Hazırda dövlət orqanlarına vətəndaşlar tərəfindən daxil olan şikayətlərə, sorğulara baxılması üçün "qaynar xətt" xidmətləri fəaliyyət göstərir. Müvafiq zamanlarda "qaynar xətt" xidmətlərinə daxil olan müraciətlərlə bağlı hesabatlar açıqlanır.
Amma bu xidmətlərin fəaliyyəti barədə cəmiyyətdə birmənalı fikir yoxdur. Bəziləri hesab edir ki, bir çox dövlət qurumunun "qaynar xətt" xidməti aktiv fəaliyyət göstəmir, zənglər nəticəsiz qalır, qaldırılan problemlərə reaksiya verilmir.
Doğrudanmı belədir?
Modern.az-ın əməkdaşı məsələ ilə əlaqədar bir sıra dövlət qurumunun "qaynar xətt" xidmətindən münasibət öyrənməyə çalışıb.
Misir Mərdanov "qaynar xətt"ə gələn suala cavab verib
Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili şöbəsinin böyük məsləhətçisi, nazirlikdə milli strategiyanın tələblərinə müvafiq olaraq yaradılmış korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupun üzvü, "qaynar xətt" xidmətinin koordinatoru Ənvər İmanov bildirib ki, "qaynar xətt" xidməti Təhsil Nazirliyində əvvəllər ali və orta istisas təhsili müəssisələrində qış və yay imtahanları dövründə təşkil edilirmiş və imtahan müddətində baş verəcək neqativ halların aradan qaldırılmasına xidmət göstərirmiş.
“2004-cü ildə Korrupsiya Qarşı Mübarizə üzrə Dövlət Proqramı”, 2007-ci il 28 iyulda “Şəffaflığın artırılması, Korruspiya Qarşı Mübarizə üzrə Milli Strategiya” qəbul edilədən sonra "qaynar xidmət" keyfiyyətcə inkişaf etməyə və Azərbaycan təhsil sistemini əhatə etməyə başladı”-deyə "qaynar xətt" sözçüsü bildirib.
Nazirliyin "qaynar xətt" xidmətinin il boyu işlədiyini deyən Ə.İmanov qeyd edib ki, bununla bağlı hər il qaydalar təzələnir və ilin əvvəlində bu qaydalar təhsil naziri tərəfindən təsdiqlənir.
O, həmçinin qeyd edib ki, Təhsil Nazirliyi normal iş rejimində işləyən təşkilat olduğu üçün "qaynar xətt" həftənin 5 günü işləyir.
“Burada növbətçilik sistemi müəyyənləşib. İşçilər hər ay yenilənir. İş saatı səhər saat 9:00-dan axşam axşam saat 18:00-a qədərdir. Günorta nahara çıxmaq şərtilə işçilərimiz fasiləsiz olaraq növbə ilə işləyirlər. Ancaq [email protected] e-mail ünvanı 24 saat işləyir və hər gün səhər xətt açılan kimi poçta daxil olan müraciətlər oxunur və onlarla əlaqələdar rəhbərliyə məlumat verilir. Poçta, o cümlədən telefonla daxil olan müraciətlər ya anında cavablandırılır, ya da lazımi şəxslərə ünvanlandırılır” deyən "qaynar xətt" xidmətinin koordinatoru onlara daxil olan müraciətlər içərisində sorğuların üstünlük təşkil etdiyini vurğulayıb. Onun sözlərinə görə imtahanlar, müəllimlərin işə qəbulu, tələbələrin təqaüdünün ödənilməsi, müəllimlərin əmək haqlarının hesablanması qaydası, dərs yükünün hesablanması və s. ilə bağlı müraciətlər daxil olur:
“Elə olur ki, biz müraciət edənlərə telefonla danışılan anda cavab veririk, elə məsələlər olur ki, aydınlaşdırmaq üçün müvafiq sturukturlarla əlaqə saxlayıb cavab veriririk və ya müxtəlif şöbələrlə əlaqə saxlamalarını məsləhət veririk”.
Ənvər İmanov "qaynar xətt" xidmətləri tərəfindən sorğuların cavablandırılmaması və ya edilən zəngələrə cavab verilməməsi ilə bağlı şikayətlərə də aydınlıq gətirib: “Belə şikayətlər çox olub. Hətta "qaynar xətt" xidməti ilə bağlı şikayətlər nazirə, nazir müavinlərinə, yuxarı təşkilatlara da olub. Sonda məlum olub ki, cavab verməyən Təhsil Nazirliyinin "qaynar xidməti" deyil.
Burada hər gün əməkdaşlarımız dörd növbə ilə çalışırlar: Səhər saat 9-dan 11-ə, 11-dən 13-ə, 14-dən 16-ya, 16-dan 18-ə kimi. Əlavə olaraq hər gün nazirliyin hansısa şöbə müdiri növbətçi olur. Eyni zamanda, qəbul saatlarında nazir müavinləri vaxtlarının yarım saatını həmin dinləməyə həsr edirlər. Hərdən nazirimizin özü də "qaynar xətt"ə daxil olan müracitələrə cavab verir”.
Təhsil Nazirliyinin "qaynar xətt" xidməti - telefonlar: 496-34-82; 496-37-61; e-mail: [email protected]
***
Ekologiya və Təbii Sərvətlər Nazirliyi: “Bzidə belə hadisə ola bilməz”
Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, nazirliyin "qaynar xətt" xidməti 2002-ci ilin 2 sentyabr tarixindən fəaliyyət göstərir. Qaynar xətt xidmətinin 24 saat fasiləsiz olaraq fəaliyyət göstərdiyini deyən İ.İbrahimova orada 3 nəfərin çalışdığını qeyd edib: “"Qaynar xətt" xidmətinə daxil olan bütün siqnallar, təkliflər araşdırılır və onların həlli istiqamətində işlər görülür. "Qaynar xətt"ə ayrı-ayrı vətəndaşlar tərəfindən daxil olan bütün sorğular operativ qaydada təmin olunur. Ümumiyyətlə, vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin etmək məqsədilə bizim mərkəzi aparatda "qaynar xətt" rabitə əlaqəsi yaradılıb. Bu da 24 saat fəaliyyət göstərir. Burada sorğuların kimə aid olması və s. dərhal əksini tapır, aidiyyatı müəssisələrə, idarə və təşkilatlara ötürülür və yerindəcə araşdırılır”.
İradə İbrahimovanın bəzən "qaynar xətt" xidməti tərəfindən sorğuların cavablandırılmaması və ya edilən zəngələrə cavab verilməməsi ilə bağlı şikayətlər edilməsinə cavabı belə olub: “Bizdə belə hadisə ola bilməz. İstəsəniz zəng edə bilərsiniz. Nazirliyin "qaynar xətt" xidmətində 24 saat ərzində daxil olan zənglərə cavab verilir və operativ olaraq da tədbirlər görülür. "Qaynar xətt"in fəaliyyəti fasiləsiz təmin edilir”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyində "qaynar xətt" - 439-18-63, 438-13-35
***
İqtisadi İnkişaf Nazirliyi: “Sorğu qısa zamanda cavablandırılır”
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi 2009-cu ilin sentyabrın 1-dən fəaliyyət göstərir. Onun sözlərinə görə, Azərbaycanın istənilən yerindən stasionar və mobil telefonlardan 195-2 telefon xidmətinə zəng etmək olar: “Mərkəz canlı rejimdə, iş günlərində fasiləsiz olaraq saat 9:00-dan 18:00-dək fəaliyyət göstərir. "Qaynar xətt" xidmətində kifayət qədər yüksək səviyyəli mütəxəssislər oturub. Daxil olan suallar dərhal cavablandırılır. Hər hansı sorğunun araşdırılmağa ehtiyacaı varsa, o zaman nazirliyinin müvafiq strukturları ilə əlaqə saxlanılıb, öyrənilir və ən qısa zamanda cavablandırılır”.
İqtisadi İnkişaf Nazirliyində "qaynar xətt" - 195-2
***
Maliyyə Nazirliyinin "qaynar xətt"ində bir nəfər çalışır
Maliyyə Nazirliyinin "qaynar xətt" xidməti üzrə mütəxəssisi Natella Qurbanova bildirib ki, onlarda iş rejimi dövlət işində olduğu kimi saat 9:00-dan 18:00-ə qədərdir: “Həftənin beş günü işləyirik. Burada yalnız mən oluram. Ümumiyyətlə, zəngələrə baxılmaması və qaldırılan problemlərə reaksiya verilməməsi hadisəsi bizdə olmur. Bütün zənglərə, şikayətlərə baxılır və dərhal da cavab verilir”.
Maliyyə Nazirliyində "qaynar xətt" - 404-46-99 (+195)
Aytən ƏLİYEVA