Modern.az

Corabı cırıq azərbaycanlılar

Corabı cırıq azərbaycanlılar

Ölkə

11 Dekabr 2011, 19:23

Azərbaycan dünyanın ən bahalı ölkələrindən biridir. Bunu anlamaq üçün İrana, Türkiyəyə, ya da kasıb Gürcüstana səfər etmək kifayətdir. Hər dəfə belə səfərlərdən qayıdandan sonra ölkələrimiz arasında paralellər aparıb, xeyli məyus oluram. İçində yaşadığımız problemlər bəzən kənardan daha aydın görünür... 

Biləsuvar sərhəd məntəqəsindən İran ərazisinə keçəndə, sanki nağıllar aləminə düşdük. Qiymətlər Azərbaycanda olduğundan iki-üç dəfə ucuz idi. Bananın bir kiloqramını 80 qəpiyə satırdılar. Avtobusumuzdakı sərnişinlərin hamısı banan aldı. Hərə bir tərəfə çəkilib, banan yeyirdi. Maraqla bu mənzərəni seyr etdiyimi görən 45-50 yaşlı bir kişi dedi: "Bakıda gücümüz ancaq uşaqlar üçün banan almağa çatır. Bir halda ki, belə ucuzdur, biz də dadına baxaq". Ötən həftə bu hadisəni jurnalist dostum Rey Kərimoğluna danışanda, onun reaksiyası belə oldu: "Biləsuvar bahalı yerdir. Mən Təbrizdə olanda bananın bir kiloqramını 30 qəpiyə alırdım".

Ötən ay Naxçıvanda olanda istilik sistemi və suyu olmayan səliqəsiz bir oteldə gecələmək üçün bizdən 24 manat pul tələb etdilər. Amma İğdırda xalı ilə döşənmiş lüks bir oteldə qalmaq üçün cəmi 20 manat ödədik. Səhər və axşam yeməkləri də bu məbləğə daxil idi. Xidmətin səviyyəsi Bakıdakı ən bahalı otellərlə müqayisədə xeyli yüksək idi. Göstərilən xidmətin müqabilində hər sutka üçün cəmi 20 manat ödəyəndə əməlli-başlı utandım. Azərbaycan dövlətinin turizm siyasətini həyata keçirən adamların yerinə... 

Ötən il Ankarda olarkən toyuq ətindən hazırlanmış bir dönər üçün bizim pulla cəmi 45 qəpik ödəmişdim. Bu barədə Bakıda yaşayan türk iş adamlarından biri ilə söhbət edəndə, belə demişdi: "Biz Azərbaycanda satdığımız hər dönər üçün təxminən 1 dollar rüşvət ödəyirik". Yadıma əcnəbi iş adamlarının ölkəmizdəki rüşvətxorluqla bağlı verdiyi bəyanatlar düşdü. Həmin biznesmenlərin çoxu Azərbaycanı artıq tərk edib. Monopoliya və misli görünməmiş rüşvətxorluq Azərbaycanı dünyanın ən bahalı ölkələrindən birinə çevirib. Monopolistləri isə hamı tanıyır. Çünki bu adamlar uzun illərdir ki, "vitrin"dən düşmürlər. 

İki həftə əvvəl Qazax rayonuna getmişdim. Çoxdan görmədiyim dostumla əlaqə saxlamaq istəsəm də, telefonuna zəng çatmadı. Sonra öyrəndim ki, Gürcüstana gedib. Bələdçimiz dedi ki, Qərb bölgəsində yaşayan əhali zəruri ərzaq məhsullarını almaq üçün ayda bir dəfə Tiflisə gedir. Tarixin ironiyasına bax, ha! Kasıb Gürcüstan azərbaycanlılar üçün ümid yerinə çevrilib. Cənub bölgəsinin əhalisi bazarlıq üçün İrana, naxçıvanlılar isə Türkiyəyə gedirlər. Dostlar bunu zarafatla "iqtisadi inkişafın Azərbaycan modeli" adlandırırlar. Mən, əminəm ki, bu "model" Azərbaycandan başqa dünyanın heç bir ölkəsində tətbiq olunmayacaq. 

Jurnalist həmkarım Elşad Ümidə baş çəkmək üçün üç-dörd gün əvvəl 1 saylı Kliniki Mərkəzə getmişdim. Qəbul şöbəsində olduğum təxminən yarım saat ərzində ağır qəza keçirmiş üç-dörd adamı xərəklə yanımdan apardılar. Hamısının corabı cırıq idi. Halbuki corab ən ucuz geyim növü sayılır. 

P.S. Bu sətirləri klaviaturada döyəcləyib qurtarandan sonra qeyri-ixtiyari olaraq, ayağıma baxdım. Mənim də corabım cırıq idi. Axı, mən də azərbaycanlıyam...

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı