Modern.az

Sərnişin nəqliyyatında yaz etüdləri

Sərnişin nəqliyyatında yaz etüdləri

Ölkə

16 Aprel 2012, 13:05

və ya sürücülərlə sərnişinlər arasında qaydasız döyüş çempionatı

Bu günkü qeybətimiz Hacıbala müəllimin sözü olmasın, Bakımızın avtobus nəqliyyatındakı ekstravaqant mənzərələrlə bağlı olacaq. Başlayaq el arasında “basabas” adlanan prosesdən.

İldən-ilə paytaxtda avtobusların sayının artmasına baxmayaraq, sərnişinlər ayaq üstə getməyə belə yer tapmırlar. Bu səbəbdəndir ki, bir-birinə yapışmış halda gedən vətəndaşlar maşından enəndə bir xeyli özlərinə gələ bilmirlər.

Bu həlledilməz əbədi problem nəticəsində şəxsən mən çantamı yeni ləvazimatlarla xeyli zənginləşdirmişəm- bu sıraya paltar və ayaqqabı şotkası, krem, müxtəlif əski parçaları, kiçik butulkada su, daraq, güzgü, ütü və sairə daxildir.

İntellektual idarəetmə sistemi tətbiq olunması kimi məsələləri eyninə belə almayan avtobus sürücüləri bütün qanunlara, qaydalara, normalara, təlimatlara tüpürərək, kefləri istəyən kimi işləyirlər. Biri yolda “avtoşluq” edir, o biri kefi istəyən yerdə dayanıb yarım saat mürgü vurur ki, ağzınadək dolmuş maşındakı sərnişinlərin belinə daha bir neçə nəfər minsin, digəri dayanacaqda saxlamır, amma yol boyu hər 5 metrdən bir dayanıb sərnişin mindirir... eeh saymaqla bitməz.

Dünən axşam işdən çıxan bəndeyi-həqiriniz Təbriz küçəsində özünü ermənilərə təhvil verib adına saray açdığımız “Şuşa”nın qarşısındakı dayanacaqda yorğun və ac halda düz bir saat dayanmasına baxmayaraq, 183 nömrəli həşəmətli maşrut avtobuslarının heç biri dayanacaqda saxlamadı, axırda özümə gəlib hansı şəhərdə yaşadığımı fərq etdim və gedib dayanacaq olmayan yerdə mindim...

Bir çox hallarda avtobus dayanacaqda xeyli ləngiyir və artıq salonda iynə atmağa belə yer olmayanda yerindən tərpənir. Elə bu zaman arxadan fit səsi eşidilir və sürücü maşını saxlayıb gözləyir ki, növbəti “abbası”nı mindirsin. Sərnişinlərin onsuz da tarıma çəkilmiş əsəbləri korlanmasın neyləsin?

Bir də görürsən sürücü hansısa çayxananın yanında avtobusu saxlayıb düşür və sükanı verir yeniyetmə bir oğlana ki, “mən bir çay içənədək sən bir “kruq” vurub gəl”. Pay atonnan, indi oğulsan gəl həyatını riskə qoyub küçələrdə qızmış at kimi səyirdilən bu avtobusa min...

Bu yaxınlarda avropalılar üçün heyrətamiz sayılacaq adi bir hadisənin şahidi oldum. Sürücü qapını sərnişin düşməyə çalışarkən bağladığından onun əli qapı arasında qaldı. Sərnişin beyqafıl geri dönərək elə özü yaşda olan sürücünün üzərinə hücuma keçdi və avtobusun salonunda “qocalar arasında qaydasız döyüş çempionatı” başladı. Gərgin keçən və ikitərəfli sarsıdıcı zərbələrlə müşayiət olunan döyüş sərnişinlərin xeyli gecikmiş müdaxiləsindən sonra başa çatdı…

Gənc sürücülərin avtobus salonlarında olduqca gur səslə musiqi (çox vaxt meyxana, ya da toy mahnıları olur) oxutması sərnişinləri bezdirir. Bu haqda irad tutanda isə deyirlər ki, xoşun gəlmir, düş başqa avtobusa min, mənim kefim belə istəyir.

Sürücülər daha çox sərnişin götürmək üstündə dar küçələrdə “qonka”ya çıxırlar. Dayanacaqlara digərindən qabaq daxil olmaq üçün elə dəhşətli “tryuklar” göstərilir ki, Şumaxer görsə, inanın ki, həmin dəqiqə özündən getmişdi...

Öz aramızdır, sərnişinlərdə də az şey yoxdur. Avtobus salonlarında biri maqnotofonla telefonu səhv salaraq yüksək səslə musiqiyə qulaq asır, digəri bağıra-bağıra telefonla danışır, başqa biri yoldaşı ilə bərkdən küçə söhbətləri edir, bir ağıllısı isə sürücüyə yüzlük əskinas uzadır...

...Həmişə, köşələrə ayrılan yerin azlığından mövzum yarımçıq qalır ki, bu da məni  bərk əsəbiləşdirir. Bu məsələ ilə bağlı yazılası o qədər çox rüsvayçılıq var ki. Biz yazmasaq, heç vaxt, heç bir halda ictimai nəqliyyatdan istifadə etməyənlər real vəziyyəti hardan biləcəklər??!

P.S. Nəqliyyat Nazirliyinə sual- Sovet dövründə şəhər nəqliyyatında dəqiq qrafik var idi, sürücülərin məsuliyyəti, bilet satışı, sürücü-sərnişin münasibətləri normal səviyyədə idi. 20-25 il əvvəkli səviyyəyə qayıtmağımız üçün görəsən daha neçə il lazımdır??!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı