Milli Məclisin keçmiş sədri, hazırda ABŞ-da siyasi mühacir həyatı yaşayan Rəsul Quliyev Azərbaycanda Müqavmət Hərəkatı yaratdığını elan edib. Modern.az bildirir ki, eks-spiker bunu dünən xalqa ünvanladığı videomüraciətdə açıqlayıb. R. Quliyev bildirib ki, insanların haqlarını müdafiə etməsi bu hərəkatın əsas məqsədi olacaq.
Hakimiyyəti tənqid edən R.Quliyev bildirib ki, vəziyyətin belə davam etməsi xalq üçün gələcəkdə faciə ilə qurtaracaq. Onun sözlərinə görə, ölkədə etirazlar aktları başlansa, bu xaotik aksiyalarla müşayət olunacaq.
“Bu dağıdıcı olacaq və qan töküləcək. Nəticədə ölkəyə xarici müdaxilə ola bilər. 1991-ci ildən bu yana olduğu kimi yenə torpaqları itirə bilərik. Ona görə mən neqativ halın qarşısını almaq üçün yeni texnologiyalardan istifadə edib Müqavmət Hərəkatı yaratmaq istəyirəm”-deyə eks-spiker vurğulayıb.
R.Quliyev qeyd edib ki, hərəkatı yaratmaqda məqsədi 2013-cü ildə hakimiyyətin yenidən indiki iqtidarda qalmasını əngəlləməkdir.
“Bunun üçün mən bloq yaratmışam və bu vasitə ilə fikirlərimi çatdırıram. Mən bu rəsmi bloq vasitəsi ilə mütəmadi olaraq canlı əlaqələr yaradacağam. Suallara internet vasitəsi ilə cavab verəcəyəm. Biz elə etməliyik ki, Müqavmət Hərəkatını hökümət hiss etməlidir. Biz gərək seçki saxtakarılığına imkan verməyək. Sizinlə bir yerdə bu işi görməyə hazıram”-deyə R.Quliyev bildirib. Milli Məclisin keçmiş sədri qeyd edib ki, bloqda hərəkatla bağlı yeni planları və proqramları təqdim edəcək.
R.Quliyev lideri olduğu Açıq Cəmiyyət Partiyasının və ənənəvi müxalifətin bu prosesdə roluna toxunmayıb.
Modern.az