Modern.az

Səyyad Aranın YAP-ın Siyasi Şurasına üzv olmaq istəyinə mənfi cavab verilib

Səyyad Aranın YAP-ın Siyasi Şurasına üzv olmaq istəyinə mənfi cavab verilib

Ölkə

22 Noyabr 2011, 15:56

Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu, parlamentin sabiq deputatı Səyyad Aranın Yeni Azərbaycan Partiyasına (YAP) bərpa olunması ilə bağlı müraciətinə mənfi cavab verilib. YAP-dakı mənbənin Modern.az saytına verdiyi məlumata görə, bu günlərdə Milli Məclis Aparatında yeni vəzifəyə təyin olunan S.Aran hakim partiyanın Siyasi Şurasına üzv olmaq üçün ərizə verib, amma onun ərizəsinə baxılmayıb.

Mənbənin məlumatına görə, «Diplomatik xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa görə, xarici ölkələrdə diplomatik fəaliyyətə göndərilən şəxslərin siyasi mənsubiyyəti olmamalıdır.  Bu səbəbdən də Səyad Aran hələ 2006-cı ilin sentyabrında İstanbula diplomatik xidmətə göndərilərkən YAP-ın üzvlüyündən və Siyasi Şurasından çıxıbmış.
2010-cu ilin mayında konsul vəzifəsindən geri çağırılan S.Aran yenidən YAP Siyasi Şurasına üzv olmağa çalışıb, amma onun cəhdləri bü günədək nəticə verməyib.

S.Aran hazırda Milli Məclisin Aparat rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin Dövlət reyestri sektorunun aparıcı məsləhətçisi vəzifəsində çalışır.

Modern.az-ın əməkdaşı məsələ ilə bağlı hakim partiyanın rəsmilərindən münasibət öyrənə bilməyib.

Xatırladaq ki, Səyyad Aran YAP-ın yaradılmasında və keçmiş prezident Heydər Əliyevin hakimiyyətə gəlməsində iştirak edən «91-lər»dən biridir. Hazırda YAP-ın Siyasi Şurasında 89 nəfər təmsil olunur.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı