Onların kökü haradan gəlir?
Atalar sözü –xalqın yaratdığı və əsrlərdən bəri özünə həyat düsturu etdiyi hikmətli və möcüz sözlərdir. Onlar xalqın həyatda sınanmış, müdrik və nəsihətli fikirlərindən ibarət olur. Həmçinin atalar sözləri əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır. Əsas xüsusiyyəti həcmcə kiçikliyi, lakin mənaca hikmətli və nəsihətli olmasıdır. Bəzən isə bu atalar sözləri bir-birini zidd olaraq inkişaf edir. “Bu günün işini sabaha qoyma” , “Tələsən təndirə düşər” , “Dəmiri isti-isti döyərlər” və “Axşamın xeyrindənsə, gündüzün şəri yaxşıdır”. Yaxud “Uzunun ağlı topuğunda olar”, ya da “Uzun saçlının ahı yerdə qalmaz”.
Bir sözlə, bir-birini təkzib edən atalar sözləri.
Modern.az saytının əməkdaşı atalar sözlərində olan ziddiyyətlərin necə yarandığını araşdırmağa çalışdı.
Folklorşünas Elxan Məmmədli insanların müxtəlif fikirlərə sahib olduğunu vurğuladı:
“Cəmiyyət ancaq yaxşılardan və ideallardan ibarət deyil. Onun özünün qatları və təbəqələri var. Həmçinin də insan psixologiyasında bir-birinə zidd olan fikirlər də az deyil. Məsələn, “El üçün ağlayan gözdən olar” və yaxud da “Vətən üçün ölənlərin yeri cənnətdir” deyilən məqam da var. Biri vətəni sevməməyə, digəri isə qorumağa doğru yönəlir. Ziddiyyətli atalar sözləri sırf xalq tərəzisindən keçməyənlərdir. Bu ziddiyyətlərin dəqiq nədən yarandığını söyləmək çox çətindir, amma onu deyə bilərəm ki, bunlar zamanla insanların həyat tərzindən irəli gələ bilən məqamlardır. Həmçinin bu atalar sözlərində zaman və illərin də fərqləri var“.
Filologiya elmləri doktoru, professor Nizami Cəfərov atalar sözlərində ziddiyyətlərin mümkün olmadığını vurğuladı: “Bu məsələ hər zaman ortaya çıxır. Ziddiyyətlər atalar sözlərində yox, elə həyatın özündə olur. Bu ziddiyyətlər müxtəlif vəziyyət və xüsusiyyətlərdə özlərini göstərir. Məsələn, “Saçı uzunun ağlı topuğunda olar” və “Uzun saçlının ahı yerdə qalmaz” atalar sözləri qadının ağıllı, yaxud ağılsız olmasını sübut etməkdən ötrü deyil. Bu qadının zəif və gücsüz olmasını göstərir. Ona görə də ona hər cür zülmlər olunur və onun da gücü ancaq ahına çatır. Ziddiyyət kimi görünən atalar sözləri konkret bir vəziyyət haqqında deyilən fikirlərdir. Bunlar da həyatın özünün zəngliyi və hərtərəfliliyi ilə bağlıdır. Ona görə də atalar sözlərinin özündə ziddiyyət yoxdur və bu mümkün də deyil. Əsasən bu nəticəyə ayrı-ayrı məqamları nəzərə alaraq gəliblər. “Dostu olmayan yaxşı adam deyil”, dalınca da deyirlər ki, “Dostuna sirrini açma, çünki dostunun da dostu var “. Bunlar ayrı-ayrı məqamlardır. Burda demir ki, özünə dost tutma. Sadəcə sirri burda ayrıca bir fenomen kimi göstərməyə çalışır. Burda məsələ dostunun sirr saxlaya bilib, ya bilməməyində deyil. Əsas burda məsələ sirrin müqəddəs olmasına işarədədir. Atalar sözlərində o zaman ziddiyyət ola bilər ki, ya sən buna çox ümumi və formatik, ya da çox kobud düşüncə texnologiyası ilə yanaşmısan, amma ümumiyyətlə belə bir ziddiyyət yoxdur”.
Folklorşünas Məhəmməd Məmmədov atalar sözlərində olan ziddiyyətlərin daha çox fərqli zamanlarda yarandığını söylədi: “Atalar sözləri qədim köklərə malikdir və müəyyən zaman kəsimindən gəlib bizim dövrümüzə çıxıb. Bu ziddiyyətlər də ki, müəyyən zamanın yaratdığı məqamlardır. Bunlar da hər hansı bir zümrə, xalq tərəfindən yaradılıb. Bir sözlə harınlaşmış insanların yaratdığıdır. Amma bütövlükdə götürəndə isə bu atalar sözləri xalqın süzgəcindən keçməyib. İnsanlar da bu atalar sözlərini normal qarşılamayıblar. Amma qəbul edilməsinə baxmayaraq yenə də dilimizdə işlənir. Bu bir-birinə zidd olan fikirlər zamanın və dövrün tələbindən asılıdır. Ola bilsin ki, bu atalar bir-birinə zidd olaraq yaranmayıb, sadəcə müəyyən zamandan sonra hər hansısa insanların dilindən söylənib və yayılıb. Təbii ki, istisnalar hər yerdə var”.
Modern.az