Tarif (qiymət) Şurasının qərarı ilə 2011-ci il dekabrın 1-dən Bakı metrosunda gedişhaqları 15 qəpikdən 20 qəpiyə qaldırılıb. Bu qərar ictimai nəqliyyatdan istifadə edən paytaxt sakinləri tərəfindən narazılıqla qarşılanıb. Bunun müqabilində cəmi bir necə dövlət müəssisədində çalışanların maaşlarında artım qeydə alınıb. Ancaq nəzərə almaq lazımdır ki, ölkə əhalisinin çox faizi özəl sektorda fəaliyyət göstərir və maaş artımı onlara şamil olunmur. Qiymətlərin artması isə bütün ölkə əhalisinin yaşayışına mənfi təsir göstərir.
Modern.az saytına açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Tarif Şurasının yeni qərarını birmənəlı şəkildə pisləyib. Dəfələrlə Tarif Şurasına və İqdisadi İnkişaf Nazirliyinə məktub yazdıqlarını deyən E.Hüseyov bildirib ki, Tarif Şurasında ictimai təşkilatın nümayəndəsinin olması və istehlakcıların nə istədiyinin orda bəyan edilməsi vacibdir.
E.Hüseynov eyni zamanda bildirib ki, qiymətlərin artımı təəssüf ki, göstərilən xidmətin keyfiyyətinə təsir göstərmir.
“Qiymətlər qaldırılanda keyfiyyət də yaxşılaşmır. Tarif Şurasının bu addımını qətiyyətlə pisləyirəm, onu istehlakçıların həyatına sui-qəsd hesab edirəm. Maaş qalxmadan, keyfiyyət qalxmadan qiymətləri qaldırmaq yolverilməzdir”.
E.Hüseyov bildirib ki, bu qərar bir daha onu göstərib ki, Azərbaycan Respublikasında istehlakçılarla bağlı siyasət yoxdur və belə addımlar yalnız istehlakçılardan pul qoparan sistemi gücləndirir. “Bu düzgün addım deyil. Azərbaycan hökümətini, ordunu, naziri də saxlayan istehlakcılardır. Onlara hörmət olunmalıdır”.
Tarif Şurasının yeni qərarı Bakı metropoliteninin stansiyalarında bir çaxnaşma yaradıb. Bu günkü müşahidələr göstərib ki, dekabrın 1-nə bir neçə günün qalmasından istifadə edən bəzi sərnişinlər gediş kartlarına daha çox gedişhaqqı yükləməyə çalışırlar.
Modern.az-ın əməkdaşı bəzi sərnişinlərdən Tarif Şurasının qərarına münasibət öyrənib.
Müəllimə olduğunu deyən Şəfiqə Qədirova hökumətin bu addımını ədalətsizlik hesab edir. Onun sözlərinə görə, bununla sadə vətəndaşların çətin həyat tərzini daha da pisləşdirilər. “Müəllimə işləyirəm, əmək haqqım o qədər də yüksək deyil. Bunun müqabilində isə hər sahədə qiymətin artığını görürük. Bu, bütün insanların yaşayışına mənfi təsir göstərir. Nazirlərin nə vecinə. Nə özləri, nə ailə üzvləri, nə də qohum-əqrəbaları metrodan istifadə edir. Ona görə də Toxun acdan xəbəri olmaz” -deyə Ş.Qədirova vurğulayıb.
Pərviz Səlimov hər gün metrodan istifadə edən sərnişinlərdən biridir. Tələbə olduğunu deyən həmsöhbətimiz gedişhaqqının artmasından xəbəri yoxdur. Onu bu xəbərdən biz agah edirik. “Əgər bu xəbər dorğudursa, vay bizim halımıza, vəziyyətimiz lap pis olacaq” deyən tələbənin əhavalı bir andaca pozulur.
Şəhər sakini Fərid Mahmudov də qiymətlərindən artmasını eşidəndə öz narazılığını ifadə edib: “Ölkə rəhbərliyi hər zaman qeyd edir ki, insanların yaşayış səviyyəsi yüksəkdir. Ancaq ildən-ilə bütün sahələrdə qiymətlərin artığını müşahidə edirik. Bu nə vaxtacan belə olacaq, bilinmir...”.
Sədaqət SÜLEYMANOVA