Modern.az

Müştərilərə üstdən aşağı baxılan mağazalar - “İdeal”, “Sabina”...

Müştərilərə üstdən aşağı baxılan mağazalar - “İdeal”, “Sabina”...

Ölkə

24 Aprel 2012, 13:31


Şəhərimizdə bir neçə brend mağazalar var ki, bu mağazalar ancaq müəyyən bir  təbəqə üçün nəzərdə tutulub. Adi bir insan, kasıb tələbə bu mağazaların yaxınlığından belə, keçmək istəmir. Bir neçə gün öncə jurnalist marağı yolumu səhv salıb “İdeal”, daha sonra isə “Sabina” mağazasınan baş çəkdim. Doğrusu məqsədim həm də buradan alış-veriş etmək idi. “İdeal”da olduğum müddətdə burada satılan mallara baxsam da, satıcılar mənim nə istədiyimlə maraqlanmadılar. Bir müştəri kimi saymazyana münasibət gördüm.
“Sabina”da isə satıcılar nə istədiyimlə maraqlandılar. Amma əsas diqqətimi cəlb edən satıcı qızın suallarıma rus dilində cavab verməsi oldu. Mağazada bir neçə dəqiqə olduğum müddətdə bütün satıcıların  rus dilində danışdıqlarını müşahidə etdim.

“İdeal” və “Sabina” mağazalar şəbəkəsi satıcıların rus dilində danışdığı, Azərbaycan dilli alıcılara qarşı laqeyd münasibət göstərildiyi yeganə ticarət şəbəkəsi deyil. Bakıda belə mağazalar az deyil.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a bildirib ki, bir çox dövlət və biznes qurumları hələ dərk etmirlər ki, onlar istehlakçıların hesabına yaşayırlar. Ordunu, dövləti, biznesi, bir sözlə hamını saxlayan istehlakçılardır.

“O yerdə ki, istehlakçıya geyiminə, dilinə görə yaxınlaşırlar, onlar istehlakçını özlərinə şərik hesab etməyən, müştəyirə saxta mal satan məkanlardır. Nə olursa olsun müştəriyə geyiminə, dilinə görə fərq qoyulmamalıdır”.

Eyyub Hüseynovun sözlərinə görə, satıcı mütləq istehlakçıyla nəzakətli davranmalı, müştərinin istədiyi dildə danışmalıdır. Ağıllı biznes qurumları vətəndaşların simpatiyasını qazanmaq üçün rəqabət aparmalıdır.

AİB sədri bəzi mağazalarda satıcıların alıcılara qarşı saymazyana davranışlarını nadanlıq adlandırıb və bildirib ki, əslində vətəndaşlar belə dükanları boykot etməlidir.

”Əgər bu cür şikayətlər olarsa, mən “İdeal”ı  boykota çağıracam”-deyə o, vurğulayıb.

Satıcıların rusca danışmasına toxunan Eyyub Hüseynov bildirib ki, Azərbaycanda olan bütün vətəndaşlar ana dilində danışmalıdır, o cümlədən də ruslar.
”Qonşu Gürcüstan və Ermənistanda belədir, niyə Azərbaycanda da da dövlət dilinə hörmət olunmasın? Əslində mağazalarda satıcı işləyən və rus dilində danışan o şəxslər heç də elit təbəqədən deyillər, onlar aşağı təhsilli insanlardı ki, gəlib alış-veriş məkanında çalışırlar.
Yaxşı olar ki, öz təhsillərilə məşğul olsunlar, yaşadıqları ölkənin dilini bilsinlər”.

E. Hüseynov qeyd edib ki, satıcı Azərbaycan dilində malın xüsusiyyətləri barədə alıcıya məlumat verməyi bacarmalıdır, çünki qanun bunu tələb edir. Satıcılar alıcının bildiyi dildə informasiya verməyə borcludur. Əks halda, bu cür satıcılar işdən azad olunmalıdır.

Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhimov bildirib ki, satıcı malı satmaq üçün mağazadadır, onun öz geyimi həmin mağazanın stilinə uyğun olmalıdır və heç kimə nə dilinə, nə saçına görə mal satılmalıdır.
“Biz iki il bundan əvvəl sorğu keçirmişdik, satıcıların 80%-dən çoxunun satıcılıqdan xəbəri yoxdur. Ona görə də, sahibkarlar mağaza açarkən öz istəklərinə, şərtlərinə uyğun satıcıları işə götürürlər, bədbəxtcilik də budur”.
S.Rəhimov qeyd edib ki, bu problemlərin əsas səbəbi “Ticarət haqqında” Qanunun olmamasıdır.

Ekspert deyir ki, bu gün ticarətdə işləyən satıcılardan savad tələb olunmur, ona görə də mağaza rəhbərləri istədikləri adamları işə götürürlər, savadlarına isə heç baxmırlar. Bütün bunlar isə bu cür vəziyyətin yaranmasına gətirib çıxarır.

“Satıcılıq haqqında qanun var, satıcı kim ola bilər, o hansı biliklərə malik olmalıdır, nə etməlidir? Satıcının ən azından minumum təhsili olmalıdır”.

S.Rəhimov da satıcıların dil məsələsinə toxunub. O, qeyd edib ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Amma bəzi mağaza sahibləri satıcını işə qəbul edərkən rus dilini əsas dil kimi götürürlər, bu isə qanun pozuntusudur.
“Əgər satıcı öz ana dilindən başqa xarici dil də bilirsə, bu alqışlanmalıdır. Amma sahibkar “sən Azərbaycan dillisən, sən kəndçisən, sənin geyimin yaxşı deyil” deyirsə, bunun əsas səbəbi qanunun olmamasıdır. Bütün bunlar da bəzi sahibkarların özfəaliyyətinə gətirib çıxarır”-deyə Tacirlər və İstehsalçılar Birliyinin sədri bildirib.

Sevinc İLTİFATQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı