Modern.az

Azərbaycan İran əleyhinə kampaniyaya qoşulsa yaxşıdır, qoşulmasa..? - ŞƏRHLƏR

Azərbaycan İran əleyhinə kampaniyaya qoşulsa yaxşıdır, qoşulmasa..? - ŞƏRHLƏR

Ölkə

12 Dekabr 2011, 16:16

Siyasi partiya təmsilçilərinin fikirləri....

Son vaxtlar İranın başda ABŞ olmaqla Qərb dövlətlərilə münasibətləri get-gedə gərginləşir. ABŞ, Fransa İrana yeni sanksiyalar tətbiq ediləcəyini bildiri, İran isə öz növbədə həmin dövlətlərə sərt cavablar verməkdən çəkinmir. Bu qarışıqlıqda Azərbaycan hansı tərəfdə durmalıdır? Siyasi partiya nümayəndələri Qərb - İran məsələsində Azərbaycanın durumunu Modern.az saytına şərh ediblər.

Musavat Partiyasının (MP) Məclis sədri Arzu Səmədbəyli bildirib ki, dünyanın demokratik ölkələri İranı insan həbsxanası adlandırırlar. Onun sözlərinə görə, İran dünyada insan haqlarını ən çox pozan dövlətlərdən  biridir.

“İranın Azərbaycana qarşı o qədər də dost olmayan münasibəti göz qabağındadır. Vaxtaşırı quru, hava, su sərhədlərimizin pozulması, Azərbaycanın ərazi bütövlüyünü təhdid edən İran rəsmilərinin mövqeləri, eyni zamanda İranda yaşayan 35 milyondan çox soydaşımıza qarşı diskriminasiya siyasətinin həyata keçirilməsi və onların hüquqlarının kobudcasınə pozulması, zaman-zaman qalxan xalq hərəkatının qanla basdırılması... Bütün bu münasibətlər fonunda Azərbaycan höküməti təəssüflər olsun ki, İranla siyasətini həddindən artıq qarşılıqlı güzəşt və qorxaq mövqeyində qurur. Yəni İrana onun layiq olduğu yeri göstərmir və göstərə bilmir”.

Bunun səbəbini bilmədiyini deyən Arzu Səmədbəyli İranda yaşayan soydaşlarımıza edilən təhdidlərə qarşı nə dövlət başçısı, nə Azərbaycan Xarici İşlər Nazirliyi, nə Diasporla İş üzrə Dövlət Komitəsi, nə də Milli Məclisin sədri səviyyəsində münasibətlərə rast gəldiyini qeyd edib.

“Amma İran rəsmilərinin dilindən hər zaman Azərbaycanın ərazi bütövlüyü təhdid edən fikirlərə rast gəlmişik. Həmçinin, Azərbaycanın 20 faiz torpağını işğal edən ermənilərlə İranın isti münasibətlərinin şahidiyik və İranda yaşayan ermənilərə qarşı olan münasibətlə Azərbaycan türklərinə qarşı olan münasibətin fərqini görürük”.

Azərbaycanın indiki durumda kimin yanında yer alması məsələsinə gəlincə, Müsavat rəsmisi belə deyib: “Azərbaycanın dövlət təhlükəsizliyi, dövlət maraqları nəyi tələb edirsə, o siyasət həyata keçirilməlidir”.
Onun sözlərinə görə, İrana qarşı hər hansı bir təcavüz, yaxud əməliyyatda ortaq iştrakdan söhbət gedə bilməz. Çünki bu, Azərbaycanın dövlət maraqlarımıza cavab verməyən bir siyasətdir.

“Söhbət tək Azərbaycandan gedir. Azərbaycanın özünün hər hansı qonşu dövlətlə bağlı nə ərazi bütövlüyü, nə də torpaq məsələsi siyasəti indiyə qədər olmayıb və bundan sonra da olmayacaq. Amma Azərbaycan dünya birliyinin, Avropa Şurasının üzvüdür, Azərbaycan Avroatlantik  məkana inteqrasiya istiqamətində addımlar atır.

İrana qarşı tətbiq olunan siyasətdə Azərbaycanı da dünya ölkələrinin biri kimi qeyd etmək lazımdır. İstər insan haqları, istər İranda qurulan nüvə zavodunun dayandırılması, istərsə demokratiya və s.  məsələlərlə bağlı Azərbaycan dünya birliyi ilə bir hərəkət etməlidir”.

Arzu Səmədbəyli İran məsələsinin digərlərindən fərqli olaraq daha həssas məsələ olduğunu vurğulayıb. Çünki burada dünyanın heç bir yerində olmayan bir hal yaşanır. Azərbaycan türkləri İranda sayca çoxluq təşkil edən etnik qrupdur.

“Dünyanın heç bir dövlətində belə bir şey yoxdur, etnik çoxluq olasan, amma orada  dövlət dili Azərbaycan dili olmasın və həmin etnik qrup bu qədər təzyiqlərə, təqiblərə, diskriminasiyaya məruz qalsın. Hesab edirəm ki, Azərbaycan bu məsələyə çox həssas yanaşmalıdır, eyni zamanda oradakı soydaşlarımızın mövqeyi də nəzərə alınmaldır. Dünyanın bir çox ölkəsinə səpələnmiş İrandan  olan  Azərbaycan türklərinin fikirləri dəyərləndirilməlidir.

Azərbaycan həm milli, həm də öz dövlət maraqları baxımından çıxış etməlidir. Əgər dünya birliyi İrana qarşı sanksiyalar tətbiq edəcəksə və Azərbaycandan da dünya birliyi , demokratik dünya ilə bir yerdə olmaq tələb olunacaqsa və Azərbaycanın dövlət maraqları bunu tələb edəcəksə, Azərbaycan qorxaqlıq nümayiş etdirməməli və cəsarətlə bu addımı atmalıdır” - deyə sonda partiya rəsmisi əlavə edib.

Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa isə hesab edir ki, İran dini baxışlar etibarı ilə Azərbaycana yaxın bir ölkə olsa da, Azərbaycanan düşmən vəziyyətində olan Ermənistanı dəstəkliyir.

“Bu baxımdan da sırf qonşuluq prinsipi, din birliyi anlayışı ilə İranla bizim yaxınlığımız səmimi deyil, sadəcə olaraq biz İranla bir-birimizə zərər yetməsin deyə, qonşuluq münasibətlərini davam etdirməklə münasibətlər qururuq. Amma bütün hallarda İrana qarşı beynəlxalq güclərin hər hansı bir şəkildə müdaxiləsi və təşkil elədiyi müəyyən hücumlar Azərbaycanın marağında deyil, bu baxımdan ki, bölgədə müharibənin baş veriməsi bütün hallarda Azərbaycanı zərbə altında qoya bilər. Ona görə də biz İranla daha ehtiyyatlı bir siyasət yürütmək məcburiyyətindəyik. Baxmayaraq ki, İran Azərbaycana qarşı səmimi davranışlar ortaya qoymasa da, digər tərəfdən Azərbaycanın atdığı addımlarda da İranı qane etməyən tərəflər var. Xüsusən Azərbaycanla İsrail arasında olan münasibətlərdə. Amma bu məsələdə İranın daha çox şansları var ki, Azərbaycan cəmiyyətinin dəstəyini qazansın, Azərbaycan cəmiyyətini özünə təhlükəsizlik obrazında təqdim edə bilsin. Təssüflər olsun ki, Ermənistana verilən dəstək İranın bütövlükdə Azərbaycana münasibətinin səmimi olmadığının bir göstəricisidi. Bu baxımdan da bu münasibətləri ehtiyatlı aparmağa hər iki tətəf borcludu və bir-birinə qarşı hansısa aksiyalarda, koalisiyalarda iştrak etməməyə üstünlük verməlidirlər”. 

Fazil Mustafa bildirib ki, Azərbaycan bütün hallarda İrana qarşı yönələn hər hansı bir kampaniyada iştrak etməməlidi. Çünki bu kampaniyalarda əsas hədəf  İranın zəiflədilməsi, müəyyən dərəcədə İraq və Əfqanıstanın gününə salınmasıdır.
“Bunun ən böyük zərərini Azərbaycan çəkəcək” deyən deputatın sözlərinə görə, Azərbaycan bir halda İranla bağlı məsələlərdə ən azı müəyyən neytrallığını poza bilər.

“Məsələ də ondan ibarətdir ki, İranda yaşayan 35 milyon Azərbaycan türklərinə insan haqları konteksində önəm verilsin. Əgər beynəlxalq güclər İranda olan xalqların azad, demokratik dövlət qurması yönündə mübarizəni dəstəkləyəcək mahiyyətli addımlar atsa, bu, Azərbaycanın müəyyən itkilər bahasına da olsa, özünün gələcəyə yönəlik hər hansı bir strateji kursunun həyata keçirməsi üçün vacib addım olar. Çünki bu gün İranın hər hansı bir  şəkildə  zərbəyə məruz qalması birinci növbədə bizim bir marağımızı təmin edir. Ermənistana dəstək verən dövlətin biri azalır, biz məsələyə yalnız bu kontekstdən yanaşırıq. Əgər İran Ermənistana dəstək verməkdən əl çəksə, İranla bağlı bizim hər hansı ciddi problemimiz qalmır. İkinci bir məsələ isə İranda olan 35 milyon Azərbaycan türklərini biz dəstəkləyirik, çünki onlar bizim qan qardaşımızdır, onların azadlıq haqqının tanınması üçün biz də fədakarlıq göstərməliyik. Əgər bu haqqın tanınması öncünlük kəsb edirsə və bu siyasətin öncül maddəsi kimi olursa, onda bu məsələdə bizim hər halda üslubumuz, davranışlarımız dəyişə bilər. Digər bir halda isə İranın hər hansı bir şəkildə vurulması, orada rejim dəyişikliyi, xaotik bir ölkəyə çevrilməsi bizim maraqlarımıza uyğun deyil”.

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə isə bildirib ki, Azərbaycan hər zaman İrana qarşı normal qonşuluq siyasəti yurutməyə çalışıb və bu istiqamətdə öz səylərini davam etdirir.

“Amma təssüflər olsun ki,  İranın bir çox rəsmiləri Azərbaycana qarşı çox çirkin və qonşuluq siyasətinə uyğun olmayan açıqlamalar verirlər, Azərbaycana təzyiq göstərməyə çalışırlar. İranın tək Azərbaycana qarşı deyil, bir sıra dünya ölkələrinə qarşı xoşagəlməz hərəkətlərini müşahidə edirik. Azərbaycanın siyasəti dəyişməz olaraq qalır, Azərbaycan İranla normal qonşuluq siyasətini davam etdirməyə çalışacaq. Hesab etmirəm  ki, hansısa antiiran kampaniyası mövcüd olacaq və Azərbaycanın bu istiqamətdə öz seçimini etməyə ehtiyac qalacaq. Azərbaycan öz siyasətini davamlı olaraq icra edəcək. Azərbaycanın İrana qarşı siyasətində hansısa köklü dəyişiklik gözləmirəm”.


Mail AĞAXANOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı