“Kişi qeyrəti, qadın isməti” problemi bəşəriyyətin başlanğıcından indiyəcən davam edir. Asif Ata çıxışlarına o mövzu ilə başlamşdı. Onlar yoxa çıxmışdı, ona görə də Asif Ata qeyrətin və ismətin harayını çəkirdi. O, deyirdi ki, bu məsələlər canlı insanların ömrünə keçməlidir, kitablarda qalmamalıdır.
Həqiqət üçün söz deyən yalan uydurmamalıdır. Çox adama baxırsan ki, görüm bu kimdir – onun dizi əsir. Adamlar istəmir ki, onun necəliyi görünsün. Hamı istəyir ki, başqası onun haqqında yaxşı düşünsün. Ona görə Həqiqətə atom bombasına yanaşan kimi ehtiyatla yanaşmaq gərəkdir. Atom bombasıyla, minayla oyun oynamaq olmaz, onun qaydasıyla getməlisən. Həqiqət də elədir. Canlı insanlardan qıraqda isə Həqiqət yoxdur.
Kişi qeyrəti... ondan nə danışasan? Əgər televizorda deyirlərsə ki, kişi ləğv olunsun, bir neçə seçmə erkək qalsın... Belə olanda kişi qeyrətindən danışmaq olar?
İndi kişi qeyrətsizliyi, kişinin ləğvi məsələsi var. Kişi də, qadın da ləğv olunur.
İndi adamlar şərəfsizliyə, qeyrətsizliyə keflə, deyə-gülə, oynaya-oynaya, bədii, elmi şəkildə gedirlər. Bu harayları onlara söyləyəndə, deyirlər ki, bu adam nihilistdir, dahimizə qara yaxır.
Kişi qeyrətinə yaramayan qadın – heç nəyə yaramır. O, qadın deyil, dişidir. Yalnız qeyrətli kişiyə layiqdir qadın. Yalnız qeyrətli erkəyə kişi demək olar. Tuman dalınca gedən erkəyə kişi demək olmaz.
Kişi qeyrəti, qadın isməti üçün perspektiv yox edilir. Qızlarımızı ismətli böyüdürük. Kimə qismət olacaq onlar? Haradadır o, qeyrətli oğlan? Dünyanın bütün çılpaq eybəcərlikləri hər kəsin evinin içində at oynadır. Belə olan halda yeniyetmə qıza necə demək olar ki, duyğulanma! Kimsə qızına deyə bilməz ki, sənin ağlında mənim dediyim olsun, televizorda gördüyün yox! Deməli, köklü nə isə gərəkdir.
Mən Bestujevi də, Fukuyamanı da, başqalarını da oxudum. Onları da ümidsiz gördüm. Bestujev Beynəlxalq Futurologiya Akademiyasının prezidentidir, o da dad çəkir ki, insanlar yaşaya bilməyəcəklər. Bütün bunlardan sona mən deyirəm ki, doğrudan da qurtuluşa bənzər bir şey varsa – o, Ocaqdır. Çünki Ocaqda gop, nümayiş qəbul olunmur. Yalnız Ocaq məni ümidləndirir.
Kişi qeyrəti, qadın isməti həyatdan silinir, onun qayğısını çəkmək gərək. İndi mənəviyyat problemi daha da kəskinləşib. O şey ki, ismətə xidmət eləyir – insana və ruhaniyyata aiddir. O şey ki ismətsizliyə xidmət eləyir – heyvanlığa aiddir.
“Həyalı ol” nə deməkdir? “Heyvandan uzaq ol” deməkdir.
“Mənəviyyatlı ol” nə deməkdir? Yəni “Heyvan olma”. Heyvanların paltarı olmur. Heyvanların pünhanlığı yoxdur. Ona görə də İnsan heyvanı yamsıladığı dərəcədə ismətsiz və qeyrətsiz olur. Heyvanların ən güclüsü aslanda tük qədər qeyrət yoxdur. Güclü olmaq qeyrətli olmaq deyil. Ona görə də insanların geyim məsələsi çox ciddi problemdir. Çılpaqçılıq heyvanlığa xidmət eləyir. Ona görədir din tərəfindən çadraçılıq. Sonradan onu siyasətə çevirdilər. Çünki yayıldıqları yeri itaətdə saxlamaq qaçılmazlığı ortaya çıxdı.
İnsan – heyvan deyil. İnsan orqanizminin heyvani relyefi ilə başqasını cəlb eləmək – heyvanlıqdır!
Əgər tərbiyəyə “Mən səni tərbiyə edəcəyəm” deyib başlasan, heç bir nəticə olmayacaq. Tərbiyənin vasitəsi var: o vasitə ilə sənin dediyini yerinə yetirən adam məqsədə doğru gedir.
“Mən səni qeyrətli edəcəyəm” deyəndə alınmır. Adamı qeyrəti yaradan işə göndərəndə – alınır.
Mütləqə İnamı həyata gətiririk, xalqımızı xalq şəklinə salırıq. İndi Azərbaycanda türk milləti yoxdur, türklər var! Onu millət halına gətirmək üçün gərək türkə millət kimi məşğul olduğu bir ruhani mövzu, məqsəd verəsən. O da Mütləqə İnamdır. Xalq onunla məşğul olsa, mənəviyyat məcburən yüksələr.
Əbədi düzələn mənəviyyat yoxdur. Mənəviyyat əbədi cəbhədir, əbədi iş sahəsidir. Məşğul olursan, mənəviyyat yaranır. Mənəviyyatın pozulması həmişə olacaq. Amma toplum ali, ümumi, ruhani bir işlə məşğul olanda onun mənəviyyatı düzələcək. Necə ki, insanlar müharibə vaxtı bütün güclərini bir yerə yığıb birləşirlər, gözəl mənəviyyat göstərirlər, çətinliyi yenirlər. Ona görə də İnamın həyata gəlməsi kişidən qeyrət istədiyi kimi, kişiyə qeyrət də verir.
Mən Ocaqçı olaraq gopa, kələyə inanmıram, istəmirəm. Mən çözüm axtarıram. Çözüm də insani münasibətlərdir. O adama mən böyük mənada kişi deyirəm ki, çənəsi yerə dəyənə, ölüb gedənə qədər bir sifətdə qalır. Onda xalqa, bəşəriyyətə, Ocağa da xidmət eləmək olar.