Modern.az

Toyuq əti ucuzlaşır

Toyuq əti ucuzlaşır

Ölkə

2 Dekabr 2011, 12:32

Son günlər ölkədə toyuq əti nəzərə çarpacaq dərəcədə ucuzlaşmaqdadır. Belə ki, əgər iyun-avqust aylarında ticarət obyektlərinə dondurulmamış (kəsilmiş) toyuq əti 2,8-3 manata, dondurulmuş toyuq əti isə 3-3,4 manata satılırdısa, hazırda bu qiymətlər uyğun olaraq 2,2-2,8 manat və 2,6-3,3 manat arasında dəyişir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirir ki, toyuq məhsullarının  qiyməti təxminən 10% azalıb: “Qiymət azalmaları indiyə qədər  kiçik və orta istehsal payına malik müəssisələrin məhsullarında özünü göstərirdi. Lakin dekabr ayının ilk günündən etibarən bəhs etdiyimiz sektorun ən iri şirkəti olan “Siyəzən Broyler” də öz məhsullarının topdansatış qiymətlərində təxminən 10% endirim edib”.                                                                

Mütəxəssisin fikrincə, toyuq ətinin qiymətinin enməsi bazar şərtləri və mövsümi amillərlə birbaşa əlaqəlidir: “Qurban bayramı ilə bağlı noyabr ayında əhalinin gündəlik qida rasionunda qırmızı ət (xırda və iribuynuzlu heyvan əti) daha çox olub. Nəticədə toyuq və toyuq əti məhsullarına olan tələbat kəskin şəkildə aşağı düşüb. Həmçinin balıq ovu mövsümünün başlaması ilə əlaqədar əhalinin ət məhsullarına olan tələbatının bir hissəsi də məhz balıq əti ilə əvəzlənib”.

Məlum olur ki, toyuq ətinin qiymətinə təsir edən əsas amillərdən digəri də bazarlarda kəskinləşmiş rəqabətdir: “Mart-aprel aylarında bu sahədə yaranan ciddi problemlər istehsalın kəskin azalmasına səbəb olmuşdu. Nəticədə yay aylarında toyuq məhsullarının kəskin qıtlığı yaranmışdı. Sözsüz ki, yaranmış qıtlıq bazarlarda qiymətlərin bahalaşması ilə müşahidə olunurdu. Hazırda isə ölkə daxilində irili-xırdalı bütün növ toyuq fabriklərində istehsal tsikli bərpa olunub və uyğun olaraq təklif artıb. Bu da öz növbəsində bazarlarda kəskin rəqabətin yaranması, qiymət ucuzlaşması ilə özünü büruzə verir. Araşdırmalar göstərir ki, yeni il bayramı ilə əlaqədar toyuq məhsulları bazarında müəyyən qədər canlanma olacaq. Bununla belə aprel-may aylarına qədər  qiymətlər indiki səviyyədən yuxarı olmayacaq”.

Onu da qeyd edək ki, toyuq əti ölkə  əhalisinin gündəlik qida tələbatında əsas yeri tutur. Buna səbəb isə alcılıq qabiliyyətinin aşağı olmasıdır.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı