
“Diplomatlarla bağlı subutları varsa, ortaya qoysunlar”
““Yeni Azərbaycan” qəzetinin müxalifətin səfirlərlə görüşü haqda, o cümlədən Almaniyanın Azərbaycandakı səfiri ilə bağlı yaydığı informasiyalar həqiqətə uyğun deyil. Onların bütün məlumatları mənim üçün etibarlı mənbə ola bilməz. Ortada konkret dəlil-sübut varsa buyursunlar. Bu adlı qəzetin informasiyaları da mənim üçün gülməli lətifə təsiri bağışlayır. Mən şəxsən bu görüşdə iştirak etmişəm. Orada belə bir məsələ haqda nə danışılıb, nə də məxfi müzakirələr olub”.
Bu sözləri Modern.az-a açıqlamasında eks-baş nazir Pənah Hüseyn qəzetin mötəbər mənbəyə istinadən İctimai Palatanın diplomatik korpusla görüşündə maliyyə məsələsinin müzakirəsi barədə deyilənləri şərh edərkən bildirib.
P.Hüseyn İctimai Palata ilə diplomatik korpusun keçirtdiyi görüşlərlə bağlı qeyd edib ki, bu kimi görüşlər tarxi baxımdan çox əhəmiyyətlidir. AXP lideri həmçinin bu görüşlərin İctimai Palatanın beynəlxalq arenada tanınması üçün mühüm rol oynadığını vurğulayıb.
“Müxalifətlə diplomatik korpusun görüşməsi çox əhəmiyyətlidir. Mən bu kimi görüşləri çox müsbət qiymətləndirirəm. Bununla bağlı kiminsə səs-küy qoparmasına ehtiyac yoxdur. Bu Azərbaycanda gedən prosesələrə diqqətinin təzahürüdür. Bu baxımdan şübhəsiz ki, belə görüşlər sıradan bir hadisə, hansısa qrafiklə olan məsələ deyil. Zaman-zaman ola bilsin ki yenidən görüşlər baş tutsun”-deyə P.Hüseyn əlavə edib.
Qeyd edək ki, “Yeni Azərbaycan” qəzeti sözügedən görüşlə bağlı dərc etdiyi məlumatda səfirlərlə İP arasında maliyyə yardımı barədə məsələnin müzakirə olunduğunu yazıb. Habelə qəzet özünün mötəbər mənbəyinin verdiyi məlumata istinad edərək bildirib ki, Almaniya səfiri Müsavat başqanı İsa Qəmbər və AXCP sərdi Əli Kərimliyə mühacirətdə olan Rəsul Quliyevlə barışmağı və bir araya gəlməyin vacibliyini deyib.
Anar RÜSTƏMOV