Bu gün cəmiyyətdə böyüklü, kiçikli hər kəs müəllim nüfuzunun olmamasından giley edir.
Amma gəlin görək məsələnin həlli üçün hər birimiz bu istiqamətdə üzərimizə düşən vəzifəni yerinə yetirə bilirikmi?
Bir neçə gün öncə Türkiyədə müəllimlər günü qeyd edilirdi. Bu ölkənin baş nazirinin öz müəlliminə münasibəti çoxlarımızı təccübləndirdi. Az qala o, müəlliminə təzim edirdi.
Bəs, bizdə vəziyət necədir?
Arada çox fərq var
Millət vəkili, Ədalət partiyasının sədri İlyas İsmayılov deyir ki, onların məktəb illəri dövrlə indi indiki dövrdə müəllimə olan münasibət arasında çox fərq var. Belə ki, o dövrdə müəllim həddindən artıq ideallaşdırılırdı.
Millət vəkilinin sözlərinə görə, o hisslər indi yoxdur.
Deputat bildirir ki, ona dərs deyən müəllimlərdən indi kiminsə həyatda olub-olmadığı haqqında məlumatı yoxdur. “Əlaqə saxlamamışam, ona görə bilmirəm indi sağ olan var, ya yox”.
“Cəmiyyətə qiymət vermək üçün müxtəlif vasitələrdən istifadə edirlər. Ancaq mənə elə gəlir ki, müəllimlərə maddi-mənəvi dəstəyi gücləndirməklə biz cəmiyyətə ən yaxşı qiyməti vermiş olarıq”-deyən İ.İsmayılov bildirir ki, əlaqə saxlayıb saxlamamağından asılı olmayaraq müəllimlərinə daim hörmət edib.
İ.İsmayılov ilk müəllimini də xatırlamadığını dedi. “Çox çətin sualdır. Çox sayda müəllimlər dərs deyib”.
Müəllim günündə müəllimlərimi təbrik etməsəm də iş prosesində onlarla görüşürəm
Millət vəkili Gövhər Baxşəliyeva ilk müəllimini xatırladığını desə də, orta məktəbi bitirdikdən sonra müəllimləri ilə əlaqə saxlamadığını bildirdi: “Orta məktəbi çoxdan bitirmişəm, oradakı müəllimlərlə əlaqəm yoxdur. Ancaq universitetdə olan müəllimlərə əlaqə saxlayıram. Deməzdim ki, onları müəllim günüdə təbrik edirəm. Ancaq iş prosesində onlarla görüşürəm”.
Müəllimlərin daim hörmətə və hər cür ehtirama layiq olduğunu deyən millət vəkili deyir ki, dövlət bu sahədə lazımı addımlar atır: “Bu yaxınlarda oxudum ki, 10 minə yaxın müəllim yaşla bağlı ixtisara düşüb. Bu yaxşı haldır. Ona görə ki, yerdə qalan müəllimlərin maaşının qalxmasına kömək edəcək”.
G.Baxşəliyeva düşünür ki, istər müəllim, istərsə də başqa sahədə çalışan insanın mədəni səviyyəsi çox yüksək olmalıdır. Müəllim predmetini yaxşı bilməlkə yanaşı, dünyada baş verən digər hadisələrdən də xəbərdar olmalı, davranışı, mədəni səviyysi, savadı ilə tələbələrinin yaddaşında qalmaldır.
Elə müəllim var ki, onun qarşısında indi də özümü şagird kimi hiss edirəm
Millət vəkili, Tibb Universitetinin prorektoru Rafiq Məmmədhəsənov deyir ki, hazırda ona orta məktəbdə dərs deyən müəllimlərindən həyatda olanı yoxdur: “Ancaq, universitet illərində olan müəllimlərlə əlaqəm var. Ayda bir dəfə görüşürük, kafedrada işləyənlər var, tez-tez elmi şuralarda oluruq”.
İlk müəlimini xatırladığını deyən R.Məmmədhəsənov deyir ki, onlar müəllimlərə ilahi adam kimi baxırmış: “Bizim vaxtımızda müəllimlərə münasibət fərqli idi. Biz elə fikirləşirdik ki, müəllimlər ilahi adamlardı”.
“Müəllimlərinizlə rastlaşanda indidə özünüzü şagird kimi hiss edirsinizmi” sualına R.Məmmədhəsənovun cavabı belə oldu: “O baxır müəllimin nüfuzuna, elə müəllim var ki, onun qarşısında indi də özümü şagird kimi hiss edirəm”.
Millət vəkili deyir ki, ölkədə müəllimlərə münasibət çox yaxşıdır. Müəllimlərin müxtəlif adlarla təltif olunması da buna sübütdur. “Bu yaxınlarda xeyli sayda müəllim Şöhrət ordeni ilə, Əməkdar müəllim adı ilə mükavatlandırıld. Bunlar hamısı dövlətin müəllimlərə qayğı deyilmi?”
Sədaqət SÜLEYMANOVA