Azərbaycanın zaman-zaman erməni terroruna məruz qalması heç kimə sirr deyil. Əslində bizlərlə yanaşı, bizdən olmayanlar da ermənilərin mənfur niyyətləri və qeyri-qanuni hərəkətləri barədə kifayət qədər məlumatlıdır. Amma dünyanın ikili standartlarla idarə edilməsi prinsipi bəzən bu gerçəklikləri çoxlarına unutdurur. Bizlərin, xüsusən də öndə gedənlərimizin başlıca məqsədi məruz qaldığımız bu ədalətsizlikləri dünyaya çatdırmaqdan ibarət olmalıdır. Əslində son illərin informasiya savaşında Azərbaycanın xeyli irəliləməsi hamımızı sevindirir. Təbii ki, bu nailiyyətlərin altında təbliğatın mühüm yeri var. Həm də bu təbliğat maşınının sükanında kimin olması da vacib şərtlərdən biridir.
Şeyxülislam Hacı Allahşükür Paşazadə daim Azərbaycanın haqq səsinin nümunəvi təbliğatçısı olub. Ermənilərə və xüsusən də Azərbaycanı istəməyən qüvvələrə qarşı mübarizədə heç kimə aman verməyib. Onun qayəsi dövlət və dövlətçiliyi qorumaqla Azərbaycanın haqlı olduğunu sübut etmək olub. A.Paşazadə müxtəlif situasiyalarda həm vətəndaş, həm də dindar - böyük bir müsəlman coğrafiyasının lideri kimi çıxış edib. Onun sözünün kəsəri yalnız bəyanatlar və müraciətlər çərçivəsində qalmayıb, onlarla ölçülməyib. Azərbaycanın 90-cı illərdən sonra başına gətirilən bütün müsibətlərin qarşısının alınmasında və dünya ictimaiyyətinə çatdırılmasında A.Paşazadənin xidmətləri əvəzsiz olub.
20 yanvar faciəsi, onu törədənlərə qarşı Bütün Qafqazın Şeyxinin mövqeyi hər kəsə bəllidir. A.Paşazadə bu gün deyil, hələ 90-cı illərdə hadisəni qəti pisləmiş, onu törədənlərin cəzalandırılmasını o vaxtı SSRİ rəhbəri M.S.Qorboçovdan tələb etmişdir. O zaman baş verən hadisələrin təfsilatını çoxlarımız xatırlayırıq. Lakin baş vermiş faciəni törədən səbəbləri, qanlı qırğına aparan yolları, bu siyasi təcavüz aktının əsl ssenarilərini hələ də əksəriyyətimiz bilmirik. Bütün Qafqazın Şeyxi baş vermiş hadisə ilə əlaqədar geniş və hərtərəfli araşdırma aparılaraq, yeni istintaq komissiyasının yaradılmasını, bu hadisələri törədənlərin başda M.Qorboçov olmaqla ona rəvac verənlərin cinayət məsuliyyətinə cəlb olunmasını, Beynəlxalq Haaqa Məhkəməsinə çıxarılmasını tələb edir: “Çox istərdik ki, tarixin acı dərslərinin təkrar olunmaması üçün siyasi xarakteri açıqlayan sənədli, xronikalar, filmlər, əsərlər yaransın və əsl həqiqətlərlə illərdən bəri xalqı narahat edən şübhələrə son qoyulsun. Biz bu təşəbbüslə xalqa müraciət etməyi düşünürük”.
Faciə ilə əlaqədar QMİ-nin fəaliyyəti qırx günlük matəm mərasimləri ilə bitmədi, bu 20 il ərzində həm 20 yanvar, həm də Qarabağ şəhidlərinin ailələrinə maddi və mənəvi yardımlar göstərildi. Bu müddət ərzində yüzlərlə şəhid və əlil ailəsi müxtəlif yardımlarla təmin olundu. Onlar bu gün də QMİ-nin xeyriyyə işlərində xüsusi güzəştlərə malikdirlər.
A.Paşazadənin Xocalı soyqırımı ilə bağlı bütün dünya dövlətlərinə, beynəlxalq təşkilatlara ünvanladığı müraciəti həm də onlara qarşı bir üsyandır. Bütün Qafqazın Şeyxi Xocalı soyqırımının ildönümlərində dünya xalqlarına, dövlət başçılarına, parlamentlərə və beynəlxalq təşkilatlara müraciətində onları Xocalı hadisələrini soyqırımı kimi tanımağa çağırdı: “Azərbaycan Respublikasının milyonlarla vətəndaşının iradə və hisslərini ifadə edərək, dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə, dövlət rəhbərlərinə, parlamentlərə və beynəlxalq təşkilatlara üz tuturam. Hesab edirəm ki, cahanda elə bir xalq, elə bir din olar bilməz ki, ümumbəşəri mənəvi dəyərləri inkar etsin, zor, qətl, təcavüz kimi qeyri-humanist əməllərə haqq qazandırsın, qanlı cinayətlərə bəraət versin”.
Şeyxin fikrincə, bəşəriyyət insanlığa qarşı cinayətləri daima nifrətlə damğalamış, insan sifətini itirmiş qatillərin əməllərini həmişə lənətləyib. Lakin təəssüflə qeyd olunmalıdır ki, dünya tarixinin qanlı səhifələrindən birini təşkil edən Xatın, Lidise kimi bəşəri müsibətlərlə bir sırada duran Azərbaycan şəhəri Xocalının faciəsi hələ də tarixin mühakiməsinə verilməyib, bu, misli görünməmiş soyqırımı faktı layiqli siyasi qiyməti almayıb.
Müraciətdə qeyd olunur ki, bütün dünya hər bir cinayətkarın, terrorçunun milli və dini mənsubiyyətindən asılı olmayaraq məsuliyyətə cəlb olunmalı və beynəlxalq hüquq qarşısında cavab verməli olduğunu sözdə etiraf edir: “Lakin acı reallıq ondan ibarətdir ki, erməni ekstremistləri törətdikləri cinayətlərə görə hələ də cəza almayıb, heç bir beynəlxalq qurumun, hətta BMT-nin qətnamələrinə məhəl qoymadıqları halda onlara qarşı heç bir sanksiya tətbiq olunmayıb. Azərbaycana qarşı zaman-zaman törətdiyi vəhşiliklər cəzasız qaldığına görə, ərazimizin 20 faizini işğal etmiş, milyonlarla azərbaycanlının doğma yurdlarından didərgin salmış erməni ekstremistləri öz təcavüzkarlıq planlarından əl çəkməyib, qəsb etdiyi torpaqlarda vandalizm aktları həyata keçirərək mədəniyyət abidələrini, məscid və qəbiristanlıqları xarabalığa çevirib, maddi və mənəvi terror gerçəkləşdirib, tarixi sənəd və əşyaları mənimsəyərək özünküləşdirib. Bəs görəsən, tarix boyu yüz minlərlə dinc azərbaycanlı qətlə yetirmiş erməni terrorçuları daha nələr törətməlidirlər ki, dünya onları cinayətkar kimi damğalasın?! Görəsən nə vaxtadək ədalətə deyil, erməni lobbisinin maraqlarına üstünlük veriləcək?!
A.Paşazadənin Azərbaycanla yanaşı, ölkədən kənarda yaşayan müsəlmanlara da qayğısı daimi hiss olunur. Bütün Qafqazın Şeyxi hər zaman bəyan edir ki, Rusiya müsəlmanları ən çətin anlarda hər zaman yanımızda olublar, Rusiya, Qafqaz və MDB müsəlmanları arasında birlik mövcuddur.
Əlbəttə, onun fəaliyyətinə diqqətlə nəzər yetirsək, Şeyx həzrətləri istər Bakıda, istərsə də ölkədən kənarda keçirdiyi bütün görüşlərdə bu kimi faktları göz önündə saxlamışdır. A.Paşazadə beynəlxalq konfranslarda çıxışları zamanı Azərbaycanın haqq səsini qaldırmış, insanlarımızın zaman-zaman bədxah qonşu olan ermənilərin terroruna məruz qaldığını açıq-aşkar söyləmişdir.
Bəs, Siz nə iş görmüsünüz Akif Nağı? Piket keçirmək, bəyanat səsləndirməklə Qarabağı azad etməyin mümkünsüzlüyünü bizdən daha yaxşı bilirsiniz. Ona görə Sizi və Sizin kimiləri tələsik qərarlar verməməyə, problemin həlli istiqamətində atılan bütün addımları dəstəkləməyə çağırıram.