Misir Mərdanovun 65 illiyinə
Evimizdə babamın iki mürəkkəbli qələmi var. Mərmər altlığına “söykənib” neçə illərdi bizimlə “yaşayırlar”. Babam təqaüdə çıxanda 51 il müəllim işlədiyi məktəbdə xudmanı bir mərasim keçiriblər, bu yaraşıqlı dəsti də ona orada bağışlayıblar. Nənəmin sağlığında “babanın qələmləri” evimizin laaaaaaap yuxarı başındaydı. Məktəbə gedəndə onun masamın üzərində olmasını çox istəyirdim. Amma bilirdim ki, nənəm icazə verməz... Arzum 9-ci sinifdə gerçək oldu. Nənəmin yoxluğunda da sağlığındakı kimi qürur duyduğu həyat yoldaşının yanına köçəndən sonra...
Qələmlər yenə bizdədi. Adlarını dəyişib - “böyük babanın qələmləri” olublar. Adları böyüsə də statusları bir az kiçilib, deyəsən. Evimizin əziz əşyaları sırasında olsalar da onları gah pianonun, gah uşaqların yazı masasının, gah da jurnal stolunun üstündə görürəm. Necə deyərlər, günləri çağdaş Azərbaycan təhsilinin günündədi - əli yetən hara istəyir, ora da qoyur...
Bu il yaş senzinə görə 33 min işçi işsiz qaldı. Onların təxminən yarısı müəllimlərdi. 65 yaşı tamam olan müəllimlərin yeni tədris ilindən işləməyəcəyi haqda xəbərlər may ayından dolaşırdı. Gah dedilər, onlara dövlət qulluqçusu statusu veriləcək, gah dedilər, pensiyaları artırılacaq. Ancaq yaxşı heç nə baş vermədi. Yay tətilindən məktəbə dönən yaşlı müəllimlərə dedilər ki, artıq əmriniz verilib, yerlərinizə də vakansiya elan olunub, gedə bilərsiz. Beləcə bütün ömrünü təhsilə həsr edən qocaman müəllimləri ahıl yaşlarında hörmətsizcəsinə işdən uzaqlaşdırdılar.
Mən müəllimliklə bağlı yaş senzinin yüzdə-yüz tərəfdarıyam. Bilgisayarı oyuncaq kimi işlədən uşaqlara mobil telefonun “əlində” girinc qalan müəllim nə öyrədəcək ki? Ancaq bir iş tutanda “iştirakçı” tərəflərdən yalnız birinin maraqlarını qorumaq ədalətsizlikdir axı... Deyəsən mən lap sadəlövhəm - ədalət-filan axtarıram.
Bir hökumət binasında sadə bir törən, bir dəstə gül, balaca bir hədiyyə, icra başçısıyla, bölgənin millət vəkiliylə, sayılıb-seçilən adamları ilə xatirə şəkli... 17-18 min insana sayıldığını, sevildiyini göstərməyin məsrəfi neft ölkəsi üçün nə çətin işdir ki?... Olmasın ildə 3 dəfə sökülüb-tikilən hansısa səki...
Babası, nənəsi müəllim olan uşağa yadigar “baba qələmi” mütləq gərəkdi. Böyüyüncə dövlətin təhsilə gerçək münasibətini anlamaq üçün.
Yaş senzinin bütün “qurbanlarına” sayğılarla...