Modern.az

BDU-nun prorektoru: “Bu məlumatı sizə verənlər oxumayan tələbələrdir” VIDEO

BDU-nun prorektoru: “Bu məlumatı sizə verənlər oxumayan tələbələrdir” VIDEO

Ölkə

25 Noyabr 2011, 15:17

Dünəndən başlayaraq yağan qar və anomal hava şəraiti paytaxtdakı universitetlərdən də yan keçməyib. Belə ki, şaxtalı hava şəraiti və qar Bakı Dövlət Universitetinin həyətinin buz bağlamasına səbəb olub. Bu gün günortayadək universitetin həyətində hərəkət etmək mümkün olmayıb. Bu barədə Modern.az-a məlumat verən tələbələrin sözlərinə görə, dünən və bu gün həm müəllimlər, həm tələbələr arasında universitetin həyətində sürüşüb yıxılanlar olub, hətta xəsarət alanlar da var. Tələbələr universitetin həyətinin təmizlənməməsindən şikayətlətləniblər.

Bakı Dövlət Universitetinin inzibati təsərrüfat işləri üzrə prorektoru Nəbi Əhmədoğlu Ramazanlı Modern.az saytına açıqlamasında deyilənlərin yalan olduğunu bildirib. O qeyd edib ki, dünən bu cür problemlər yaşansa da, bu gündən artıq həyətdəki bütün buz və qar təmizlənib.

“Dünən qeyd etdiyiniz çətinliklər var idi. Bununla bağlı kollektivimizi problemlərin aradan qaldırılması məsələlərinə cəlb etdik. Mərmər pilləkənlərin üstünə hətta xalçalar saldıq ki, tələbələr sürüşüb yıxılmasın. Amma bu problemlər artıq yoxdur. Çünki dünən gecədən başlayaraq biz təmizlik işlərinə başlamışıq. Həyətdə nə buz, nə də qar var. Hətta axan suları belə təmizlətdirmişəm”.

Prorektor bu gün səhər tezdən qeyd edilən problemlərin artıq müşahidə edilmədiyini bildirib. “Bu gün səhər tezdən universitetə gələn müəllim və tələbələr artıq dünənki vəziyyətlə rastlaşa bilməzlər. Çünki biz hər şeyi eləmişik. Məncə bu barədə sizə məlumat verənlər oxumayan tələbələrdir, dərsdən yayınmaq üçün belə deyirlər. Oxuyan tələbələr belə fikir səsləndirməzlər” deyə Nəbi Əhmədoğlu Ramazanlı əlavə edib.



Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı