Modern.az

Mirasdan məhrum vərəsələr

Mirasdan məhrum vərəsələr

Ölkə

31 Mart 2010, 17:19

AZƏRBAYCANDA VƏRƏSƏLİKLƏ BAĞLI ÇOXSAYLI MÜBAHİSƏLƏR VAR Deyirlər «dünyanın malı dünyada qalar». Bu məsəli hamımız bilsək də, məqam yetişəndə heç kəs ona çatacaq sərvətdən, ata-baba mirasından imtina etmir. Azərbaycan qanunvericiliyinə görə, ata-babadan qalan mirasa sahib çıxmaq üçün notariusda onu qəbul etməlisən. Vaxtında qəbul etdin sənindi, etmədinsə, istəyir mülk doğma atandan qalsın, həmin əmlaka sahib olmaq üçün gərək ömür-gününü məhkəmə qapılarında çürüdəsən.  O evdən ağ duvaqda gəlin getmək, illərlə həmin mülkdə yaşamaq da sən demə heç nəyi həll etmirmiş. Baxmayaraq ki, qanunla vərəsənin miras mülkdə yaşaması elə həmin mirası qəbul etməsi deməkdir.

Vərəsəlik hüququndan məhrum vərəsə 

Atasından qalan mülkün 5 qanuni vərəsəsindən biri olan Tamella Əsgərova doğulduğu gündən ata yurdunda yaşasa da, ona düşən miras payına sahib çıxa bilmir. Deyir ki,  məhkəmə onunla birgə digər bacısı Laura Həmzəyevanı da vərəsəlik hüququndan məhrum edib. Gəncə şəhər, Nizami Rayon Məhkəməsinin bu qərarını isə Gəncə Apellyasiya məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK qüvvədə saxlayıb.

«Atamız Əliyev Həmzə 1974-cü ildə vəfat etdikdən sonra 3 bacım və anamla yaşadığımız mülk bizə miras qaldı. Atam vəsiyyətnamə yazmadığından, həmin mülk qanun üzrə vərəsələrinə çatmalı idi. Yəni miras mülkü anam, üç bacım və mənim aramda bölünməli idi. Amma o vaxt biz bacılar həmin mülkün gələcək taleyi barədə qətiyyən düşünmürdük. Çünki azyaşlı olduğumuzdan mirasın nə demək olduğunu bilmirdik. Doğma anamız Paşayeva Qumru bundan istifadə edərək, bizim xəbərimiz və razılığımız olmadan atamıza vərəsəlik hüququ ilə keçən mülkü 1976-cı ildə öz adına keçirib. Halbuki, biz o vaxt qüvvədə olan Mülki Məcəllənin (MM) 552-ci maddəsinə əsasən, miras əmlakı faktiki qəbul etməklə ailə quranadək orada yaşamışıq. Anamız notariat kontoruna ərizə verərək ondan başqa vərəsə olmadığını bildirib və beləcə miras mülkə sahiblənib. Bu azmış kimi, 2005-ci ildə atamızdan qalan mirası əmlakı bağışlama müqaviləsi ilə bacılarımdan birinin övladına verib. Biz içərisində yaşadığımız evin bacım oğlunun adına keçirildiyini anamın ölümündən 40 gün keçəndən sonra bilmişik. Bacımız oğlu gəlib bizə bildirdi ki, “bəs evdən çıxmalısınız. Çünki nənəm evi mənə bağışlayıb»”.

Tamella Əsgərova deyir ki, həmin vaxtdan bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mirasın əvvəlki vəziyyətə qaytarılması, atalarından qalan mülkə vərəsəliyin müəyyən edilməsi, vərəsə tanıma və mirasdan payın müəyyən edilərək mülkiyyət hüququnun bərpa edilməsi üçün məhkəmə qapılarında sürünürlər. Amma bu günədək iddia ərizəsi ilə müraciət etdikləri heç bir məhkəmə işə ədalətli baxmaqla qanunun aliliyini təsdiqləyən qərar verməyib: «Apellyasiya Məhkəməsi qanunsuz mövqeyini əsaslandırmaq üçün bu günədək içərisində yaşadığım mənzillə bağlı hüquqi statusumu da dəyişib. Məni mülkiyyətçinin ailə üzvü statusundan kirayəçinin ailə üzvü statusuna keçirib. İllərdir yaşadığım mübahisəli mənzilin kommunal xərclərini ödədiyimi təsdiqləyən sübutlar da nəzərə alınmır. İndi isə deyirlər ki, anamızın əmlakı öz adına keçirməsindən 34 il ötdüyü üçün iddia müddəti ötmüş sayılır. Deyirlər vaxtında müraciət etməliymişik. Axı mən haradan bilərdim ki, notarius 4 vərəsə ola-ola mirasın təkcə anamın adına keçməsinə imkan yaradacaq? Baxın Azərbaycan məhkəmələrindəki ədalətsizliyə. Xarici ölkələrdə vətəndaşlar yeddi arxa dönənindən qalan mirasa sahib çıxdıqları halda, biz atamızdan qanunla bizə çatmalı olan mülkə mülkiyyət hüququnu əldə edə bilmirik». 

«Çalğan» Hüquq Firmasının direktoru Qurban Məmmədov da məhkəmə təcrübəsində ən çox hüquq pozuntularının vərəsəlik hüququnda mirasın qəbul olunması faktı ilə bağlı olduğunu söyləyir. Hüquqşunasın sözlərinə görə, Mülki Məcəllənin 1243 və 1246 maddələrinə əsasən, mirasın qəbulu qaydaları  nizama salınır: «Mirasın qəbulu həm qanun, həmçinin də vəsiyyət üzrə həyata keçirilir. Mirasın bir hüququ, birdəki faktiki qəbulu var. Mirasın hüququ qəbulu o deməkdir ki, miras qoyan öldükdən sonra üç, yaxud altı ay ərzində vərəsə notariat kontoruna onu qəbul etməsi barədə ərizə verməlidir. Faktiki qəbul dedikdə isə vərəsənin mirasın bir hissəsinə faktiki sahiblənməsi və ya onu faktiki idarə etməsi başa düşülür. Vərəsənin mirası faktiki idarə etməsi elə mirasın qəbulu kimi qiymətləndirilir. Amma təcrübə göstərir ki, əksər hallarda mirası faktiki idarə edən vərəsələr heç də qanunla onlara çatmalı əmlaka sahiblənə bilmirlər. Vərəsədən mirası idarə etdiyini təsdiqləyən müxtəlif sənədlər, şahid ifadələri və sair tələb olunur. Yaxud vərəsələrdən biri daha cəld tərpənərək, saxtakarlıq yolu ilə miras əmlakı hüquqi qəbul etməklə miras mülkdə yaşayan vərəsəni bayıra atır».

Notariuslar özlərinə sərf edən kimi işləyir 

Q. Məmmədovun sözlərinə görə, bu işdə notariat kontorları öz maraqları üçün digər vərəsələrin gizlədilməsinə şərait yaradır: “«Notariat Haqqında” Qanunun 55-ci maddəsinə görə, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin miras əmlakı siyahıya almalı, onu qorumalı, əmlak idarəçisini təyin etməli, vərəsələrin dairəsini müəyyənləşdirməlidir. Miras əmlaka başqa vərəsənin olub-olmadığını dəqiqləşdirmək üçün notarius ailə tərkibi haqqında forma2 saylı, mirasın həbsdə olub-olmadığını aydınlaşdırmaq üçün isə forma 1 arayışı tələb etməlidir. Əgər həmin sənədləri tələb etmədən, digər vərəsələrin olub-olmadığını aydınlaşdırmadan miras əmlakı vərəsələrdən yanız birinin adına keçirib şəhadətnamə verirsə, həmin şəhadətnamə qanun üzrə etibarsız sayılmalıdır. Amma məhkəmə çəkişmələri göstərir ki, əksər hallarda notariat kontorları qanunla üzərlərinə düşən işi yerinə yetirmirlər. Nəticədə miras əmlakla bağlı çoxsaylı mübahisələr yaranır».

Mirasın qəbulu imtina ilə əvəzlənməlidir

Q. Məmmədov vərəsəlik hüququnda yaranmış bukimi problemlərin kökündə mirasın qəbulu anlayışının durduğunu bildirir: «Miras əmlakının qəbul edilməsi ilə bağlı dünya hüquq sistemində iki yanaşma var. Bunlardan biri alman hüquq sistemindədir. Bu hüquq sistemində mirasdan imtina institutu formalaşıb. Alman qanunvericiliyində belə bir müddəa var ki, vərəsə notariusa yazılı müraciət edib mirasdan imtina etməyibsə, mirası qəbul etmiş sayılır. Ən sağlam və məntiqli hüquqi tələb də elə budur. Bizdə isə mirasın qəbul institutu var. Açıq-aşkar görünür ki, qanunu qəbul edəndə korrupsiya elementini elə onun bətninə yeridiblər. Çünki yaxşı bilirlər ki, vətəndaşların çoxu qanunu bilmədiyindən ata-anası vəfat edəndə notariusa bir ərizə yazaraq mirası qəbul etməyəcək. Bəzilərinin isə başı 40 gün itirdiyi valideyninin dəfn işlərinə, daha sonra onların yoxluğunun ağrı-acısını yaşamağa qarışdığından miras əmlakın qəbulu yada düşməyəcək. Nəticədə miras əmlakın qəbulu üçün tələb olunan müddət başa çatacaq. Bundan sonra isə vərəsə məhkəmə qapılarına düşüb miras əmlaka mülkiyyət hüququnu bərpa etməlidir. Bu isə vərəsəyə elə də asan başa gəlmir. Birdə görür ki, məhkəmələrdə  mübahisələndirdiyi mənzilin yarı qiyməti gedib. Mənim fikrimcə, bu problemi aradan qaldırmaq üçün vərəsəliklə bağlı qanunvericilikdə dəyişiklik olunmalıdır. Mirasın qəbulu, mirasdan imtina ilə əvəzlənməlidir. Bu notariat orqanlarında və məhkəmələrdə korrupsiyanın da qarşısını alar».

Vərəsələr məlumatlandırılmır

Milli Məclisin İnsan haqları komitəsinin üzvü, millət vəkili Fazil Mustafa da mirasın qəbulunun insanların hüquqlarını pozmağa şərait yaratdığını söyləyir. Millət vəkili deyir ki, “Notariat haqqında” Qanuna dəyişiklik etməklə, vərəsəliyin müəyyənləşdirilməsi, eləcə də miras əmlaka mülkiyyət hüququnun verilməsi qaydaları vətəndaşların xeyrinə asanlaşdırılmalıdır: «Düzdür vətəndaşlar nəyinsə notarial qaydada təsdiqlənməsinə maraq göstərmirlər. Amma etiraf etmək lazımdır ki, notariat sisteminin özü də vətəndaşlara xidmət edəcək istitqamətə yönəlməyib. Xaricdə notarius evlərə gəlib miras məsələlərini həll edir. Bizdə isə vəziyyət əksinədir. Notarius əksər hallarda üzərinə düşən vəzifələri belə icra etmir. Qanunla vərəsələrin dairəsini müəyyənləşdirmək, miras əmlakı qorumaq notariusun borcudur. Amma notarius bu zəruri hüquqi hərəkətləri etməyə, vərəsəni axtarıb tapmağa maraq belə göstərmir. Çünki notariuslara məsələnin mürəkkəbliyi xeyirlidir. Miras əmlakın qəbul olunması üçün tələb olunan müddət bitdikdə, vətəndaş işin məhkəməyə düşməməsi üçün notariusu «razı salmağa» məcbur olur. Yaxud da digər vərəsələri miras əmlakın açılması barədə məlumatlandırmadıqda, mülkün yalnız bir vərəsənin adına keçirilməsinə şərait yaradır». M

illət vəkili deyir ki, qanunla mirasın qəbulu insanların hüquq əldə etmə prosesini mürəkkəbləşdirir: «Ona görə də ya cəmiyyətdə bu istiqamətdə maarifləndirmə işi aparılmalıdır ya da “Notariat haqqında” Qanuna dəyişiklik etməklə vərəsələrin miras əmlakla bağlı məlumatlandırılmasının mexanizmləri açıq-aydın göstərilməlidir. Düzdür, hazırki «Notariat haqqında» Qanunda məlumatlandırılmanın forması göstərilib. Amma dəqiq mexanizmin necə olduğu açıqlanmayıb. Qeyd edilir ki, notarius mətbuatda elan verməklə vərəsəni çağıra bilər. Sual olunur ki, bu cür elanlar hansı KİV-də verilməlidir..? Ölkədə mindən çox qəzet və jurnal var. Bəlkə vərəsə elanın verildiyi qəzetin oxucusu deyil. Belə halda notariuslar «x» adlı qəzetdə elan verməklə vərəsənin mətbuat vasitəsilə çağırılması barədə üzərlərinə düşən vəzifəni icra etmiş hesab oluna bilməzlər. Məlumatlandırmanın mexanizmləri qanunla dəqiq göstərilməlidir».

Günah vətəndaşlardır?  

Ədliyyə Nazirliyi yanında Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini Mehman Sultanov isə mirasın qəbulu ilə bağlı yaranmış mübahisələrə notariat kontorlarının heç bir günahının olmadığını iddia edir. Rəis müavini bizimlə söhbətində bildirdi ki, problemlərin yaranmasının əsl günahkarı elə vətəndaşların özləridir: «Vətəndaşlar vaxtında gəlib miras əmlakı qəbul etmirlər. Mirasın qəbulu üçün müəyyən olunmuş müddət keçəndən bir neçə il sonra notariusa gəlib müraciət edirlər. Təbii ki, belə halda notarius həmin vərəsənin miras əmlaka mülkiyyət hüququnu tanımayacaq».

M.Sultanov qətiyyətlə bildirdi ki, notariat kontorlarının vərəsələrin dairəsinin müəyyənləşdirilməsi, mirasın açılması barədə vərəsələri məlumatlandırılmasında bir problem yoxdur. Onun sözlərinə görə, notarius miras əmlakın açıldığı barədə vərəsələri məktubla xəbərdar edir: «Sadəcə olaraq, vərəsələr səhlənkarlıq edərək miras əmlakı qəbul etmək istəmirlər. Hətta xarici ölkələrdə yaşayan vərəsələrin də mirasın açıldığından xəbərləri olur. Bu barədə onları notariuslarla yanaşı, yaxın qohum-əqrabaları da xəbərdar edir. Amma nədənsə vərəsələr miras əmlakı qanunla qəbul etməyə səy göstərmirlər».

M.Sultanov deyir ki, çox vaxt notariusun vərəsələrin dairəsini müəyyənləşdirməsinə ehtiyac qalmır: «Çünki mirası qəbul edən vərəsə ərizə blankındakı qrafada özündən başqa vərəsələrin olub-olmadığını yazılı şəkildə göstərir. Miras əmlakı qəbul edən vərəsə heç vaxt notariusa yalnış məlumat verə bilməz. Çünki yaxşı bilir ki, əgər digər vərəsələrin olduğunu gizlətsə, miras əmlaka verilən şəhadətnamə etibarsız hesab olunacaq».

Mirasın mühafizəsi institutu işləməlidir

 

Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının hakimi Əsəd Mirzəliyev isə vərəsəlik işi üzrə məhkəmə çəkişmələrinin mütləq əksəriyyətinin mirasın qəbulu ilə bağlı olduğunu söyləyir. Hakimin sözlərinə görə, mübahisələrin yaranmasına yol açan səbəblər müxtəlifdir: «Hazırki qanunvericiliyə görə, mirasın qəbulu iki qaydada aparılır. Vərəsə mirası hüququ yolla yanaşı, faktiki idarə etməklə də qəbul edə bilər. Amma təcrübə göstərir ki, mirası faktiki qəbul etmiş vərəsələr çox vaxt bunu təsdiq edə bilmirlər. Miras əmlakı faktiki idarə edən vərəsə miras mülkə qayğı göstərdiyini sübuta yetirməkdə çətinlik çəkir. Buna görə, şahid ifadələri, miras mülkə qayğı göstərdiyini təsdiqləyən sübutlar tələb olunur. Məhkəməyə həmin sübutları təqdim edə bilməyən vərəsələr çox vaxt onlara çatacaq paydan məhrum olunurlar. Digər problem isə vərəsələrin müəyyən olunmuş müddətə mirası qəbul etməməsi ilə əlaqadardır. Bəzən vərəsələrdən biri miras əmlakı vaxtında qəbul edərək, digər vərəsələri pay hüququndan məhrum edir. Bu cür hallar müxtəlif formada baş verir. Bir də görürsən ki, vərəsəlik şəhəadətnaməsi almaq üçün notariusa müraciət edən vərəsə digər vərəsələrin olduğunu gizlədir. Bu yolla da  təkbaşına mirasa sahiblənir. Əslində həmin şəxs ərizə blankdakı qrafada ondan başqa vərəsələri göstərməyə borcludur. Göstərməyibsə, həmin şəhadətnamə ləğv olunmalıdır. Bütün bu problemlərin yaranmasına yol açan səbəb isə bizdə mirasın mühafizəsi institutunun hələ formalaşmamasıdır. Əslində notarius miras əmlakı qorunmalıdır. Miras açıldığı gündən nortarius vərəsələri axtarmalıdır. Ola bilər ki, miras qoyanın qanun üzrə vərəsələrindən başqa vəsiyyət üzrə vərəsəsi də var. Bəllidir ki, vəsiyyətnamə sirr kimi saxlanılmalıdır. Digər tərəfdən isə qanun tələb edir ki, vərəsə mirası 6 ay müddətində qəbul etməlidir. Notarius vərəsəni axtarıb bu barədə məlumatlandırmalıdır ki, o, mirası qəbul etsin. Əks halda, miras qanun üzrə vərəsələrə çatır. Bu kimi problemlərin yaranmaması üçün notariuslar tərəfindən vərəsələrin məlumatlandırılması, miras əmlakın mühafizəsi institutu işləməlidir. Loru dildə desək, notarius vərəsələrə məlumat verməlidir ki, “bu gün gəlməlisiniz notariat kontoruna”. Bu institut formalaşsa, inanın ki, vərəsəliklə bağlı mübahisələr yarıbayarı azalar».

 

Birinci növ vərəsələrin payı müəyyən olunmalıdır

 

Hakim Əsəd Mirzəliyev vərəsəliklə bağlı mübahisələrin yaranmasına yol açan ən əsas səbəbə-mirasın qəbulu qaydalarına da dəyişiklik etməyin lazım gəldiyini söylədi: «Hazırki qanunvericiliklə mirası 6 ay müddətində qəbul etməyən şəxs vərəsə tanınmır. Müddəti ötürənlər onlara çatacaq payı əldə etmək üçün məhkəməyə müraciət etməlidirlər. Düşünürəm ki, bu ədalətli tələb deyil. Ən azından vəfat edən şəxsin birinci növbə vərəsələrinin payı müəyyən olunmalıdır. Onsuz da istəməyən öz payından imtina edəcək. Mənim fikrimcə, mirasın qəbulunu müddətlə məhdudlaşdırmaq düzgün deyil. Ümumiyyətlə mirasın qəbulunu tədricən ondan imtina ilə əvəzləmək lazımdır. Çünki bu həddindən çox mübahisələr yaradır». 

 

Zülfiyyə QULUYEVA

  

Yazı Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) “Vərəsəlik hüququ - Azərbaycanda: qanunvericilik və təcrübə” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir