Modern.az

Axundzadənin alçaltdığı, Sabirin ələ saldığı, Üzeyir bəyin doladığı adamlar ziyalılara əl qaldırmadı

Axundzadənin alçaltdığı, Sabirin ələ saldığı, Üzeyir bəyin doladığı adamlar ziyalılara əl qaldırmadı

Ölkə

27 Noyabr 2011, 19:01

Mirzə Fətəli Axundzadənin cənazəsini qaldırmağa adam tapılmadığı üçün onu son mənzilə üç-dörd rus əsgəri yola salmışdı. Həmin vaxt Tiflis mollaları Axundzadənin hüzr mərasiminə qatılmaqdan imtina etmişdilər. Din xadimləri bütün dinləri puç və əfsanə hesab edən adamdan bu cür qisas almışdılar...

Mirzə Ələkbər Sabirin ömrü qorxu içərisində keçmişdi. Avam adamlar bu böyük şairin qanını içməyə hazır idi. Xəstə və zəif adam olan Sabiri bu millətin dərdi çürütdü. Axundzadədən fərqli olaraq, Sabir ateist deyildi. O, 9 yaşından etibarən oruc tutmuş, ömrünün sonuna kimi namaz qılmışdı. Sabir cəhalətin düşməni idi. O, müasir dünyanın gözündə müsəlmanların qorxunc bir varlığa çevrilməsini istəmirdi. Sabir tərəqqipərvər şair idi. Yoxsa, əcnəbilərin göydə balonla uçmasına həsəd aparmazdı.

Cəlil Məmmədquluzadə olmasaydı, XX əsr Azərbaycan ədəbiyyatı xeyli miskin görünərdi. Mirzə Cəlil Azərbaycanın ədəbiyyat xəzinəsinə ölməz əsərlər bəxş edib getdi. Mirzə Cəlil də ömrünün sonuna kimi yalançı din adamlarının təzyiqi ilə üzləşib. Yazıçı dünyasını dəyişəndən sonra isə sovet hökuməti onun ailəsinə rahatlıq verməyib. Həyat yoldaşı ən yüksək səviyyədə təhdid olunub, oğlu işdən çıxarılıb. Aradan 100 il keçməsinə baxmayaraq, Mirzə Cəlilin adı gələndə, hələ də üz-gözünü turşudanlar, ağız büzənlər var.

Dahi Üzeyir Hacıbəyli də ömrünün sonuna kimi cəhalətə qarşı mübarizə aparıb. Azərbaycan xalqının son 500 ildə yetişdirdiyi ən nəhəng şəxsiyyətlərdən biri olan Üzeyir bəy hətta bircə not belə yazmasaydı, tarixdə yenə böyük ziyalı kimi qalacaqdı. Mirzə Fətəli, Sabir, Mirzə Cəlil, Üzeyir bəy olmasaydı, şeyx nəsrullahlar hələ də 10-12 yaşlı qızlarımızı siğə elətdirir, məşədi ibadlar insanların hislərinə məhəl qoymadan gənc qızları pulla satın alıb, özlərinə arvad edərdilər. Üzeyir bəy Məşədi İbadı amansızcasına ifşa etməklə öz müasirlərinə sevgini satın almağın qeyri-mümkün olduğunu başa salmaq istəyirdi. Həm də bunun nə qədər çətin olduğunu bilə-bilə...

Bəlkə də Rafiq Tağı dörd gün əvvəl dünyasını dəyişməsəydi, tarixə ekskursiya etməyə ehtiyac olmayacaqdı. Rafiq Tağı cəhalətin qurbanı oldu. Halbuki o, bundan sonra 20 il də yazsaydı, yalançı din adamlarını Axundzadə, Sabir, Mirzə Cəlil qədər aşağılaya bilməzdi. Rafiq Tağı müsəlmanlar üçün Sabir və Mirzə Cəlildən təhlükəli adam deyildi. Mirzə Cəlil Şeyx Ќəsrullahı ifşa etməklə din pərdəsi altında gizlənən adamlara Rafiq Tağıdan 20 dəfə artıq zərbə vurmuşdu. Amma Axundzadənin alçaltdığı, Sabirin, Mirzə Cəlilin ələ saldığı, Üzeyir bəyin doladığı adamların heç biri bu böyük ziyalılara əl qaldırmadı. Müasirləri onları söydülər, təhqir etdilər, aşağıladılar, amma öldürmədilər. Halbuki həmin vaxt adam öldürmək quş başı kəsmək qədər asan idi.

Bəzən mənə elə gəlir ki, biz gələcəyə gedən yolda azıb qalmışıq. Yüz il əvvəl əcnəbilərin göydə uçan balonuna heyranlıqla tamaşa etdiyimiz kimi, indi də onların ağlının məhsulu olan texniki nailiyyətlərə həsəd aparırıq. Gərək biz Axundzadənin "Kəmalüddövlə məktubları"nı yazdığı, Mirzə Cəlilin "Danabaş kəndinin əhvalatları"nı qələmə aldığı, Sabirin bu gün də aktual olan ölməz şeirlərini yaratdığı dövrdə qalaydıq. Sağ qalmaq, Allah-Təalanın bəxş etdiyi cıqqılı istedadımızı millətimizin yolunda xərcləmək üçün bu, çox vacib idi...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı