Modern.az

Çin müsəlmanları – huilər… (MARAQLI)

Çin müsəlmanları – huilər… (MARAQLI)

Ölkə

27 Noyabr 2011, 18:10


Uzun illər kommunist sistemilə idarə olunan Çin Xalq Respublikasında bir çoxlarının fikirləşdiyinin əksinə olaraq İslam dininin böyük izləri var. Üstəlik, rəsmi rəqəmlərə görə indiki vaxtda 20 milyon müsəlmanın yaşadığı Çinin İslamla tanışlığı çox keçmişlərə söykənir.
Bu yazı huilərin yaşadığı Ningxia Muxtar Vilayətinin bir müsəlman kəndinin sakinlərindən və oradakı məsciddən bəhs edir.

Rəvayətlərə görə, 630-cu ildə Çinə gedən Sad bin Əbu Vakkasın rəhbərlik etdiyi ilk müsəlman karvanları çinlilərin İslamla tanış olmasına vəsilə olub. Bu ziyarətlər sonrasında imperator Gaozongun əmriylə Çinin ilk məscidi olan Guangta (bir başqa adıyla Huaişeng) məscidi tikilib. İslamın Çindəki ən qədim izlərindən biri olan bu məscid hələ də ibadətə açıqdır.

Rəsmi rəqəmlərə görə Çində bu gün 20 milyon müsəlman yaşayır. Bu müsəlmanların əksəriyyəti Çinin azlıq millətlərindən olan huilərdir. Çin müsəlmanlarının yarısını isə uyğur, qazax, qırğız, tacik, tatar, özbək, salar, baoan və dangxiong kimi fərqli millətlər təşkil edir.

Rəsmi bir dinə sahib olmayan Çin Xalq Respublikasında din mənsublarının sayı millətlərin əhalisinə gore hesablanır. Bu səbəblə bəzi qaynaqlar gerçək müsəlman sayının rəsmi rəqəmlərdən daha çox olduğunu iddia etməkdədir.

Çin Xalq Respublikasında 10 milyona yaxın sayı olan huilər ölkədəki ən böyük müsəlman əhaliyə sahib birlikdir. Fiziki quruluş baxımından Xan xalqına bənzəyirlər. Huilərin soyları Sincandakı uyğur və türkcə danışan digər etnik qruplardan fərqli olaraq, Moğol - Yuan xanədanlığı dövründə Çinə köçən müsəlmanlar olublar.

Müsəlman Hui irqinin ana vətəni olan Ningxia (Ningşia) Çinin şimal qərbində yaşayır. Çinin 5 muxtar vilayətindən biri olan bu bölgə 1958-ci ildə Ningxia Hui Muxtar Vilayəti olaraq elan edilib. Paytaxtı Yinchuan olan Ningxia Hui Muxtar Vilayətinin əhalisi 6,3 milyon nəfərdir. Bölgədə yaşayan Hui milli azlığı cəmi əhalinin yüzdə 35 faizini təşkil edir. Rəsmi rəqəmlərə görə, bölgədə 3760 məscid var. Bu məscidlərin ən gözəl nümunələrindən biri Najiahu məscididir.

Yinchuan şəhərinin 6 min əhalili Najiahu kəndində tikilən bu məscidin tarixi 1524-cü ilə gedib çıxır. Müxtəlif illərdə dəfələrlə bərpa olunan bu taxta məscid antic Çin arxitekturasının izlərini daşıyır. Divarları və sütunlarında mavi, qırmızı, yaşıl və sarı rəngli bəzəmələrin hakim olduğu məscidin damları isə yaşıl və sanrı rəngli kirəmitlərdən inşa edilib.

Məscidin içərisində təxminən 1000 nəfər eyni anda ibadət edə bilir. Məsciddə minarəni əvəz edən bir də qüllə var.

18-ci əsrdə böyük bir zəlzələ və yanğın təhlükəsi sovuşduran Najiahu məscidi 1966 – 1976-cı illər  arasında reallaşan kommunist mədəni inqilabı dövründə də digər ibadətgahlar kimi çətinliklər yaşayıb.

Dolanışıqlarını əsasən əkinçiliklə təmin edən Najiahu kəndliləri bu gün həmin məsciddə azad şəkildə ibadət edə bilirlər. Hui müsəlmanlarının ümumi İslam anlayışı Anadoludakı sufi İslam anlayışıyla böyük paralleliklər daşıyır.

Najiahu sözünün mənası “Na ailəsinin məhəlləsi” deməkdir. Rəvayətlərə gore Na ailəsi Yuan Xanədanlığı zamanında Yinçuana yerləşmiş bir Moğol aristokratın nəvələri olub. Ming və Qing xanədanlıqları dövründə bu bölgə çinli müsəlmanlar üçün əhəmiyyətli bir iqtisadi və mədəni mərkəz olub. Kəndin sakinlərinin bir çoxu Na ailəsinə mənsubdur.

Məscidin imamı Na Xue Jun Türkiyənin “Sabah” qəzetinin müxbirilə söhbətdə bu vəzifəni yerinə yetirməkdən olduqca məmnun oldğunu vurğulayıb. O, hər hansı bir təzyiq altında olmadıqlarını söyləyib. İmam yalnız gənclərin namazlara vaxtında qatılmamasından narazılıq edib. Deyib ki, gənclər yalnız Cümə namazlarına maraq göstərirlər.

Kəndin maraqlı bir xüsusiyyəti isə kəndlilərin uzunömürlü olmalarıdır. Bu kənddə 80 yaşdan yuxarı  yüzdən çox adam yaşayır.

Kəndin müsəlman camaatı ölülərini məscidinin yanındakı qəbiristanlıqda dəfn edir. Ərəbcə və çincə yazılarla bəzənmiş məzarların üstünün betonla örtülmüş olması isə maraqlı bir detaldır.

Bu tarixi ibadətfahın divarındakı bir yazı diqqət çəkir. Ərəb və Çin hərfləriylə yazılmış bu yazı sanki bir az da Hui müsəlman çinlilərinin ümumi duruşunu işarələyir: ölkəni sev, dinini sev, hüququ tanı, qanuna əməl et!


Hazırladı Adəm Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı