Modern.az

“AXCP və Müsavata görə İqbal Ağazadəni görüşə dəvət eləmədik”

“AXCP və Müsavata görə İqbal Ağazadəni görüşə dəvət eləmədik”

Ölkə

16 Aprel 2012, 16:57

“AXCP və Müsavatın xoş baxmadığı üçün İqbal Ağazadəni görüşümüzə dəvət etmədik”. Bu barədə ADP sədri Sərdar Cəlaloğlu dünən müxalifət partiyalarının gözlənilmədən bir araya gəldiyi görüşdə Ümid Partiyasının sədri İqbal Ağazadənin nə üçün iştirak etməməsi haqda sualımıza cavab verərkən deyib. O qeyd edib ki, İqbal Ağazadənin görüşlərə dəvət olunmamasınnın ən başlıca səbəbi AXCP və Müsavat Partiyasının buna narazı olmasıdır.

“Bilirsiniz ki, İqbal Ağazadə ilə bağlı məsələyə Müsavat Partiyası və AXCP xoş baxmırlar. Onlar İqbal bəyin bu görüşdə olmasını arzulamırlar. Buna görə, onu görüşdə iştirak üçün üçün dəvət etmədik”.

ADP sədri görüşlə bağlı təklifin AMİP sədri Yusif Bağırzadə tərəfindən irəli sürüldüyünü bildirərək qeyd edib ki, toplantıda daha çox ölkədə gedən siyasi proseslər, “Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə olunubvə bununla bağlı bəyanat hazırlanıb.

“Əvvəla biz beş müxalifət partiyası qərara gəldik ki, ölkədə olan aktual məsələlərlə bağlı görüşək, ümumi ortaq bir mövqe müəyyənləşdirək. Qeyd edim ki, bu nə assosiasiyadır, nə blokdur, nə də birlikdir. Sadəcə olaraq bu partiyalararası qeyri-rəsmi razılaşmadır. Bu dəfə də biz çoxpartiyalılıq sistemilə bağlı məsələyə toxunduq. “Siyasi partiyalar haqqında” qanun layihəsilə bağlı müzakirələr apardıq. Bununla bağlı bəyanat qəbul elədik”-deyə S.Cəlaloğlu əlavə edib.

 

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı