Vüqar Bayramov: “400 milyon manatlıq konpensasiya ARNDŞ ilə yerli icra hakimiyyəti orqanları tərəfindən ödənilə bilər”

Xəbər verildiyi kimi, Dövlət Neft Şirkətinin(ARDNŞ) balansında olan ərazilərdə-Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində (Hökməli kəndi yaxınlığında) sənədsiz tikililər sökülür. Söküntü işlərinin digər ərazilərdədə aparılacağı istisna deyil. Belə ki, ARDNŞ Bakıda əhali tərəfindən tutulan neft ərazilərinin boşaldılacağını bəyan edib.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, neft ərazilərində evlərin tikilməsində günahkarı heç də ev sahibləri deyil. Bu işdə bələdiyyələr və icranümayəndəlikləri məsuliyyət daşıyırlar. Belə ki, fərdi yaşayış evi tikən vətəndaşlara bələdiyyələr, eləcə də xüsusi qurumlar tərəfindən saxta sənədlər verilib: “Nəticədə bu gün Bakı şəhərində qeydiyyatda olmayan 500 min ev var. Ümumilikdə neft ərazilərində mövcud olan quyuların, yüksək gərginlikli elektirik xətlərinin və ya magitiral qaz kəmərlərinin keçdiyi ərazilərdə evlərin sayı 70 minə yaxındır. Onlardan 20 mini isə məhz ARDNŞ-in evləri sökmək istədiyi ərazilərdə yerləşir. Doğrudur, bu evlər qeydiyyatsız tikilməklə yanaşı, insan həyatı üçün kifayyət qədər təhlükəlidir. Amma məsələnin sosial tərəfləri var ki, bu da kifayət qədər ağrılıdır. Evi sökülən ailələrin əksəriyyətinin nəinki mənzil almaq və ya yeni ev tikmək və hətta bir neçə ay kirayədə qalmaq üçün də pulları yoxdur. Bu baxımdan, evi sökülən insanların sosial vəziyyətinin kəskin ağırlaşması təbii ki, gözləniləndir. Bu isə heç bir halda arzuolunan nəticə deyil”.
İqtisadçı alim deyib ki, ARDNŞ-in evləri sökməsi hüquqa söykənsə də belə, məsələlərdə yalnız qanunvericilik prinsiplərinə əsaslanmaq doğru olmazdı. Həmin qanunsuz evlərin tikilməsinə imkan verən və əksər hallarda da buna görə ev sahiblərində qeyri-rəsmi pul alan yerli icra hakimiyyəti orqanlarının və eləcə də bələdiyyələrin nümayəndələri əslində problemin əsas səbəbkarlarıdır. İnsanların illərlə yığdıqları pullar hesabına inşa etdikləri evləri heç bir konpensasiya ödəmək sökmək sosial prinsiplərə ziddir.
Vüqar Bayramov əlavə edib ki, sözsüz dövlət 70 min evin hamısına kompensasiya ödəmək imkanına malik deyil: “Ortahesabla evlərin hər birinə 20 min manat kompensasiya ödənilərsə, bu, 1,4 milyard manat edir. Konpensasiya ödənilməli olsa o zaman ARDNŞ 400 milyon manata yaxın vəsait ödəməlidir. Əlbəttə, bu hətta ARDNŞ üçün də kiçik rəqəm deyil. Buna görə də, konpensasiyaların bir qisminin məhz qanunsuz evlərin tikintisinə rəvac verən yerli icra hakimiyyəti orqanlarının və eləcə də bələdiyyələrin maliyy resursları hesabına aparılması mümkündür. Bu evlərin tikintisinə müxtəlif səbəblərdən “göz yuman” icra qurumlarının məsliyyətə də ortaq çıxması olduqca vacibdir. Məhz ARDNŞ və yerli icra orqanlarının şərikliyi ilə qeydiyyatsız evlərin söküntüsü zamanı sakinlərə kompensasiyanın verilməsini həyata keçirmək olar”.
Modern.az