Modern.az

Prezident: “Hər gün biz qələbəyə yaxınlaşırıq”

Prezident: “Hər gün biz qələbəyə yaxınlaşırıq”

Ölkə

17 Aprel 2012, 09:14

Dünən Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclasda dövlət başçısı Qarabağ məsələsindən də danışıb.

Prezident Bakıda Avronest Parlament Assambleyasının ikinci sessiyasının keçirilməsinə toxunub: “Deyə bilərəm ki, bu sessiya Avropa İttifaqının xaricində ilk dəfədir ki, keçirilir. Təsadüfi deyildir ki, sessiyasının birinci ünvanı Bakı seçilmişdir. Sessiya çox yüksək səviyyədə keçirildi və yenə də bu, bizə imkan verdi ki, Avropa Parlamenti deputatlarına birbaşa müraciət edərək Azərbaycanın həm gördüyü işlər, həm mövqeyi haqqında məlumatı verək, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və həqiqətləri, azərbaycanlılara qarşı törədilən soyqırımı, erməni faşizmi haqqında mövqeyimizi bildirək. Xocalıda o qanlı faciəni, soyqırımını törədənlər faşistlərdir, bunun başqa adı ola bilməz. Mən bu imkanlardan istifadə edərək həm həqiqətləri, həm Azərbaycanın mövqeyi və gələcəyə ümumi baxışları haqqında fikirlərimi bildirmişdim”. 

O qeyd edib ki, bu ilin birinci rübündə beynəlxalq aləmdə də Azərbaycanla bağlı çox maraqlı və ciddi müzakirələr aparılıb: “Ölkəmiz beynəlxalq aləmin dəyərli üzvü kimi, öz sözünü deyir və deyəcəkdir.
Bizim xarici siyasətimiz daxili siyasətimizin məntiqi davamıdır. Xarici siyasətimiz əməkdaşlığın dərinləşməsinə hesablanıb. Biz bu istiqamətdə addımlar atırıq. Bizim xarici siyasətimiz açıqdır, aydındır və birmənalıdır. Bölgədə, dünyada rolumuz artır. Bu, həqiqətdir və bu həqiqətlə hesablaşmaq lazımdır. 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün beynəlxalq tədbirlərdə mən sözlərimi demişəm, Ermənistanın işğalçı siyasətini ifşa etmişəm. Bundan sonra da bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçı siyasətini ifşa edəcəyəm. Münaqişənin həlli ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməli, işğalçı qüvvələr torpaqlarımızdan geri çəkilməlidir. Beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüz tam şəkildə bərpa ediləcəkdir. Mən buna şübhə etmirəm. Biz həm iqtisadi sahədə, həm beynəlxalq aləmdə güclənirik. Hərbi potensialımız da güclənir. Bu sahəyə daim böyük diqqət göstərilir və göstəriləcəkdir. Biz güclü hərbi sənaye yaradırıq, eyni zamanda, böyük həcmdə hərbi texnika, silah, sursat alırıq və alacağıq. 
Mən hələ hava hücumuna qarşı silahlardan danışmıram, tanklar, artilleriya qurğuları, döyüş təyyarələri, müxtəlif silahlar, döyüş aparmaq üçün lazım olan bütün müasir ləvazimatlar alınır və alınacaqdır. Deyə bilərəm ki, hər bir yerdə olduğu kimi, bu sahədə də biz şaxələndirilmiş siyasət aparırıq, bir istehsalçıdan asılı deyilik. Bu sahədə bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır və imkanımız vardır. Biz bəzi başqa ölkələrdən fərqli olaraq heç nəyi müftə almırıq, pulla alırıq və bu siyasət davam edəcəkdir. 
Azərbaycanın artıq güclü ordusu vardır. Bütün silahlı qüvvələr bu gün istənilən vəzifəni – ölkəmizin bütün maraqlarını müdafiə etmək üçün hazırdırlar, buna qadirdirlər. Dağlıq Qarabağda və işğal edilmiş torpaqlarda Azərbaycanın suverenliyini bərpa etməyə hazırdırlar. Sadəcə olaraq biz istəyirik ki, bunu qan tökülmədən, sülh, danışıqlar yolu ilə edək və hər an, hər gün biz qələbəyə yaxınlaşırıq. Hər gün Ermənistan daha da böyük tənəzzülə uğrayır, Azərbaycan daha da güclənir. Biz hər gün qələbə gününü yaxınlaşdırırıq. Gün gələcək Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaqdır”.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı