Modern.az

Millət vəkili: “Prezidentin adından yayılmış o xəbər yalandır” - MÜSAHİBƏ

Millət vəkili: “Prezidentin adından yayılmış o xəbər yalandır” - MÜSAHİBƏ

Ölkə

27 Aprel 2012, 17:03

Afət Özcəfər: “KKTC-nin adı dəyişə bilər” xəbəri rəsmən təkzib edildi”

Bakıda səfərdə olan Quzey Kıbrıs Türk Cümhuriyyəti Ulusal Birlik Partiyasından millət vəkili Afət Özcəfər Modern.az-a müsahibə verib.

- Afət xanım, Bakıya səfəriniz nə ilə bağlıdır?

- Azərbaycanla bizim aramızdakı münasibətlər dost, qardaş münasibətləridir. Bilirsiniz ki, KKTC-nin yaşadığı və bəzi hallarda Azərbaycanla münasibətlərə də əngəl olan problemlər var. Bu da ilk növbədə beynlxalq birlik tərəfindən müstəqil dövlət olaraq tanınmamaq problemidir. Bu səbəbdən izoliyasiya, embarqolar altında olmağımız bizə sıxıntılar yaşadır. Azərbaycanla sosial, mədəni əlaqələrimizi daha üstün səviyyəyə qaldırmaq üçün gəldik. KKTC-də minə yaxın azərbaycanlı tələbə var. Buradan bizə həm tələbələrin, həmçinin, turistlərin gəlməsi qardağlıq bağının möhkəmlənməsi və iqtisadi baxımdan çox önəmlidir. Mən bura lik dəfədir gəlirəm. Bizə çox ilgi göstərdilər.

- Kimlərlə görüşdünüz?

- Burada TürkPA təmsilçiləri ilə, Ailə və Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə, Ombudsman Elmira Süleymanova ilə görüşlərimiz oldu. Təmaslarımız davam edir. Bizimlə bu görüşlərdə hər zaman birgə olan millət vəkili Məlahət İbrahimqızına da ayrıca təşəkkürümü bildirirəm.

- Quzey Kıbrıs yüksək səviyyəli ali təhsil verən universitetləri ilə məşhurdur və Azərbaycandan da hər ilə oraya üz tutanların sayı artır. Təhsil sahəsində potensialı artırmaq üçün hansı yeni layihələr var?

- Bilirsiniz ki, KKTC-də 7 universitet var. Türkiyədən də yeni-yeni filiallar açılır. Universitetlərimizin diplomları beynəlxalq müstəvidə tanındığı üçün Azərbaycan tələbələrinin diqqətini çəkir. Bir də KKTC-də onlar üçün anlaşılan türk dili danışıldığına görə tələbələr seçimdə bizim ölkəyə üstünlük verirlər. Ancaq ölkənin dövlət olaraq tanınmaması səbəbindən birbaşa təyyarə uçuşlarının olmaması, tələbələrin ailələləri ilə tez-tez görüşə bilməsinə problemlər, sıxıntılar yaradır. Mən Mağusa millət vəkili olduğum üçün bu şəhərdə yerləşən Doğu Akdeniz Universitəsi ilə Azərbaycanın sıx əlaqələri olduğunu bilirəm, Hörmətli rektorumuz Abdullah Öztoprak Bakıya sıx-sıx gəlib gedir. Tələbələrin qarşılaşdığı problemlərin ortadan qaldırılması üçün çalışmalar davam edir.

- Adanın taleyi ilə bağlı hazırda rum tərəfi ilə aparılan danışıqlar hansı nöqtədədir?

- KKTC prezidenti hörmətli Dərviş Əroğlunun rum həmkarı ilə görüşmələri davam edir. Bizim Ulusal Birlik Partiyası və hökumət olaraq prezidentimizə bu danışıqlarda dəstəyimiz sonsuzdur. Görüşmələr tək tərəfli olmaz, sadəcə KKTC xalqının sülh və birlik istəməsi ilə irəli getmək olmur. Avropa Birliyinə üzv olduqdan sonra rum tərəfi danışıqlarda güzəştli mövqe tutmayaraq israrla yalnız öz istəklərini ortaya qoyur. Biz də usanmadan etibarlı bir anlaşma üçün danışıqları davam etdiririk. Ancaq biz alternativsiz deyilik. Əgər onlar israrlarında davam edərlərsə, biz də 1 iyuldan sonra stratejimizi dəyişə bilərik.

- Bu arada prezident Dərviş Əroğlunun KKTC-nin adının dəyişə biləcəyi haqda bir açıqlamasını duyduq. Bu xəbər hətta Azərbaycan mediasında da geniş yer aldı...

- Söylədiyim ki, qarşıda strategiyamızı dəyişə bilərik, alternativsiz deyilik kimi fikirlərimizdən doğurdu bu kimi xəbərləri. Amma hörmətli prezidentin “KKTC-nin adı dəyişə bilər” kimi bir açıqlaması olmadı. Və dediyiniz kimi bu xəbər yayılandan sonra prezident bu xəbəri rəsmən təkzib etdi. Bu bəlkə də rum tərəfindən dünyaya yayılmış xəbər idi.

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı