Modern.az

Azərbaycan müharibəni niyə başlamır?

Azərbaycan müharibəni niyə başlamır?

Ölkə

18 Fevral 2013, 14:39

Akif Nağı

İqtidar və müxalifət düşərgələrində ciddi canlanma müşahidə olunur, hamı dəstələrini gücləndirir, təmizləmə, bərkitmə işləri gedir, bütün resursları səfərbər edirlər, yəni prezident seçkilərinə hazırlaşırlar. Bütün bunlar təbii və başadüşüləndir. Başadüşülməyən isə odur ki, biz bu qüvvələrin Qarabağla bağlı canfəşanlığını görmürük. Bəlkə mövcud reallıqla, Qarabağ itkisi ilə barışıblar? Niyə prezident seçkiləri onları bu qədər maraqlandırır, hərəkətə gətirir, canlandırır, hər kəs ordan-burdan, dəlmə - deşikdən çıxıb bir yerə yığışırlar, amma Qarabağ hadisələrinin bu günlərdə tamam olan müdhiş 25 illik “yubileyi” onları tərpətmir, həyəcan təbili çalmalarına, hərəkət etmələrinə gətirmir? Bəli, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını açıq şəkildə ortaya qoymasının, münaqişənin başlanmasının 25 ili tamam olur. Bu həm də bizim dözüm və səbrimizin  25 ilidir. Bu illər ərzində nəisə dəyişdimi, nəyəsə nail ola bildikmi? Çox qısa bir cavab: 25 il əvvəl, fevralın 20-də Dağlıq Qarabağın vilayət sovetinin bölgənin Ermənistana birləşdirilməsi haqda qərarı bu gün “Yenilənmiş Madrid prinsipləri” deyilən sənəd şəklində bizim qarşımıza  qoyulub. Ora-bura  yozmaq lazım deyil, məsələnin mahiyyəti elə bundan ibarətdir. Deməli, bu, həm də beynəlxalq təşkilatlara, böyük dövlətlərə mənasız ümidlərimizin 25 ilidir.

   Elə isə biz daha nəyi gözləyirik, niyə müharibəni başlamırıq? Azərbaycan hakimiyyəti niyə müharibəni başlamır? Azərbaycan cəmiyyəti müharibə tələbində niyə, məsələn, 1992-ci ildə olduğu kimi israrlı deyil?

Deyirlər ki, bu hakimiyyət Qarabağı istəmir, istəsəydi alardı. Və yaxud, “müharibə bu hakimiyyətin nəyinə lazımdı, müharibə onların dinc həyatını poza, axıb gələn milyonlarını, milyardlarını əngəlləyə bilər”. Hakimiyyətin müharibəyə getmək istəmədiyini əsaslandırmaq üçün başqa sözlər də deyirlər. Mən bu sözlərə inanmıram. Qarabağ sevgisi hər kəsin, o cümlədən yuxarıda oturanların içərisində var. Bəzən mənə elə gəlir ki, iqtidarda olanlar daha çox millətçi, dövlətçidirlər, nəinki müxalifətdə olub, xarici amillərin təsiri altında fəaliyyət göstərənlər. Demokratik düşərgə liberal dəyərləri ideallaşdırır, vaxtilə kommunistlər də öz ideyalarını bu cür göylərə qaldırır, hər şeydən üstün olduğunu göstərirdilər. Azərbaycanın psevdoliberallarının torpaq davasına gedəcəklərinə inanmıram. Fikrimi qəbul etmirsinizsə, götürün, müxalifət qazetlərinin köşə yazılarını vərəqləyin.  Torpaq davası millətçiliyin qayəsidir. Ona görə də deyirəm ki, hakimiyyətdəkilərin milli məsələyə həssaslığı daha güclüdür. Müxalif düşərgədəki millətçilərin mövqeyi isə çox zəifdir, çünki millətçiliyə pul verən yoxdu, ona görə də millətçilərin bir hissəsi liberalların yanındadır ki, bir təhər mövcudluqlarını saxlasınlar, o biri hissəsi isə görüntü yaratmaq zorundadır. Deməli, hakimiyyətin Qarabağı istəməməsi fikri yanlışdır. Digər tərəfdən, Qarabağın azad edilməsi onların hakimiyyətini birə yüz gücləndirəcək. Onda bunu niyə istəməsinlər?

    Deyirlər ki, müharibəni başlamağa Rusiya amili mane olur. Bu reallıqdır və ondan qaçmaq olmaz. Lakin bu amil keçilməz sədd sayıla bilməz. Rusiya o qədər də güclü deyil, ciddi daxili problemləri var. Qərbdən açıq şəkildə dəstəklənən müxalifət hakimiyyət üçün böyük təhlükə təşkil edir. Rusiya bu təhlükəni aradan qaldırmadan, arxa cəbhənin təhlükəsizliyini təmin etmədən Qafqazda yeni müharibəyə başlaya bilməz. Gürcüstan hadisələri fərqli bir şey idi, Azərbaycanla o cür rəftar edə bilməz. Rusiyanın Azərbaycanda, həmçinin Türkiyədə ciddi maraqları var, bunların üstündən xətt çəkə bilməz. Ermənistanın özü də Rusiya  üçün lazımsız müttəfiqə çevrilib,  həm də məğlub Ermənistan Rusiya  üçün daha az şıltaqlıq edən rəfiqəyə çevrilə bilər. Rusiya  amilinin tam neytirallaşdırılması üçün Türkiyə var. Müharibə başlanandan sonra Türkiyənin qarşısını heç nə ala bilməyəcək. İran da Azərbaycanın yanında olacaq. Qarabağsız Ermənistan İran üçün daha cəlbedici ticarət partnyoru ola bilər. Gürcüstan da Ermənistanın burnunun əzişdirilməsində maraqlıdır. Nə qədər ki, Ermənistan Qarabağdan çıxmayıb, Gürcüstan üçün Cavaxetiya təhlükəsi qalır. Gürcü dostlarımız yalnız bizim köməyimizlə bu problemdən yaxa qurtara bilər. 

        Bir şey də deyirlər ki, müharibəni başlasaq, məğlub olarıq, daha çox torpaq itirərik. Napoleon deyirdi ki, “məğlubiyyətdən qorxan xalq köləliyə məhkumdur”. Yəni məğlub olacağından qorxursansa, təcavüzkara müqavimət göstərmə, onun köləliyini qəbul et. Ona görə də istənilən halda savaşa atılmalısan: ya qalib gələcək, ya da ləyaqətlə məğlub olacaqsan. Tarixdə elə olub ki, döyüşüb ləyaqətlə məğlub olanlar qaliblərdən daha çox şey qazanıblar. Məsələn spartalı Leonid, Romadakı Spartak, şotlandların Volosu, azərbaycanlıların Babəki, Cavad xanı, avarların Şeyx Şamili, liviyalıların Ömər Muxtarı kimi. Bununla bağlı bircə məsəli də çəkim. Qarabağlı İbrahim xan ruslarla siyasət işlətdi, öz aləmində onları aldatdı, döyüşdən qaça bildi, amma sonda vəhşicəsinə öldürüldü. Gəncəli Cavad xan isə heç bir siyasət işlətmədi, gözləmədi, özündən qat-qat üstün qüvvəyə qarşı döyüşə girdi, şəhid oldu. Bu gün millətimiz Cavad xanların ruhu ilə yaşayır. Ona görə də bir daha deyirəm: bu müharibədə bizim üçün məğlubiyyət yoxdur, böyük ehtimalla qalib gələcəyik, yox əgər məğlub olsaq, bu, ləyaqətli məğlubiyyət olacaq və bu məğlubiyyət növbəti cəhddə labüd qələbəmizin əsasını qoyacaq.

 Beynəlxalq təşkilatların mövqeyi,  sanksiyaları ilə bağlı da narahat olmağına dəyməz. Heç kəsə lazım olmayan bu qurumlar indiyə qədər hələ heç kəsin öz işini görməsinə mane ola bilməyiblər. Bunların işi sənədlərin istehsalıdı, qoy, onunla da məşğul olsunlar. Çığırıb-bağırıb, sakitləşəcəklər. Bir də ki, biz kimin torpağını tutmuşuq, kimə təcavüz etmişik ki, sanksiya tətbiq eləsinlər?  Sanksiya edirlərsə, əzizlərinə, elə o Ermənistanın özünə etsinlər. İndiyənə qədər Ermənistana “gözünün üstündə qaşın var” deyə bilməyən hər hansı qurumun Azərbaycanı nədəsə ittiham etməyə, ən azından, mənəvi haqqı yoxdur. Digər tərəfdən, sanksiya tətbiq etdikləri ölkələrə nə olub ki, bizə də nə ola?

     Başqa arqumentlərin də üzərində dayana bilərdim, hələlik bunlarla kifayətlənirəm. Deməli, hər şey bizim xeyrimizə işləyir. Ordumuz, silahımız, sursatımız, pulumuz var. Cəmiyyət müharibəyə hazır. Dəfələrlə şahidi olmuşam ki, dinc dövrün şəhid atası deyir ki, kaş oğlum düşmənlə üz-üzə döyüşdə həlak olardı. Bu, çox vacib göstəricidir. Bunu daxili amillə bağlı dedim. Xarici amillər də xeyrimizə dəyişməkdədir. Ermənistanın düşgün vəziyyətdə olması, rüsvayçı prezident seçkiləri də bizim xeyrimizə işləyir.

Bizdə çatışmayan bircə şey qalır – müharibə əmrini vermək üçün lazım olan qətiyyət və siyasi iradə. Ali Baş Komandan özünü toparlayıb bu əmri verməlidir. Hər ölkənin, millətin, şəxsin öz Rubikonu olur. Bizim Rubikonumuz Quzanlıdan keçir. Yuli Sezar da Rubikon xəttini keçmək üçün çox düşündü, amma sonda qərarını verdi. Çox deyirlər ki, Qarabağın azadlığı ordan, burdan keçir. Hər kəs bilməlidir ki, Qarabağın azadlığına gedən yol Quzanlıdan keçir! Biz Quzanlı xəttini keçməli, müharibəni başlamalıyıq!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı