Modern.az xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev müxtəlif sahələrlə bağlı şikayəti olan şəhər sakinləri ilə görüş keçirib. Görüşdə sakinlərlə yanaşı, dövlət strukturlarının rəhbərləri də iştirak edib.
Şikayətçilər əsasən mənzil problemi, inşaat üçün yerlərin ayrılması, su ilə təminat, ticarət köşklərinin quraşdırılması üçün yer və sair məsələlərlə bağlı icra başçısına müraciət ediblər. Qarabağ əlilləri, şəhid ailələrinin üzvləri və müharibə iştirakçısı olan şikayətçilər isə Elmar Vəliyevdən mənzil və sürücülük vəsiqəsi almalarına köməklik göstərməsini xahiş ediblər.
Əhalinin şikayətlərini dinləyən şəhər İcra Hakimiyyətinin başçısı bildirib ki, bu qəbildən olan görüşlər mütəmadi olaraq keçiriləcək və şəhər sakinlərinin problemlərinin həlli istiqamətində lazımi addımlar bundan sonra da atılacaq.
Elmar Vəliyev deyib: “Həm yerlərdə, həm də bilirsiniz ki, səyyar qəbullar təşkil edilir. Bu qəbulların da məntiqi nəticəsi odur ki, insanları narahat edən sosial və digər problemlər yerindəcə həll olunur. Düşünürəm ki, insanlar bundan məmnun olurlar”.
İcra başçısı ilə görüşdə həllini tapan problemlərdən başqa bir sıra məsələlərin də araşdırılaraq yoluna qoyulması barədə razılığa gəlinib.
Modern.az