
Modern.az saytının “Deputat-tələbə əməkdaşlığı” layihəsinin birinci qalibi dekabrın 1-də mükafatlandırılıb.
Bu layihənin ilk qalibi Bakı Dövlət Universitetin (BDU) Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi Fatimə Kərimli olub. Qalib tələbəyə Milli Məclisin deputatı Vahid Əhmədov noutbuk verib.
Təqdimat mərasimində millət vəkili Vahid Əhmədov, BDU-nun prorektoru Sani Hacıyev, Parlament Jurnalistlər Birliyinin (PJB) sədri, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı və 100-ə qədər tələbə iştrak edib.
Təqdimat mərasimindən sonra deputat Vahid Əhmədov əvvəlcə özü barədə tələbələrə qısaca məlumat verib, daha sonra isə tələbləri maralandıran sualları cavablandırıb.
BDU-nun Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi Fatimə Kərimli deyib ki, müəllimlər mühazirəni çox sürətlə deyirlər: “Əvvəllər mənim xəttim çox yaxşı idi, indi isə əksinə tez-tez yazdığım üçün xəttimi heç özüm də oxuya bilmirəm. Biz 4-cü kurs olmağımıza baxmayaraq, çox yüklənirik. Buraya fərdi iş, diplom işi, kurs işi və s. daxildir ki, biz də bunu çatdıra bilmirik”.
Prorektor Sani Hacıyev cavab olaraq bildirib ki, o da indiki tələbələr kimi bu universitetdə oxuyub belə bir səviyyəyə gəlib çıxıb: “Universitetdə oxuyanda biz də mühazirələrin hamısını yazmışıq. Mənim yadımdadır ki, rəhmətlik Həbib müəllim Etnoqrafiyadan mühazirəni o qədər sürətlə deyirdi ki, əlimiz bəzən sudurqa olurdu. Mühazirə ahəstə ilə deyilə bilməz. Mühazirədə sözlərin tam yazılmasına ehtiyac yoxdur”.
BDU-nun İlahiyyət fakültəsinin 2-ci kurs tələbəsi Nicat Etibaroğlu bildirib ki, Boloniya sistemində semestr imtahanlarının əsasən test üsulu ilə keçirilməsi nəzərdə tutulur. Onun “BDU-nun İlahiyyət fakültəsinin imtahanlarının test üsuluna keçirilməsi nəzərdə tutulurmu” sualına prorektor “Boloniya sistemində elə bir məcburi maddə yoxdur ki, imtahanlar testlə keçirilsin. Bütun dünyanın hər yerində imtahanın götürülməsinin üç forması var: şifahi, yazılı və test üsulu ilə yaxud da kompüter vasitəsi ilə. Mən bu gün də düşünürəm, yəqin Vahid müəllim də o fikirdədir ki, üz-üzə oturub imtahan verməyin effekti digər iki formadan daha üstündür”.
Millət vəkili Vahid Əhmədov isə bildirib ki, test bütun dünyada qəbul olunan üsuldur: “İmtahan prosesində müəllimlə tələbənin ünsiyyəti nə qədər az olsa, bir o qədər də yaxşıdır. Hesab edirəm ki, vaxt gələcək biz də digər ölklər kimi Boloniya sistemini tam tətbiq edəcəyik və bu, normal işləyəcəyik. Ümumilikdə götürsək, hər bir universitetin özünün daxili problemləri olur, bunların hamısını nəzərə almaq lazımdır”.
Deputat onu da bildirib ki, müstəqilliyimizin 20 illiyi ərzində elmə, təhsilə çox böyük diqqət ayrılıb: “Belə diqqəti biz heç vaxt görməmişik. Beş il bundan əvvəl elmə 4 milyon vəsait ayrılmışdısa, 2012-ci ildə 125 milyon vəsait ayrılması nəzərdə tutulub. Bu yaxınlarda cənab Prezident gənclərlə bağlı sərəncam imzaladı, dövlət büdcəsindən gənclərlə bağlı əlavə vəsait ayrılıb. 2000-ci ilə qədər Azərbaycanda müəyyən iğtişaşlar baş verirdi. Yalnız 2003-cü ildə İlham Əliyev cənabları Prezident seçildikdən sonra müəyyən proqramlar həyata keçirildi və bu gün də davamlı olaraq bəzi proqramlar həyata keçirilir. Buradakı tələbələr yəqin dünya ölkələri ilə maraqlanırlar. Dünyada vəziyyət heç də ürəkaçan deyil. 2008-ci ildə ABŞ-da iqtsadi böhran baş qaldırdı. Bu iqtisadi böhran bütün dünyaya yayıldı. Bəzi alimlər proqnoz verirdilər ki, bu qısa bir müddət ərzində qurtaracaq, amma hələ də davam edir. Azərbaycanın ixracının 95 faizini neft və neft məhsulları təşkil edir. Dövlət başçısının göstərişi var, bütün proqramlar ona gətirib çıxmalıdır ki, 5 ildən sonra Azərbaycanda qeyri-neft sekrtorunun istehsalını 40-45 faizə çatdıra bilək. Bura zavod, fabrik, kənd təsərüfatı və insan kapitalının inkşafı daxildir. İnsan kapitalı məhz siz tələbələrsiniz. Ölkə başçısının verdiyi bütün sərəncamlar, proqramların hamısı gənclər üzərində qurulub”.
BDU-nun Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi, “Deputat-tələbə əməkdaşlığı” layihəsinin koordinatoru Murad Əhməd deputatdan onun zamanındakı tələbəçiliklə indiki tələbəçiliyin oxşar və fərqli cəhətlərini soruşub.
Deputat cavab verib ki, oğlu BDU-nun Beynəlxalq hüquq fakültəsini bitirib: “O birinci kursda oxuyanda mən ona çanta almışdım, ikinci kursa gedəndə gördüm ki, çantanı universitetə aparmır. 2-3 dəfə heç nə demədim. Bir gün çağırdım öz yanıma dedim ki, səninlə işim var. Mən ona sual verdim ki, çantanı niyə aparmırsan, bir dəftər salırsan pencəyin cibinə, gedirsən dərsə? Dedi ki, uşaqlar ona bildirib ki, "sənin başın xarabdı. Çanta ilə universitetə gəlirsən".
Mən 6 il Azərbaycan Texniki Universitetində oxudum. Oxuduğum illər ərzində 1 manat da olsa, rüşvət vermədim. Bizim dövrdə müəllimlə tələbə arasında sözün əsl mənasında hörmət var idi. Biz müəllim görəndə qaçıb gizlənirdik. Bu gün cəmiyyət tamamilə dəişib və başqa formada inkşaf edir. Siz fəxr edin ki, BDU-də oxuyursunuz. Ona görə ki, BDU Azərbaycanın flaqman universitetidir. BDU-nu dünyanın hər yerində tanıyırlar. Universitet rektorları ilə münasibətim var. Amma Abel müəllim həm bir akademik kimi, həm də bir millət vəkili, insan kimi çox gözəl bir insandı. Bir də siz fəxr edin ki, Azərbaycan Prezidenti gəncliyə çox böyük diqqət yetirir.
Milli Məclis “Təsil krediti haqqında” qanun layihəsini qəbul etsə, sizin heç bir probleminiz olmayacaq. Gizlətmək lazım deyil ki, ailədə vəziyyət çətin olanda, maddi durum zəif olanda oxumaq barədə o qədər də fikirləşmirlər. İndi biz cəmiyyət kimi, dövlət kimi özümüzü müstəqil hiss edirik. 50 il keçəndən sonra siz görəcəksiniz ki, Azərbaycan tamamilə inkşaf etmiş bir dövlətə çevrilib. Azərbaycanın böyük neft ehtiyatları var. Azərbaycanın ehtiyatı çox böyük olduğu üçün perspektivi də böyükdür. Bizim zamanımızda çətinliklər daha çox idi. Mən gecə təhsil almışam, gündüz işləmişəm. Sadəcə, sizə tövsiyyəm odur ki, mübariz olasınız. Qorxaqları həmişə döyürlər”.
Mail AĞAXANOV