üçün başqa bazalar olmasına baxmayaraq bu iki baza elmi ictimaiyyət tərəfindən birqiymətli qəbul olunur və onların obyektivliyi heç kimdə şübhə doğurmur. Akad. Cəlal Allahverdiyev və prof. Cəmil Həsənlinin bu çıxışlarından sonra mən yuxarıda qeyd olunan elmi-informasiya bazaları tərəfindən həm mənim, həm də bu iki alimin necə qiymətləndirilməsi ilə tanış oldum. Araşdırmaların nəticəsində aşağıdakı cədvəli tərtib etdim.
| Google Scolar-da istinadların sayı | SCİ Thomson Reyters-də istinadların sayı | SCİ Thomson Reyters-də məqalələrin sayı | |
| Akad.Cəlal Allahverdiyev | 31 | 12 | 8 |
| Prof. Cəmil Həsənli | 0 | 0 | 0 |
| Akad. Fikrət Əliyev | 378 | 95 | 39 |
Bu cədvəldən kimin dünya elmi mühitində hansı mövqedə durması aydın görünür. Odur ki, hörmətli akad.C.Allahverdiyevə müraciət edərək demək istəyirəm ki, kiminsə “elmi ixtiralarının” olub-olmamasını söyləyərək subyektiv fikirlərə deyil, dünyada qəbul olunmuş meyarlara əsaslanmaq lazimdır. Belə olduqda sizin mənim haqqımda söylədiklərinizin iftiradan başqa bir şey olmadığı aydın görünür.
Prof. C.Həsənlinin isə beynəlxalq elmi qiymətləndirmədə “0” qiymət alması onu göstərir ki, bu şəxs dünya elmi fəzasına qiymətləndirilməsi mümkün olan heç nə verməmişdir və onun digərlərinə qiymət verməsi yersizdir. Yaxşı olar ki, bu səviyyə fərqini aradan qaldırmaq üçün o, akademik R.Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” (Azərbaycan qəzeti, 8 dekabr 2009) məqaləsini dərindən öyrənsin.