Modern.az

Sumqayıt Polisinin sabiq müstəntiqi korrupsiyaya görə tutulub

Sumqayıt Polisinin sabiq müstəntiqi korrupsiyaya görə tutulub

Ölkə

2 Dekabr 2011, 15:21

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinin sabiq müstəntiqi, Tərlan Əliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

 

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilib ki, Tərlan Əliyev qeyd edilən vəzifədə işləyərkən icraatında olan cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Sumqayıt şəhər sakini Vaqif Ağayevin qardaşı Mehdi Ağayev ilə əvvəlcədən razılaşaraq, sonuncunun 41.0 min ABŞ dolları verəcəyi təqdirdə istintaq gedişində Vaqif Ağayevin məsuliyyətini yüngülləşdirməyi, sonradan isə məhkəmədə yüngül cəza verilməklə məhkəmə zalından azad olunmasını vəd edərək bunun üçün Mehdi Ağayevdən 22.0 min ABŞ dollarını alıb. Lakin onların maddi imkansızlıqları üzündən qalan məbləğin əldə olunmasında çətinlik yarandığına görə həbsdə saxlanılan Vaqif Ağayevin də payı olan Sumqayıt şəhərindəki evin təcili satışını təşkil etmək qərarına gəlib. T.Əliyev cinayət işinin 24 fevral 2010-cu il tarixdə baxılması üçün məhkəməyə göndərilməsinə və həmin tarixdən təqsirləndirilən şəxs Vaqif Ağayevin məhkəmənin hesabına keçirilməsinə baxmayaraq, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, Bakı şəhər 7 saylı Dövlət Notariat kontorunun notariusunu notariat əməliyyatı aparılmasından ötrü təcridxanaya buraxılmasına dair məktub hazırlayıb notariusun İstintaq Təcridxanasına buraxılmasını təşkil edib. Etibarnamə əsasında Sumqayıt şəhərindəki evin satışından əldə olunmuş 19.0 min ABŞ dollarını Mehdi Ağayevdən alıb, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 20 may 2010-cu il tarixli hökmü ilə Vaqif Ağayev Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azaldıqdan məhrum etmə cəzasına məhkum olunub. Bundan sonra Mehdi Ağayevin tələbi ilə aldığı pulun 20.0 ABŞ dollarını qaytarıb, 21.0 min ABŞ dollarını aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurub.

 

Tərlan Əliyevə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyatı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı