Bir müddət öncə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi telekanallarımızda uşaq verilişlərinin statisikasını açıqlamışdı. Statikada bu tip verilişlərin 2011-cu illə müqayisədə 2012-ci ilin 3 ayı ərzində 7,9%- dən 6,3%-ə düşdüyü göstərilib.
Bir çox xarici ölkələrdə uşaqlar üçün ayrıca telekanallar fəaliyyət göstərir. Bizim teleməkanımızda isə uşaqların izləyə biləcəyi və onların maariflənməsinə, əylənməsinə xidmət göstərəcək verilişlər azdır. Uşaqların bizim gələcəyimiz olmasını nəzərə alsaq, dünya təcrübəsinə uyğun uşaq televiziyası bizdə də açıla bilərmi?
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Modern.az-a açıqlamasında bildirib ki, ölkədə ayrıca uşaq televiziyasının açılması elə də asan məsələ deyil.
“Azərbaycan kimi kiçik ölkələrdə bu elə də asan məsələ deyil. Böyük ölkələrin böyük auditoriyaları, reklam bazarı olur və ayrıca uşaq televiziyaları açılır. Amma kiçik ölkələrdə bu mümkün deyil”.
N.Məhərrəmli qeyd edib ki, əgər dövlət uşaq kanalının açılmasını lazım bilərsə və bunun üçün vəsait ayırarsa, gələcəkdə belə bir tezliyin verilməsi mümkün ola bilər.
“Mədəniyyət və idman kanallarının açılması dövlətin gündəmində olduğu üçün belə televiziyalar açıldı. Əgər dövlət uşaq teleleviziyasının da açılmasını lazım bilərsə, gələcəkdə buna baxıla bilər”.
Şura sədri hesab edir ki, hazırda telekanallarımız uşaq verilişlərinin sayını artımalı və yerli istehsal olan cizgi filmlərimiz çəkilməlidir.
Aytən ƏLİYEVA