Modern.az

İsmət Abasov: “On nazirin burada olması Azərbaycanın nüfuzunu göstərir”

İsmət Abasov: “On nazirin burada olması Azərbaycanın nüfuzunu göstərir”

Ölkə

20 Aprel 2012, 19:50

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Bakıda keçirilən 28-ci regional konfransı başa çatıb.

Modern.az saytının məlumatına görə, aprelin 20-də Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə FAO arasında birgə əməkdaşlığa dair sənəd imzalanıb.

 Sənədi Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və FAO-nun baş direktoru Joze Qratsiano da Silva imzalayıb. Sənəddə kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi üçün əməkdaşlığın 25 prioritet istiqaməti müəyyənləşdirilib.

Sonra İ.Abasov və J.Q Silva jurnalistlərin suallarını cavablandırıblar. FAO-nun baş direktoru J.Q Silva konfransın keçirilməsinə yaratdığı şəraitə görə Azərbaycan hökumətinə, nazir İ.Abasova təşəkkürünü bildirib. Onun sözlərinə görə, Bakı konfransı FAO-nun regionda baş tutan ən böyük tədbiri olub: “Bu, bizim regionda keçirdiyimiz ən uğurlu konfransdır. Bizim üçün böyük fərəhdir ki, regional təşkilata üzv olan 50-dən artıq ölkənin 46-sı Bakıda keçilən tədbirə qatıldı. Konfransda 10 nazir, 13 nazir müavini, 37 ölkənin səfiri iştirak edib”.

Baş direktor bildirib ki, ki, Bakıda FAO-nun regional ofisin açılacaq: “Bu məsələni Azərbaycan prezidenti İlham Əliyevlə görüşərkən də müzakirə etdik. Prezident dedi ki, regional ofis təkcə Azərbaycana yox, bütün regiona xidmət etməlidir. Bakıda açılaqcaq ofis vasitəsilə regional dövlətlərə də dəstək veriləcək. Acınacaqlı haldır ki, indiki dövrdə insanlar aclıqdan ölürlər. Biz bununla mübarizə aparmalıyıq. Aclıq və zəif qidalanmaya qarşı mübarizə bizim təşkilatın əsas vəzifəsidir. Kiçik fermerlərin dəstəklənməsi, ərzaq təhlükəsizliyi, pestisidlər, gübrələr, iqlim dəyişikliklərinin təsirinin azaldılması, müvafiq standartların tətbiq edilməsi, qlobal və milli səviyyədə statistik məlumatların toplanması, meşə, balıq təsərrüfatları və s. məsələlər öz həllini tapmalıdır. FAO-nun Azərbaycandakı prioritetləri heyvanların sağlamlığı, balıqçılıq təsərrüfatı, kiçik fermerlərin dəstəklənməsi üçün siyasətin müəyyənləşdirilməsi məsələləri olacaq”.

Kənd təsərrüfatı naziri İsmət Abasov bildirib ki, bundan sonra Azərbaycan FAO-nun donor dövləti kimi çıxış edəcək: “Azərbaycan donor dövləti kimi FAO-nun üzvü olan aztəminatlı ölkələrə maliyyə və texniki dəstək, eləcə də tövsiyələr verəcək. Əgər əvvəllər aztəminatlı ölkələrdə kənd təsərrüfatı sahəsində layihələri FAO tərəfindən maliyyələşdirilirdisə, bundan sonra Azərbaycan da bu prosesə qoşulacaq. Bunun üçün əsas şərt həmin layihələrin Azərbaycanı qane etməsidir. Azərbaycanın başqa dövlətlərə maliyyə dəstəyi verməsi böyük hadisədir, fərəhli haldır və ölkəmizin inkişafının göstəricisidir. Biz bunu ona görə edirik ki, azgəlirli ölkələr özlərinin ərzaq təhlükəsizliyini təmin edə bilsinlər. Amma Azərbaycanın donor ölkə olması o demək deyil ki, ölkə vəsaitlərini açıb ortaya tökəcək və kimə nə qədər lazımdır pay ayrılacaq. Əgər layihələr Azərbaycanı qane edəcəksə, ona vəsait ayrılacaq, qane etməsə öz təkliflərin verəcək. Bu məsələlər birlikdə müzakirə olunacaq”.

Onun sözlərinə görə, Azərbaycan indidən sonra da FAO ilə geniş əməkdaşlıq edəcək: “Biz məhsul istehsalımızı artırmağı, yeni bazarlar tapmağı və məhsullarımız orada satmağı planlaşdırırıq. Bizim qarşımıza kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi məsələsi qoyulub. Bizim məqsədimiz milli, regional və beynəlxalq çərçivədə ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsinə Azərbaycanın öz tövhəsini verməsidir. Buna nail olmaq üçün FAO ilə geniş əməkdaşlıq edəcəyik. Təşkilatın Bakıda regional ofisinin açılması çox önəmli məsələdir və Azərbaycanın dünyada artan nüfuzunu göstərir”.

İ.Abasov xatırladıb ki, 2010-cu ildə FAO-nun regional konfransı Ermənistanda keçirilib və orada iştirak edib: “Mən Ermənistanda keçirilən tədbirdə ona görə iştirak etdim ki, növbəti konfrans Bakıda olacaqdı. Növbəti konfransın harada keçirilməsi haqda qərar ondan əvvəlki tədbirdə verilir. Ona görə də Ermənistana getdim. Orada yeganə nazir mən idim. Ola bilsin ki, bir necə ölkədən də nazir müavini gəlmişdi. Əsasən aşağı vəzifəli insanlar iştirak edirdilər. Amma Bakı konfransında iştirak etmək üçün on nazir, on üç nazir müavini, bir necə ölkənin dövlət katibi Azərbaycana gəlib, səfirlər iştirak edib. Azərbaycanın dövlət başçısı, hökuməti kənd təsərrüfatının inkişaf etdirilməsinə çox böyük önəm verir. Eyni zamanda, mən FAO-nun bütün tədbirlərində iştirak edirəm, Azərbaycanda kənd təsərrüfatı sahəsində görülmüş bütün işləri region dövlətlərinə çatdıram. Əgər bir ölkənin naziri başqa bir dövlətdə keçirilən konfransda, tədbirdə iştirak etmək istəyirsə bunun üçün mütləq ölkə rəhbərliyindən razılıq almalıdır. FAO üzvləri Ermənistanda baş tutan tədbirə aşağı vəzifəli məmurlarını göndərib, amma Azərbaycanda keçirilən konfransda nazir səviyyəsində iştirak ediblərsə bu həmin dövlətlərin rəhbərlərinin və kənd təsərrüfatı nazirlərinin Azərbaycana və Ermənistana olan münasibətini göstərir. Bu bizim üçün çox böyük nailiyyətdir. Bizə kifayət qədər yüksək vəzifəli şəxslər və nümayəndə heyətləri gəlib”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı