Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Qafqaz Müsəlmanları (QMİ) İdarəsi ilə birgə tədbir keçirilib. Modern.az saytı xəbər verir ki, İslam təqvimi ilə Məhərrəm ayının başlanması və Aşura günü ilə əlaqədar bu gün QMİ-nin Qazılar Şurasının geniş tərkibdə yığıncağ keçirilib. Yığıncaqda Şuranın üzvləri, respublikamızda fəaliyyət göstərən İslam təmayüllü dini icmaların rəhbərləri, din xadimləri, ziyalılar və başqaları iştirak ediblər.
Tədbir başlamamışdan öncə Qurani-Kərim oxunub, şəhidlərin ruhuna dualar edilib.
QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə yığıncağı açaraq Məhərrəm ayının möhtərəm və müqəddəs aylardan olduğunu bildirib, bu ayda baş vermiş tarixi müsibətin İslam aləmində yeri barədə ətraflı danışıb. Ölkəmizdəki dövlət və din münasibətlərinin yüksək qayğı və qarşılıqlı hörmət səviyyəsində qurulmasında, həmçinin davam etdirilməsində Heydər Əliyevin, Prezident İlham Əliyevin xidmətlərini xüsusilə diqqətə çatdırıb. Allahşükür Paşazadə onuda bildirib ki, Məhərrəm ayının onuncu günü İmam Hüseyn (ə.s) və Əhli-Beyt tərəfdarlarının şəhadətə yetirildiyi gündür. Belə bir acı hadisə insanlarımız üçün həm də ədalət uğrunda, dinimizin saflığı naminə mübarizə aparmağın rəmzi kimi dəyərlidir. Ona görə də təziyə günlərində məscid və ictimaiyyət münasibətləri şəhidlərimizin ruhuna uyğun şərait yaratmalıdır. Tibbi ehtiyaclar üçün ən münasib əzadarlıq nümunəsi göstərilərək, qanvermə aksiyaları təşkil edilməlidir. Müqəddəs məkanlarda, ictimai yerlərdə zəncir vurmaq, qayda-qanunları pozmaq, bədənə xəsarət yetirmək İslamda bəyənilməyən hərəkətlərdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Məhərrəm ayının fəzilətlərilə yanaşı, onun bəzi xarakterik tərəflərinə də aydınlıq gətirib. Komitə sədri şəhidlik fəlsəfəsini haqq-ədalət mübarizəsi, vətən torpaqlarının düşməndən azad edilməsi uğrunda rəşadət göstərmək tərbiyəsi kimi səciyyələndirib. Azərbaycan ictimai-mədəni fikrində Aşura mövzusunun qədim ənənəsinin məhz bu günümüzün reallıqları ilə daha da zənginləşdirilməsinə diqqət çəkərək deyib:
“ Bu gün Azərbaycan xalqının Kərbəlası Qarabağdır. Xocalı soyqırımını törədənlər Kərbəla müsibətinin günahkarlarından daha amansız və qəddar davranıblar. Kərbəla müsibəti davam etdiyi halda, “İmama yas saxlamaq” adı altında zəncir vurmaq, baş yarmaq, üz cırmaq, saç yolmaq və şəbeh tamaşaları hazırlayıb yezid “icad etmək” içimizdən bir çoxlarının hələ də İmam Hüseyn məktəbinin mahiyyətindən xəbərsiz olduğunu göstərir. Yas saxlamaq, təziyə mərasimləri keçirmək normal haldır. Amma unutmayaq ki, Qarabağ yarası sağalmayıb və xalqımızın Kərbəlası hələ də qalır, deməli, İmam Hüseyn kimi, şəhidliyi gözə alıb, düşmənlə mübarizəyə, savaşa atılmağı da düşünməliyik”.
H.Orucov bildirib ki, təziyə günlərinin hüzn mədəniyyətimiz şəraitində keçməsində din adamlarının rolu böyükdür. Qanun, haqq və ədalət naminə hər addım, hər təklif dəstəklənəcək.
Yığıncaqda QMİ elmi-dini şurasının sədri, akademik Vasim Məmmədəliyev çıxış edərək deyib ki, mühüm hadisələr və mərasimlər öncəsi müvafiq tədbirlərin keçirilməsi, onların xarakterinə uyğun tövsiyələrin verilməsi QMİ-də ənənə halını alıb. Müqəddəs Məhərrəm ayı, Kərbəla faciəsi haqqında, onun tarixi-dini kökləri, dindarların buna münasibəti barədə məlumat verdi, şəhidlərin ruhuna hörmət əlaməti istiqamətində tövsiyələrini səsləndirib.
Tədbirin sonunda Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Fətvası qəbul edilib.

Modern.az