
Möhlət hüququnun olmaması ali məktəbdə balansı ciddi şəklidə pozub
“Hərbi xidmətə çağırış haqda” qanunun magistratura və aspiranturada təhsili davam etdirmək üçün möhlət verilməsini nəzərdə tutan 19-cu maddəsi 2006-ci ildə ləğv edilib. O vaxtdan bu məsələ ətrafında tez-tez mübahisələr yaranır. Qanuna görə, hazırda bakalavr təhsili almış oğlanlar yalnız hərbi xidmət keçdikdən sonra magistraturaya qəbul oluna bilərlər. Bu isə uzun müddətdir ki, narazılıqlarla müşayiət olunur. Bir sıra ekspertlərin fikrincə, hərbi xidmətdən sonra oğlanların çox az hissəsi təhsiillərini davam etdirmək həvəsində olur. Nəticədə bəzi ali məktəblərdə magistr təhsili alanlar arasında qızlar üstünlük təşkil etməyə başlayıb.
Modern.az bununla bağlı apardığı araşdırmada maraqlı məqamları üzə çıxarıb.
Müraciət etdiyimiz 9 ali təhsil məktəbinin təqdim etdiyi nəticələrə əsasən, deyə bilərik ki, baklavr təhsili alan oğlanlar hərbi xidmətdən sonra yenidən təhsillərini davam etdirməyə həvəs göstərmirlər. 2011-2012-ci illər üçün magistr təhsili alan gələcək alimlərin faiz nisbəti müəyyən narahtlıq doğurmaya bilməz.
“Haydı,qızlar...” - ali məktəblərdə qızlar çoxdur
Bakı Dövlət Universitetində magistr təhsili alan tələbələrin 61 faizi qız, 39 faizi oğlandır.
Bakı Slavyan universitetində də qızlar liderdir. Bu ali məktəbdə magistr təhsili alan 271 tələbənin 215 nəfəri qız, 56 nəfəri oğlandır.
Eyni vəziyyət Azərbaycan Dövlət Pedaqoji Universitetidə də nəzərə çarpır. Burada magistraturanın əyani şöbəsində oxuyanların 343 nəfəri qız, 47 nəfəri oğlandır. Qiyabi şöbədə isə 412 tələbə təhsil alır. Onun 369-u qız, 43-ü oğlandır.
Azərbaycan Dillər Universitetinin əyani şöbəsində də magistr oğlanların sayı azlıq təşkil edir. Burada təhsil alan 123 tələbədən 12 nəfəri oğlan, 111 nəfəri qızdır. Qiyabi şöbədə oxuyan 40 nəfərdən isə 7-ci oğlan, 33-ü qızdır.
Yalnız Azərbaycan Dövlət Neft Akademiyasında oğlanların sayı çoxdur. Burada 447 nəfər magistrin 102 nəfəri qız, 347 nəfəri oğlandır.
Qərb Universitetində 30 tələbə magistr təhsili alır. Onlardan 17-si qız, 13-ü isə oğlandır.
Memarlıq və İnşaat Universiteti isə oğlanların çoxluğu ilə seçilir. Oğlanlar 63,5% , qızlar isə 36,5 % təşkil edir.
Xəzər Universitetinin 2011-2012-ci il üçün ümumilikdə 168 magistr tələbəsi var. Onlardan 16 nəfəri xarici, 152 nəfəri yerli tələbələrdir. Ümumilikdə 84 qız, 84 oğlan tələbə var. Yerli tələbələrdən 80 nəfəri qız, 72 nəfəri isə oğlandır.
Xəzərdən fərqli olaraq Qafqaz Universitetində oğlanların sayı üstünlük təşkil edir: 2011-2012-ci illər ərzində burada 201 tələbə magistr təhsili alıb. Bunların 72 nəfəri qız, 129 nəfəri oğlandır.
Təhsil Nazirliyi nə deyir?
Təhsil Nazirliyinin də statistikasını öyrənmək istədik. Nazirliyin İqtisadiyyar şöbəsindən verilən məlumata görə, 20 ali dövlət təhsil müəssisəsində 8272 magistr oxuyur. Onlardan 4252-si qız, 4020 isə oğlandır. 15 qeri-dövlət müəssisəsinin 926 magistrı var ki, bundan da 348-i qız, 578-i oğlandır.
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının verdiyi informasiyaya görə isə iki mərhələ üzrə aparılan müsabiqənin nəticələrinə əsasən ötən il 4396 bakalavr respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 3050 nəfəri ali təhsil müəssisələrinin ötənilki məzunları, 1346 nəfəri isə əvvəlki illərin məzunudur. Qəbul olanların 2112 nəfərini oğlan, 2284 nəfərini isə qızlar təşkil edir.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən aldığımız informasiyada da qızların sayı magistr tələbələr arasında çoxluq təşkil edir.
Komitənin verdiyi rəsmi məlumata görə, 2011-2012-ci tədris ilinin əvvəlinə Azərbaycanda magistraturaya 4225 nəfər qəbul olunub. Bura dövlət və qeyri-dövlət ali məktəbləri daxildir. Bu siyahıda qızların sayı 2296, oğlanların sayı isə 1929 nnəfər olub.
Statistik rəqəmlərdən də aydın olur ki, möhlət hüququnun ləğv olunması Azərbaycan ali təhsil müəssisələrində magistr təhsili alan qızlar və oğlanlar arasında balansın pozulmasına səbəb olur.
Şahanə Rəhimli